Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Ədəbiyyatdan təlim materiallarının seçilməsinə dair düşüncələrim

 

Respublikamızda təhsil islahatı uğurla davam etdirilir. Əsas məqsəd dünya təhsil sisteminə inteqrasiya olunmaqdır. İslahat başqa sahələrdə olduğu kimi, təlimin məzmununda da dəqiqləşməni tələb edir. Hazırda bütün fənlər, o cümlədən ədəbiyyatdan kurikulum da işlənib hazırlanmış və təsdiq olunmuşdur.  Həmin sənəddə ədəbi şəxsiyyət, bədii əsər (mətn) adı çəkilmir. Milli məsləhətçilərlə fikir mübadiləsi aparmışıq. Aydın olur ki, kurikulum standarta əsaslanır, proqram olmur, materialı seçmək dərslik müəlifinin işidir.

Sual meydana çıxır: dərslik müəllifi təlim materialını nəyə əsasən seçməlidir? Ədəbiyyat üzrə təlim materialı müəyyənləşdirməyin nə qədər çətin və məsuliyyətli iş olduğu bizə məlumdur (uzun müddət ədəbiyyat proqramlarının tərtibçisi biz olmuşuq). Fikrimizcə, təcrübəli mütəxəssis tərəfindən proqram hazırlanmalı, layihə şəklində müzakirə edilərək təsdiq olunduqdan sonra dərslik yazacaq mütəxəssis onun əsasında dərslik işləməlidir. Bunların hər birinə verilən tələblər var ki, onlar nəzərə alınmalıdır.

Proqrama salınan ədəbi-bədii material formasından, həcmindən (böyük-kiçikliyindən) asılı olmayaraq, təlimi xarakter daşıyır, bilik verir və tərbiyəvi təsir göstərir. Cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatı heç bir xalqın ədəbiyyatı ilə müqayisəolunmaz dərəcədə qədim və zəngindir. Bu zənginlik özlüyündə qiymətli olsa da təlim materialı olaraq pedaqoji, psixoloji, ideya-estetik tələblər baxımından ciddi şəkildə nəzərdən keçirilməli, seçim aparılmalıdır. Fikrimizcə, ədəbi-bədii materiallar arasında ümumtəhsil məktəbləri üçün təlim məqsədilə material seçərkən aşağıdakılar prinsip kimi nəzərə alınmalıdır:

1. Ədəbiyyatdan ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərə yaradıcılığı tamamlanmış, şəxsiyyəti, sənəti ümumxalq və dövlət tərəfindən təqdir olunan ədəbi simaların əsərləri (yaxud, onlardan parçalar) salınmalıdır. Söz sənətkarının əsərdə təbliğ etdiyi ideya oxucunun, xüsusilə məktəblinin mənəvi dünyasına bu və ya digər cəhətdən tərbiyəvi təsir göstərdiyi kimi, şəxsiyyəti də nümunədir.

Ədəbi şəxsiyyət və onun yaratdığı bədii əsər xalqa, vətənə münasibət baxımından oxucu üçün iftixar mənbəyi olmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin hamının dillər əzbəri olan "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözləri yada düşür. Məktəbliyə elə ədəbiyyat, sənət nümunəsi tədqim edilməli, haqqında məlumat verilməlidir ki, şagirdlərdə  iftixar hissi yaratsın. Bəzi Azərbaycan söz sənətkarları haqqında deyilmiş fikirlərə nəzər salmaq olar:

Nizami Gəncəvinin özü qədər müqtədir olan söz sənətkarları Nizamini özləri üçün müəllim hesab etmiş və əsərlərini yüksək qiymətləndirmişlər. Məsələn, çox görkəmli özbək şairi Əlişir Nəvai Nizamini xatırlarkən yazır: 

...Bu meydanda sanma asandır durmaq,

Nizamiylə pəncə-pəncəyə vurmaq... 

Yaxud, ingilis şərqşünası Gibb M.Füzuli yaradıcılığını ümumiləşdirərək yazır ki, Füzuli sələflərinin getmədiyi, xələflərinin gedə bilmədiyi bir yolla gedərək zirvədə könül şairi kimi tək qalmışdır.

Yaxud da görkəmli rus yazıçısı A.Fadeyev Səməd Vurğun haqqında deyir: "Nə yaxşı ki, dünyada Səməd Vurğun var".

Başqa söz sənətkarlarımız haqqında da belə deyimlər çoxdur.

Fikrimizcə, milli iftixar hissini yaradan əsas amillərdən biri və başlıcası belə məlumatların, yeri gəldikcə, şagirdlərə çatdırılmasıdır. Bizcə, konkret obyekt, ədəbi şəxsiyyət adı çəkilmədən belə ədəbi faktların yada düşməsi ağlabatmazdır. M.Ə.Rəsulzadənin bir ümumiləşdirməsini oxuyanda, yaxud eşidəndə sevincdən riqqətə gəlməmək olmur: "Yunanlar dünyaya Homeri, farslar Firdovsini, italyanlar Vergilini vermişlərsə, biz də Nizamini vermişik".

Ədəbi şəxsiyyətin keçdiyi həyat yolu haqqında yeri gəldikcə belə deyimlərin səslənməsi şagirdləri həmin mənbəni tapıb oxumağa - mütaliəyə maraq oyadır, nəticə etibarilə həm bilik qazanır, həm də tərbiyə olunur.

2. Ədəbiyyatdan təlim materialı seçilərkən (istər proqram, istərsə də dərslik müəllifi tərəfindən) elmilik əsas prinsip kimi diqqət mərkəzində saxlanmalıdır.

Ədəbiyyatda elmiliyi bir neçə istiqamətdə anlamaq və şagirdlərə anlatmaq lazımdır:

a) Hər şeydən əvvəl, nəzəri cəhətdən ədəbiyyatı elmsiz təsəvvür etmək yolverilməzdir. Belə ki, ədəbiyyat da başqa elm sahələri kimi həyat hadisələrini əks etdirir, onların daxili mahiyyətini açır;

b) Bədii əsər söz sənəti olmaqla yanaşı, ayrı-ayrı elmlərə aid maraqlı məlumat verir. Bəzi faktları xatırlamaq lazım gəlir: Nizamidə "Maqnit olmasaydı eşqin əsiri, çəkməzdi özünə dəmir zənciri"; "Əvvəl vardı ancaq tək bir hərəkət, onu iki yerə ayırdı sürət..." (fizika);"Almazı qalay sındırar" (kimya);  Füzulidə "Füzuli, dəhrdən kam almaq olmaz, olmadan giryan, Sədəf su almayınca əbri-nisandan gövhər verməz" (biologiya); A.Şaiqdə: "Qızılquş yuvasını çox vaxt su kənarında, uca ağacların başında tikər. Balaları yumurtadan çıxan kimi ovladığı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalarına yedirər. Balaları bir qədər böyüdükdən sonra ovladığı quşu su kənarına aparar, tüklərini yolar, cəmdəyini suda təmiz yuduqdan sonra parçalayıb balalarının qabağına atar" (biologiya).

Bədii əsərlərdən gətirilən kiçik faktlardan aydın olur ki, söz sənətini elmdən təcrid olunmuş şəkildə anlamaq olmaz. Nümunələrdən verilmiş faktlar kiçik də olsa inteqrasiya yolu ilə elmi izah tələb edir.

Ümumtəhsil məktəblərinin ədəbiyyat tədrisində elmilik anlayışının ikinci istiqaməti ədəbiyyatşünaslıq anlayışlarının izahı ilə əlaqədardır. Nəzəri anlayışlar ayrı-ayrı siniflərdə bədii mətnlərlə əlaqədar pərakəndə şəkildə öyrədilsə də, çox mühüm idraki əhəmiyyətə malikdir. Şagirdlər həmin anlayışları bilmədən bədii əsəri sənət nümunəsi kimi dərk edə bilməzlər. Həm də nəzəri anlayışlar arasındakı məntiqi əlaqə diqqət mərkəzində saxlanmalıdır. Belə ki, ayrı-ayrı siniflərdə öyrədilən anlayışlar arasında məntiqi əlaqəni gözlədikdə bütöv, tam bir kurs yaranır (ayrı-ayrı anlayışlar arasında məntiqi əlaqə tədqiqata əsasən müəyyənləşdirilərək siniflər üzrə göstərilmişdir, mövcud proqramlarda bu nəzərə alınır).

3. Ədəbiyyatdan təlim materialı seçilərkən, ədəbi nümunə verilərkən onun tərbiyəvi təsiri ön plana çəkilməlidir. Bütövlükdə ədəbiyyatın tərbiyəvi təsirə malik olduğu hamıya aydındır. Tərbiyə anlayışı da çoxşaxəlidir. Əlbəttə, məktəblilərin şəxsiyyət kimi formalaşmaları istiqamətində yeri gəldikcə tərbiyənin bütün növləri barədə söhbət aparılmalı və şagirdlərin mənəvi aləminin keyfiyyətinə çevrilməlidir, xüsusilə vətənpərvərlik, milli zəmin, adət-ənənəyə, dini dəyərə əməl etmək, böyüyə hörmət və s. kimi mənəvi keyfiyyətləri təbliğ edən mətnlərə önəm vermək lazım gəlir.

Təlim materialı, şagirdlərə, hər şeydən əvvəl, vətənə məhəbbət tərbiyəsi aşılamalıdır. Azərbaycan ədəbiyyatı vətənpərvərlik hissinin bədii ifadəsi baxımından çox zəngindir. Fikir aydınlığı üçün bəzi ədəbi faktları xatırlamaq lazım gəlir: Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri bütövlükdə məhəbbət dastanıdır. Şirin Xosrovu dərin məhəbbətlə sevməsinə baxmayaraq, Xosrov vətənini düşməndən azad etməyincə onunla razılaşmır. Yaxud, "Yeddi gözəl" əsərinin qəhrəmanı Bəhram Gur vətəninə sahib çıxmaq üçün mübarizə aparır, iki şirin arasından tacı götürüb başına qoyur və ölkəsinə sahib çıxır.

Məhəmməd Füzuli Kərbəlada doğulduğu üçün "...sadə torpaqdırsa, Kərbəla torpağıdır" - deyə iftixar hissi keçirir. Abbas Səhhət vətənin müqəddəsliyini oxucuya anlatmaq üçün deyir:

 Vətəni sevməyən insan olmaz,

Olsa da ol şəxsdə vicdan olmaz. 

Tanınmış gürcü şairi G.Leonidzenin dediyi kimi, Azərbaycan poeziyasının duzu, yağı-balı hesab edilən Səməd Vurğunun "Azərbaycan" şeiri bütövlükdə vətənin - Azərbaycanın tərənnümünə həsr olunub. Belə ədəbi faktların sayını istənilən qədər artırmaq olar, lakin buna ehtiyac duyulmur. Ədəbiyyatımız belə vətənpərvərlik motivlərinin, milli dəyərlərinin bədii ifadəsi ilə zəngindir. Biz məktəbdə gənclərə belə ədəbi faktları çatdırmalı və onları bu ruhda tərbiyə etməliyik. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi sənətkarların yaradıcılıq nümunələrinin təlimdə maraq doğurduğunu məktəb təcrübəsi sübut edir.

4. Yaradıcılıq nümunəsi ümumtəhsil məktəblərində öyrədilən yazarların şəxsiyyəti, xalqa, dövlətə, dövlətçiliyə sədaqəti, əqidəsi, mənəvi keyfiyyətləri baxımından gəncliyə örnək olmalıdır.

 5. Onilliklərin təcrübəsindən aydın olur ki, ümumtəhsil məktəbinin pillələrində tədris proqramları prinsip baxımından fərqlənir. Ümumtəhsil pilləsində tematik prinsip, tam orta təhsil pilləsində tarixilik prinsipi əsas götürülmüşdür. Fikrimizcə, bu, yenə də əsas olmalıdır. Belə ki, ədəbiyyatın tarixi xalqın tarixidir, mədəniyyətin tarixidir. Orta məktəbi bitirən gənclərin xalqın tarixini, mədəniyyətini bilməsi zəruridir. Bir cəhəti də qeyd etmək lazımdır ki, ədəbiyyat tarixini eyni ilə orta məktəbə köçürmək qətiyyən olmaz. Bu, ciddi pedaqoji-psixoloji ustalıq tələb edən bir cəhətdir. Ədəbi simalar, bədii  materiallar elə seçilməlidir ki, ədəbi proses, ədəbi təsir kimi problemlər aydın olsun. Yəni, ədəbi simalar, bədii əsərlər arasında elə seçmə aparmaq lazımdır ki, nə şagirdlərin yüklənməsinə, nə də ədəbi prosesin, ədəbi təsirin itməsinə səbəb olmasın. Nümunə kimi bir  fakta  nəzər  salmaq  kifayətdir.  Füzulini  Nizamidən  ayıran təxminən 400 ildir. Bu 400 il arasında Nizami Füzuliyə dərs deyə  bilməzdi,  lakin  Füzuli  Nizamini özü üçün müəllim hesab edir.

Füzuli Nizamini özünün ustadı kimi hörmətlə xatırlayır  və "Leyli və Məcnun" mövzusunda əsər yazmağın çətinliyini etiraf edir. Bu, Nizami ədəbi məktəbinin təsir gücünü  göstərən faktdır. Belə çətin, mürəkkəb və pedaqoji-psixoloji baxımdan olduqca gərəkli problemi təkcə dərslik müəlliflərinin üzərinə qoymaq, fikrimizcə, düz olmaz.

Biz bir daha qeyd edirik ki, ümumtəhsil məktəbləri üçün ədəbi materiallar müəyyən prinsiplərə əsasən seçilib proqramlaşdırılmalı və onun əsasında dərslik yazılmalıdır.  

Şəmistan MİKAYILOV,
 pedaqogika üzrə elmlər doktoru, professor

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov