Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Qubada şahmat üzrə məktəblilər arasında respublika çempionatına yekun vurulmuşdur

 

27 avqust - 5 sentyabr tarixlərində Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbində məktəblilər arasında şahmat üzrə respublika çempionatı keçirilmişdir.

Çempionat ayrı-ayrılıqda olmaqla oğlanlar və qızlar arasında 6 yaş qrupu üzrə təşkil olunmuşdur.

Yarışda ümumilikdə respublikamızın şəhər və rayonlarından 47 komanda tərkibində 268 məktəbli iştirak etmişdir.

Çempionatın açılış mərasimində çıxış edən "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, Milli Olimpiya Komitəsinin məsul işçisi "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov, Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.

Qeyd edilmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman və təhsildə də böyük irəliləyişlər var. Hər il onlarla Avropa və dünya miqyaslı birincilik, çempionat və beynəlxalq turnirlər məhz Azərbaycanda keçirilir. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Şahmat idman növü də sürətlə inkişaf edir. Hazırda respublikamızda 66 Uşaq-Gənclər Şahmat Məktəbi fəaliyyət göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı haqqında Dövlət Proqramı" imzalamışdır. Bu yarışın keçirilməsi elə məhz  bu proqramın yerinə yetirilməsinin bir nümunəsidir. Sonra qeyd olunmuşdur ki, təkcə bu ilin 8 ayı ərzində məktəbli şahmatçılarımız yaş qrupları üzrə Serbiyanın Novi Sad  şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında 3 qızıl, 4 gümüş, 1 bürünc medal, Yunanıstanın Porto Karras şəhərində keçirilən məktəblilər arasında dünya çempionatında 1 qızıl, 2 gümüş, 1 bürünc medal, Gürcüstanın Ureki şəhərində keçirilən yeniyetmələrin Avropa kuboku yarışlarında isə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışlar.

Daha sonra yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Qüdrət İsmayılov yarışın keçirilmə qaydaları haqqında məlumat vermişdir.

9 turdan ibarət olan yarışda yaş qrupları üzrə qaliblər müəyyən olunmuşdur.

6 yaşadək qrupda: oğlanlar arasında, Əli Züqanov (Bakı) I, Səid Bəkirov (Bakı) II, Ayxan Cabbarlı (Ucar) III, qızlar arasında,  Lalə Budaqova (Gəncə) I, Aysel Səlimova (Mingəçevir) II, Nurtac Heydərli (Bakı) III, 8 yaşadək qrupda oğlanlar arasında, Aydın Süleymanlı (Bakı) I, Mətin Salamov (Bakı) II, Xəzər Babazadə  (Biləsuvar) III, qızlar arasında, Pikəxanım Behbudova (Quba) I, Mehin Taba-Tabai (Bakı) II, Nəzrin Həsənova (Bakı) III, 10 yaşadək qrupda, oğlanlar arasında,  Məhəmməd Muradlı (Bakı) I, Məhəmməd İsmayılov (Bakı) II, Mətin Mürsəlli (Bakı) III, qızlar arasında, Gövhər Beydullayeva (Bakı) I, Zeynəb İsmayılzadə (Mingəçevir) II, Şəhla Əzizova (Sumqayıt) III, 12 yaşadək qrupda oğlanlar arasında,  Andrey Mustafin (Bakı) I, Murad İbrahimli (Sumqayıt) II, Sadiq Ağayev (Bakı) III, qızlar arasında Nigar Mustafazadə (Bakı) I, Leyla İbrahimli (Bakı) II, Aytac Heydərova (Bakı) III, 14 yaşadək qrupda oğlanlar arasında, Niyazi Nağdıyev (Bakı) I, Şəhriyar İsgəndərov (Quba) II, Oğuz Abışlı (Bakı) III, qızlar arasında, Türkan Abdullayeva (Gəncə) I, Nərmin Kərimzadə (Bakı) II, Xavər Kazımlı (Şirvan) III, 16 yaşadək qrupda oğlanlar arasında, Elxan Bayramov (Bakı) I, Elvin Bayramov (Quba) II, Zaur Bayramov (Sumqayıt) III, qızlar arasında, Aytən Əmrayeva (Bakı) I, Məğrurə İmanlı (Bakı) II, Şölə Məmmədova (Şabran) III yerləri tutmuşlar.

Əsasnaməyə uyğun olaraq I yeri tutanlar məktəblilər arasında dünya  çempionatına, II yeri tutanlar isə Avropa çempionatına vəsiqə qazanırlar.

Qaliblər  "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və Quba Rayon Təhsil Şöbəsinin kubok və hədiyyələri ilə mükafatlandırılmışlar. 

İbrahim MƏMMƏDOV,
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov