Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Qafqaz Universitetinə qəbul olunmuş tələbələrdən 19 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür

 

2013-2014-cü tədris  ili üzrə Qafqaz Universitetinə 1030 nəfər tələbə  qəbul olunmuşdur. Onlardan 775-i  bakalavr, 255 nəfəri isə magistratura pillələrində təhsil alacaq. Bu barədə  sentyabrın 16-da Qafqaz Universitetində yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə keçirilən ənənəvi toplantıda məlumat verilmişdir. Tədbirdə Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr və  ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan  Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç  ali məktəbin professor-müəllim heyətini və tələbələrini  yenu dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə  təbrik etmişdir. Qafqaz Universitetinin ulu öndər Heydər Əliyevin  xeyir-duası ilə yaradıldığını xatırladan  A.Saniç ümummilli liderin hər zaman təhsilə  xüsusi önəm verdiyini, onun ideyalarının  Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən  uğurla həyata keçirildiyini bildirmişdir.

Universitetin uğurlarından söz açan professor A.Saniç bakalavr pilləsinə qəbul edilmiş tələbələrdən  185-nin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600-dən  çox bal topladığını, 19-nun  Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu tədris ili üçün  ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında maksimum-700 bal toplayan 6 nəfərdən biri-Flora Qafarova və ikinci ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən  Kənan Səfərli ali təhsil almaq üçün  Qafqaz Universitetini seçmişlər.

Qafqaz Universitetinin beynəlxalq əlaqələrinin  ilbəil genişləndiyini vurğulayan rektor tələbələrin beynəlxalq olimpiadalarda,  bilik yarışlarında  qazandıqları yüksək nailiyyətlərdən də bəhs etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi təhsil şurasının sədri Ənvər Özərən, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə müasir dünyada  təhsilin mühüm rolundan söz açmış, müəllim və tələbələrə uğurlar arzulamışlar. Sonda  qəbul imtahanlarında yüksək bal toplayaraq universitetə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim edilmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov