Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

"Tərəqqi" liseyində birincilərin ilk bayramı

 

Ölkəmizin tanınmış ümumtəhsil müəssisələrindən olan Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseyin birinci siniflərinə yeni dərs ilində 100 uşaq qəbul olunmuşdur. Sentyabrın 16-da bu təhsil ocağında keçirilən ənənəvi Bilik Günü yenicə başladıqları məktəb həyatında onların ilk bayramı olmuşdur.

Bayram şənliyi Azərbaycanın Dövlət himninin ifası və Dövlət bayrağının təntənəli şəkildə meydana gətirilməsi və qaldırılması ilə başlanmışdır. Toplantını açıq elan edən aparıcı öncə yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə iştirakçıları, xüsusən də bu günü hamıdan daha çox intizarla gözləyən birinciləri təbrik etmiş, onların valideynlərinə gözaydınlığı vermişdir. V "A" sinfinin şagirdləri həzin musiqi sədaları altında ifa etdikləri valsla elə ilk dəqiqələrdən şənliyi canlandırmışlar.

Bayram tədbirinin ssenarisi Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin V-XI siniflərində ilk dərslərin  "Mənim vətənim - doğma yurdum" mövzusuna həsr olunması barədəki əmrinə uyğun olaraq vətənpərvərlik ruhunda hazırlanmışdı. Yeri gəlmişkən qeyd edək ki, liseydə nazirliyin həmin əmrinin icrasını təmin etmək məqsədi ilə xüsusi əmr də imzalanmış, tədbirlər müəyyənləşdirilmişdir. Bayram tədbirində elə dərs ilinin ilk günündən şagirdlərin vətənpərvərlik hisslərini gücləndirmək üçün ölkəmizin son illər əldə etdiyi uğurlardan, müstəqilliyimizin memarı olan ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, ləyaqətli ömür yaşamış bu dahi şəxsiyyət və görkəmli dövlət xadiminin iradəsi, yorulmaz səyləri nəticəsində Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoymasından və hazırda ulu öndərimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləməsindən söz açılmışdır. İqtisadiyyatımızın yüksək inkişaf tempini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, təhsil, idman sahələrindəki uğurlarımızı əks etdirən konkret fakt və rəqəmlər diqqətə çatdırılmış, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunmuşdur.

Aparıcı istedadlı şagirdlərin təqdim etdikləri ayrı-ayrı şeir, mahnı, rəqs nömrələri ilə müşayiət olunan çıxışında habelə liseyin ötən dərs ilində əldə etdiyi uğurlar barədə də toplantı iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2012-2013-cü dərs ilində liseydən məzun olmuş 62 gəncin 54-ü ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 49-u tələbə adını qazanmışdır. Qəbul faizi 90 olmuşdur.

Məzunlardan Nigar Fərhadlı qəbul imtahanında 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür. Daha iki nəfər 600-dən yüksək,  4 nəfər  isə 500-dən çox bal toplamışdır. Məktəbin 7 məzunu xarici ölkələrin, o cümlədən 1 nəfər Ukraynanın, 3 nəfər Türkiyənin, 1 nəfər Almaniyanın, 1 nəfər Böyük Britaniyanın və 1 nəfər də Rusiyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.

Bayram tədbirində çıxış edən liseyin direktoru, respublikanın əməkdar müəllimi Məhbubə Məmmədova yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə şagirdləri və pedaqoji kollektiv üzvlərini təbrik etmiş, yeni dərs ilində şagirdlərə daha səylə oxumağı, vətənpərvər ruhda böyüməyi, müəllimlərə isə daha məsuliyyətlə çalışmağı, ölkəmizin gələcək inkişafı, xalqımızın rifah halının yüksəldilməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentini hər zaman dəstəkləyən vətənpərvər gənc nəsil yetişdirməyi tövsiyə etmişdir.

Ölkəmizdə gənclərə, təhsilə və təhsil işçilərinə böyük diqqət və qayğı göstərildiyini qeyd edən M.Məmmədova bu günlərdə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə təhsil işçilərinin əməkhaqqının və tələbələrin təqaüdlərinin artırılmasını, eləcə də Prezidentin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyaların və yaradıcı təşəbbüslərin reallaşdırılmasına yönəlmiş layihələri uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı bu ilin martında imzaladığı sərəncamı göstərilən diqqət və qayğının bariz təzahürü kimi dəyərləndirmişdir. Direktor Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsilimizin inkişafı naminə gördüyü işləri, o cümlədən Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmişdir. Göstərdikləri bu yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya liseyin kollektivi adından minnətdarlıq bildirilmişdir.

Direktor təbrik çıxışında  son dövrlərdə  ölkəmizin təhsil sistemində baş verən yeniliklərə də toxunmuş, yüksək intellektli, işgüzar, qətiyyətli gənclərin Təhsil Nazirliyində rəhbər vəzifələrə irəli çəkilməsinə sevindiklərini bildirmişdir. Məktəb rəhbərləri qarşısında qoyulan yeni tələblərin onların, eləcə də pedaqoji kollektiv üzvlərinin məsuliyyətini artırdığını söyləyən direktor son günlər atılan bir sıra humanist addımlara, xüsusən də orta məktəb məzunlarına attestatların verilməsi, 6 yaşı tamam olmamış xüsusi istedadlı uşaqların məktəblərə qəbulu üzrə yeni qaydaların tətbiqinə görə Təhsil  Nazirliyinə liseylərinin müəllim, şagird kollektivləri və valideynləri adından minnətdarlığını bildirmişdir.

Çıxışının sonunda M.Məmmədova dərsə davamiyyət, nizam-intizam, məktəbli forması ilə bağlı valideynlərə və şagirdlərə, xüsusən də XI sinif şagirdlərinə tövsiyə və tapşırıqlarını vermişdir.

Bayram mərasimində liseyin pedaqoji kollektiv üzvlərinin qarşıdan gələn prezident seçkilərində ölkəmizi böyük inamla yeni qələbələrə aparan Prezident İlham Əliyevi dəstəkləyəcəkləri fikri ifadə olunmuşdur. Sonra ilk zəng çalınmış və şagirdlər siniflərdə öz yerlərini tutmuşlar. "Mənim Vətənim - doğma yurdum" mövzusunda ilk dərslər liseydə uğurla keçmişdir. Tədbirdə valideynlər, liseyin keçmiş məzunları iştirak etmişlər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov