Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

"Mənim Vətənim - doğma yurdum" mövzusunda ilk dərs keçirilmişdir

 

Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 76 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bilik Günündə keçirilən təntənəli açılış mərasimində rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Məktəbin direktoru Tehranə Tağıyeva tədbiri açaraq qonaqları salamlamışdır.  Kollektivin yeni tədris ilinə tam hazır  olduğunu bildirən məktəbin direktoru  2013-2014-cü tədris ilində şagirdlərin əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə təhsil alacaqlarını sevindirici hal kimi dəyərləndirmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə Azərbaycanın təhsil sistemində həyata keçirilən çox əhəmiyyətli islahatlardan söz açmış, bu illər ərzində yaradılmış möhkəm bazanın təhsilin inkişafına xidmət etdiyini  söyləmişdir. O,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

Qeyd olunmuşdur ki, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı, Heydər Əliyev Fondunun prezidenti,  YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

Bildirilmişdir ki, ötən tədris ilində Suraxanı rayonu ərazisində yerləşən təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilər  bir sıra nailiyyətlər qazanmışlar. 2012-2013-cü tədris ilində rayonun 34 orta ümumtəhsil məktəbini və xarici dillər təmayüllü gimnaziyanı 1899 şagird bitirmiş, onlardan   992 nəfəri tələbə adını qazanmışdır.  49 nəfər 600-dən yuxarı bal toplamış,  beş məzun isə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Sonra ilk zəng çalınmışdır. Rayonun bütün məktəblərinin V-XI siniflərində vətənpərvərlik mövzusunda "Mənim Vətənim - doğma yurdum" adlı ilk dərs keçilmişdir. Şagirdlərə son illərdə ölkəmizdə, şəhərimizdə, eləcə də Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, o cümlədən dövlət tərəfindən  Azərbaycan təhsilinə göstərilən diqqət və qayğı ilə bağlı ətraflı məlumat verilmiş, bu uğurlardan bəhs edən xüsusi kitab hədiyyə edilmişdir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov