M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının və Qafqaz Universitetinin kimya və neft-kimya
mühəndisliyi fakültələrinin tələbələri və qrup
rəhbərləri Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində
olmuşlar.
Qafqaz Universitetindən verilən məlumata görə, birliyin
layihələr və perspektiv inkişaf şöbəsində keçirilən
görüşdə tələbələrə "Azərikimya" İstehsalat Birliyi və
onun tabeliyində olan istehsalat sahələri haqqında
videosüjetlər və slaydlar vasitəsi ilə məlumat
verilmişdir. Tələbələrə həmçinin Sumqayıt Kimya Sənaye
Parkı və oradakı mövcud istehsalat sahələrində istehsal
olunan məhsullar haqqında danışılmışdır.
"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar
Babayev Azərbaycan neft-kimya sənayesinin mövcud
vəziyyəti barədə danışmış, tələbələrin suallarını
cavablandırmışdır.
Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının və Qafqaz
Universitetinin tələbələri "Azərikimya" İB-nin
istehsalat sahələrində avqustun sonunadək təcrübə
keçəcəklər.
Y.ƏLİYEV |