Hörmətli
həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün
soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə
ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil
olması ilə əlamətdardır. İnsanlar arasında birlik,
bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı
təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah
qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti
qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs
üzərində qələbə sevincini yaşayırlar.
Tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi
tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə
hörmət həmişə qorunub saxlanmışdır. Respublikamızda
vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri
ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun
olaraq təmin edilmiş, müstəqillik illərində milli-mənəvi
dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks
tədbirlər həyata keçirilmişdir. Məmnuniyyətlə qeyd etmək
istəyirəm ki, islam mədəniyyətinin nadir incilərindən
olan tarixi-dini abidələrimizin əsaslı şəkildə yenidən
qurulması sahəsində işlər davamlı xarakter almışdır. Bu
il Cənubi Qafqazın ilk müsəlman məbədi - Şamaxı Cümə
məscidi bərpa edilərək dindarların istifadəsinə
verilmişdir.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran
mübarək Ramazan ayı artıq başa çatır. Orucluğun
sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram
sevincini səmimiyyətlə bölüşür, xalqımızın və
dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər
edilir, şəhidlərimizin xatirəsi minnətdarlıqla yad
olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə humanizmin, qardaşlıq və həmrəylik
duyğularının təntənəsinə çevrilən Ramazan ayını hər il
olduğu kimi, bu il də böyük qürur və məmnunluq hissi ilə
yola salırıq. Bu əziz bayram günlərində bir daha bütün
xeyirxah dua və diləklərinizlə həmrəy olduğumu bildirir,
ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət
arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2013-cü il |