Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Yunanıstanda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən Yay Olimpiya Məktəbinin açılış mərasimi olmuşdur

 

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının (BOA) birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.

Avqustun 4-də Qədim Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında (BOA) məktəbin açılış mərasimi keçirilmişdir.

Əvvəlcə Olimpiya himni səsləndirilmişdir.

BOA-nın direktoru Dionissis Gangas və BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis iştirakçıları salamlamışlar. Akademiyanın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verən natiqlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirmişlər.

Bildirmişlər ki, Azərbaycanda olimpiya hərəkatı inkişafdadır. İdmançılar olimpiya oyunlarında uğurlu nəticələr əldə etmişlər. Bunun üçün Azərbaycanda lazımi infrastruktur mövcuddur. Bütün bunlar da ölkədə idmana göstərilən dövlət qayğısının nümunəsidir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və yüksək qonaqpərvərliyə görə BOA-nın rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Sonra qədim Olimpiya Oyunları və BOA-nın fəaliyyətindən bəhs olunan videoçarx nümayiş olunmuşdur.

BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis "1961-2013: Beynəlxalq Olimpiya Akademiyasının tarixi" və BOA-nın arxeoloqu Vassiliki Tzaçrista "Qədim olimpiya oyunlarının tarixi" mövzularında məruzələrlə çıxış etmişlər.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.

İştirakçılar BOA-nın yaxınlığında müasir Olimpiya Oyunlarının keçirilməsində mühüm rol oynamış fransalı pedaqoq Baron Pyer de Kubertenin şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.

Fransalı pedaqoqun ürəyi məhz bu abidənin altında dəfn edilmişdir. Mərasimdə abidə önünə əklil qoyulmuş və Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Əhmədov BOA-nın direktoruna xatirə hədiyyələrini təqdim etmişdir.

BOA-nın tikilməsində böyük xidmətləri olmuş alman və yunanıstanlı mühəndislərin şərəfinə ucaldılmış abidə də ziyarət olunmuşdur.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov