Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Aben Kərimov - 100

Şəxsiyyət ömrü yaşamış pedaqoq

 

Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mühüm və aparıcı daşıyıcılarından biri olmuş, müqtədir pedaqoq və məhsuldar tədqiqatçı, pedaqoji elmlər doktoru, professor Aben Kərimovun pedaqogika tarixi elmi sahəsində müstəsna xidmətləri olmuşdur. Onun məktəb, maarif və pedaqoji fikir tariximizdə gərgin və intensiv əməyi  bu günə kimi xalqımızın milli mənəvi dəyərlər sistemini öyrənməkdə zəngin bir ideya çeşməsidir.

XX əsrin məktəb və pedaqoji fikir tarixinin söz mücahidləri olan Əhməd Seyidovun, Mehdi Mehdizadənin və Mərdan Muradxanovun ideya-mənəvi irsinin layiqli davamçısı kimi professor Aben Nəsir oğlu Kərimovun (1913-1995) Azərbaycanda, həm də yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Onun yorulmaq bilmədən, heç bir təmənna gözləmədən, zərrə qədər minnət qoymadan bir neçə pedaqoqlar nəslinin yetişməsində qayğı göstərmək səyi biz müasir nəslin qəlbində uzunmüddətli bir xatirə kimi qalmışdır. Sənət peşəkarlığı, müəllim şərəfi, alim mövqeyindəki qabaqcıl tendensiyaları əxz etməsi, cəmiyyətdə müəllim statusu ilə bağlı elmi diaqnostikanın orijinal cəhətlərini ümumiləşdirmək manerası onun parlaq əməl yolunun ibrətamiz həyat nümunələri idi.

O, 1913-cü il avqustun 23-də Saatlı rayonundakı Molday kəndində anadan olmuşdur. Salyan rayonunda orta təhsilini başa vurmuşdur. 1929-cu ildə Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU-ya) daxil olmuş, 1934-cü ildə institutun fizika-riyaziyyat fakültəsini bitirmişdir.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda aspirantura təhsili almışdır. 1952-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən 1958-ci ilə kimi Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda direktor müavini olmuşdur. 1958-ci ildən 1973-cü ilə qədər APİ-də (indiki ADPU-da) dosent, 1973-cü ildən 1984-cü ilə qədər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (hazırkı Azərbaycan Dillər Universiteti) pedaqogika kafedrasına rəhbərlik etmişdir. 1973-cü ildə "Azərbaycanda əməyin və politexnizmin tarixinə dair oçerklər (XIX əsrin II, XX əsrin I yarısı)" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun "Şagirdlərin politexnik bacarıq və vərdişləri" (1957), "Uşaqların ailədə əmək tərbiyəsi" (1961), "Məktəblilərin izahlı politexnik lüğəti" (1967), "Politexnik təhsil və təlimin məhsuldar əməklə əlaqələndirilməsi" (1961) və s. kimi kitab və kitabçaları çap olunmuşdur. A.Kərimov 1964-cü ildə çap olunmuş "Pedaqogika", 1976-cı ildə işıq üzü görmüş "Pedaqogikaya giriş" adlı dərs vəsaitlərinin müəlliflərindən biridir. Ümumiyyətlə onun 170 çap vərəqi həcmində 50-yə yaxın əsəri çap olunmuşdur.

A.Kərimov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.

...Anadan olmasının 100 illiyi bu il qeyd olunacaq professor Aben Kərimovun söz və əməl vəhdəti ilə idarə olunan həssas qəlbi vardı. İnsanın məğlubedilməzliyinə, cəsarətliliyinə, hünər və comərdliyinə çoxlarından fərqli olaraq o, həyati düşüncə kredosundan baxır, yetişdirmələrinin tədris bacarıqlarına və elmi idrak axtarışlarına dərin məna verirdi. Xüsusən, elmin mənəviyyata, yaxşı insan olmağa səfərbəredici praktikasından bütün məsuliyyətlə səmərəli istifadənin imkan və yolların elmi axtarışlar sorağı ilə, yüksək keyfiyyətdə təsdiqləyən ideyalar müəllifi olaraq, bu sahədə hər bir xırdalığa zərgər dəqiqliyi ilə qiymət verirdi.

Onun pedaqogika və pedaqogika tarixi qaynaqlarına aid informativ məlumatları dərin ümumiləşdirmək bacarığı, tədqiqatlarda müqayisəli təhlil aparmaq qüdrəti, əməyin elmi təşkili üçün pilot axtarışlar səviyyəsində dərk olunan aydın idrak yolu, əməli səyi bu gün də gənc tədqiqatçılara örnək olaraq qalır.

Aben Kərimovun 82 illik mənalı həyatının hər bir qəlbdə öz sağlığında buraxdığı xoş xatirələr olmuş, elmdə, ədəbiyyatda, incəsənətdə özünün parlaq istedadı, biliyi və bacarığı, elmi, pedaqoji, ictimai fəaliyyəti ilə silinməz iz buraxması, öz sahəsində kamil mütəxəssislər nəsli hazırlaması, cəmiyyətimizin tərəqqisinə güclü təkan verməsi kimi təcrübi fəaliyyət istiqamətlərində fəal iştirak etməsi söylədiklərimizin aydın ifadəsidir.

Aben Kərimov sadə insan idi. Ailəcanlı olması, övladlarına, nəvə və nəticələrinə, qohum-əqrabaya yararlı ağsaqqal "yardımı" ətrafdakılara, onu sevənlərə məlhəmlik gətirər, çoxları onun kimi valideyn, ailə tərbiyəçisi olmağa çalışardı. Onun alimliyi şəxsiyyət yetkinliyi ilə vəhdət təşkil edirdi.

Elmin, maarifin çiçəklənməsi yolunda fədakar nəsil yetişdirməyin dərin sosial mündəricəsini açıqlayan professorla təsadüf elə gətirib ki, mən də rastlaşmış, onunla ünsiyyət məqamlarını özüm üçün dərin bir məktəb, maraqlı həyat və yaradıcılıq mənbəyi hesab etmişəm.

Unutmaram... 1989-cu ilin qış fəsli idi. Respublikada milli-azadlıq hərəkatının, müstəqillik məşəlinin alovlandığı günlər idi. Tədqiq etdiyim namizədlik dissertasiyamın konkret adı o dövr üçün bir az yatımlı səslənmirdi. Əgər belə demək mümkünsə. Yəni, "XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına mütərəqqi rus pedaqoji ideyalarının təsiri" adlı dissertasiyama opponentlik etmək bu radikal seçim mövqeyi olan alimə həvalə olunmuşdu. Müdafiə ərəfəsində ondan fərqli münasibət gözləyirdim. Doğmalarımın, əzizlərimin əhatəsində qabaqcadan cəsarətli çıxış mətni də hazırlamışdım. Lakin "sovet alimi"nin mənim tədqiqatımda milli və ümumbəşəri dəyərlər sisteminə toxunmağımı təşəkkül tapan "Milli pedaqogika" üçün yeni perspektiv açacağı" nitqini eşidəndə, bu insanın şəffaf, heç bir ideoloji təsirdən, siyasi səbatsızlıqdan vahimələnməyən məfkurəsinə heyran oldum. Elmə, metodoloji prinsiplərə yalnız effektiv yanaşma, obyektiv dəyər prizmasından yanaşmağı bacaran opponentin ən çox da tədqiqatımı "Azərbaycan xalqının ictimai fikir tarixi üçün əhəmiyyəti böyükdür" qənaəti ilə tamamlaması məni sanki mənəvi qələbə zirvəsinə ucaltdı.

Ölümündən sonra alimin təkcə bizim üçün yaradıcı ömründən qalan əsərləri deyil, həm də onun odlu məhəbbətlə sevdiyi, nəciblik və ləyaqətlə dolu qədir-urvatlı ailəsi də bu gün bizim müasirlərimizdir. Onun həyat və yaradıcılıq yolunu vərəqlədikcə yəqin edirsən ki, aidiyyəti qurumlar, öz dövründə onun əməyinə layiqli dəyər vermiş, veteranlığını, müharibə çətirindən çıxdığını, coşqun bir həyata çətin, ağır sınaqlardan keçib gəldiyini lazımi səviyyədə qiymətləndirmişlər.

Eyni zamanda, bu gün aramızda bizimlə olmayan, lakin xatirələrimizdə çox iradəli, daim üzügülər, dedikcə sadə bir insan kimi qalan vətən övladını hər gün yada salıb, 100 illiyi ərəfəsində elmi-pedaqoji ictimaiyyətə təqdim etməyimiz güman edirəm ki, onun yaradıcılıq irsinə yenidən baxmağı zəruri edir.  

Vidadi BƏŞİROV,
Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov