Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Naxçıvan Dövlət Universitetində sessiyanın qarşıya qoyduğu vəzifələr müzakirə olunmuşdur

 

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının yekunları və NDU qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

Yığıncağda universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məruzə edərək sessiyada 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələlərinin müzakirə olunması, 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilərin diqqətə çatdırılması barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki,  muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə bu sosial-iqtisadi inkişafdan universitet də kifayət qədər bəhrələnmiş, maddi-texniki bazanın gücləndirilməsi, universitetin müasir tədris avadanlıqları, informasiya-kommunikasiya texnologiyaları  vasitələri ilə təchiz olunması, təhsilin və tədrisin dünya standartları səviyyəsində qurulması, universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sessiyadakı proqram xarakterli məruzəsində elm və təhsilin inkişafı, savadlı, hərtərəfli dünyagörüşə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə təhsil ocaqlarında İKT-nin imkanlarından və interaktiv metodlardan istifadəyə üstünlük vermək, kompüter biliklərinin və xarici dillərin tədrisini diqqət mərkəzində saxlamaq kimi qarşıya qoyulan mühüm vəzifələrdən, təhsilin və tədrisin məzmun və keyfiyyətcə daha da yüksək səviyyədə qurulmasına nail olmaq  məqsədilə görüləcək işlərdən danışmışdır.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə universitetdə 2013-cü ilin birinci yarısında tədris sahəsində əldə olunan nailiyyətlərlə bağlı məruzə etmişdir. Məlumat verilmişdir ki, 2012-2013-cü tədris ilində universitetdə  təhsil alanların sayı 211 nəfər xarici vətəndaş da daxil olmaqla 4851 nəfər olmuşdur. 2012-2013-cü tədris ilində universitetin  bakalavr səviyyəsində 56, magistratura səviyyəsində isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanıb. 2013-cü ildə universitet məzunlarının sayı 1099 nəfər olmuşdur ki, onlardan 977 nəfəri bakalavr, 122 nəfəri isə magistr səviyyəsinə aiddir. 2013-cü tədris ilində Naxçıvan Dövlət Universitetinin bakalavriat səviyyəsində tədrisin kredit sistemi ilə təşkili qaydalarındakı islahatlar davam etdirilmişdir. Naxçıvan Dövlət Universitetində "Tədrisin kredit sisteminə uyğun qurulması qaydaları"na uyğun olaraq 2012-1013-cü tədris ilindən Boloniya prosesinin bütün tələbləri həyata keçirilmişdir. Tələbə və müəllimlərin mobilliyinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmiş, Koreyanın Kim-Çonq, Türkiyənin Ərzurum Atatürk Universiteti, Ərdahan Universiteti, Gürcüstanın Batumi Dövlət Universiteti, Litvanın Klaypeda Universiteti,Sosial Elmlər Kolleci, İspaniyanın Santyaqo De Kompostella universitetləri ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyinə start verilmişdir. Naxçıvan Dövlət Universiteti tələbə və müəllim mobilliyini gerçəkləşdirən Mövlana Mübadilə Proqramına qatılan Azərbaycanın ilk ali təhsil ocağı olmuşdur. Semestr imtahanlarının elektron vasitələrlə test üsulu ilə keçirilməsi, elektron test banklarının hazırlanması, proqramlaşdırma və qiymətləndirmə meyarlarını əhatə edən "Elektron təhsil" layihəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görülmüş, 2012-2013-cü tədris ilinin ikinci semestrində 269 semestr imtahanı, 46 dövlət imtahanı elektron qaydada keçirilmişdir. Boloniya prosesinin tələblərinə uyğun olaraq  2012-2013-cü tədris ilinin ikinci semestrində imtahanlardan kəsilən tələbələrin kredit borclarını ödəməsi məqsədilə yay məktəbi təşkil edilmiş, tədrisdə İKT-nin tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Bütün bunların nəticəsində Naxçıvan Dövlət Universitetində 2012-2013-cü ilin qış və yay imtahan sessiyasının  müvəffəqiyyət və keyfiyyət göstəriciləri ölkənin orta təhsil göstəricilərindən yüksək olmuşdur.

Yığıncaqda universitetin iqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə, memarlıq və mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, fəlsəfə və sosiologiya kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov, Universitet Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Yığıncağa universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov yekun vurmuşdur.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov