Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da
Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin
binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı
vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin
əsaslı şəkildə yenidən qurulması, yeni məktəb və uşaq
bağçaları binalarının inşası uğurla həyata keçirilir.
Yeni dərs ili ərəfəsində respublikanın hər yerində
olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə
orta məktəb binaları yüksək standartlara uyğun şəkildə
yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir,
təhsil müəssisələrinin ərazilərində abadlıq işləri
həyata keçirilir, yaşıllıq zolaqları salınır.
Prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135
nömrəli orta məktəbin binasının əsaslı təmir və
yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki
vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.
Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat
verdi. Bildirildi ki, 1970-ci ildə istifadəyə verilən
məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və
yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə
həyata keçirilmişdir. Məktəbin elektrik və kommunikasiya
xətləri yeniləri ilə əvəz olunmuş, müasir istilik
sistemi quraşdırılmışdır. 1020 şagird yerlik məktəbin
bütün sinif otaqları, idman və iclas zalları,
yeməkxanası tam təmir olunmuş, həyətdəki açıq idman
meydançası əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəbdə
dərslər bir növbədə aparılacaqdır.
Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə
həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə
tanış oldu. Burada görülən işlər barədə dövlətimizin
başçısına məlumat verildi. Məktəbin 1969-cu ildə
istifadəyə verildiyi qeyd olundu. Bildirildi ki, 1020
şagird yerlik bu orta məktəbin 41 sinif otağı vardır.
Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları,
fənn kabinetləri, idman və iclas zalları yüksək
standartlar səviyyəsində təmir edilmişdir. Məktəbin işıq
və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.
Dövlətimizin başçısı sinif otaqlarına, ayrı-ayrı fənn
kabinetlərinə baxdı, idman və iclas zallarında yaradılan
şəraitlə yaxından tanış oldu.
Məktəbin həyətindəki açıq idman meydançası da yenidən
qurulmuşdur. Bu təhsil ocağının ərazisində də abadlıq və
quruculuq işləri həyata keçirilmişdir.
AzərTAc |