Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Bu il "Gənc istedadlar" liseyini bitirən bütün məzunlar tələbə adını qazanmışlar

 

Sentyabrın 16-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, liseyin müəllim-şagird kollektivi, KİV nümayəndələri və valideynlər iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edərək liseyin qazandığı uğurlardan söz açmışdır. Rektor liseyin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bir çox uğurlar qazandığını və liseyi bitirmiş məzunların hamısının ali məktəblərə daxil olduqlarını, bununla da BDU-nun adına böyük şərəf gətirdiklərini söyləmişdir. Liseyi bu il bitirən 39 məzunun hamısının nüfuzlu ali məktəblərə qəbul olunduğu və onlardan 12 nəfərinin 600-dən, 24 nəfərinin isə 500-dən çox bal topladığı, məzunlardan 7 nəfərinin isə qızıl medala layiq görüldüyü diqqətə çatdırılmışdır. A.Məhərrəmov "Gənc istedadlar" liseyinin 2012/2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olduğunu qeyd etmişdir. Rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də yaxşı oxuyacağına, universitetə şərəf gətirəcəyinə ümid etdiyini bildirmişdir.

Tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Liseyin əldə etdiyi nailiyyətlərdən söz açan Q.Hüseynov qeyd etmişdir ki, şagirdlər fənn olimpiadalarının şəhər və respublika turlarında, müxtəlif müsabiqə və yarışlarda, beynəlxalq olimpiadalarda liseyin adını şərəflə qoruyaraq bir çox uğurlara imza atmışlar. Belə ki, liseyin şagirdi Sona Quluzadə 2012-ci ildə Qazaxıstanın Astana, 2013-cü ildə isə Özbəkistanın Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medallara sahib olmuşdur. Uğurunu davam etdirən S.Quluzadə bu ilin iyul ayında Rusiyanın Moskva şəhərində keçirilən Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında da müvəffəqiyyətlə çıxış edərək bürünc medal qazanmışdır. Bundan başqa, liseyin 3 şagirdi 2013-cü ilin may ayında ABŞ-ın Arizona ştatında keçirilən "Sabahın alimləri" beynəlxalq müsabiqədə respublikamızı təmsil etmişdir. Liseyin məzunlarının dünyanın bir çox nüfuzlu universitetlərində, o cümlədən 2 nəfərin Kanadanın Vaterloo Universitetində, 3 nəfərin Rusiyanın, 8 nəfərin isə Türkiyənin müxtəlif universitetlərində təhsil aldığı nəzərə çatdırılmışdır. Liseydə bir çox tədbirlərin keçirildiyini deyən professor qeyd etmişdir ki, şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək, onlarda elmə həvəs yaratmaq məqsədilə 2013-cü ilin aprel ayında liseyin bazasında istedadlı şagirdlərin respublika elmi konfransı keçirilmişdir.

Valideynlərdən Lamiyə Rəhimova tədbirdə çıxış edərək 5-ci sinfə yüksək balla qəbul olmuş  övladının bu liseydə təhsil alacağından fərəh hissi keçirdiyini və belə bir təhsil müəssisəsinin yaradılmasında təşəbbüs göstərmiş akademik Abel Məhərrəmova minnətdarlığını bildirmişdir.

Tədbirdə şagirdlərin ifasında şeirilər səslənmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov