Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Kövrək duyğuların qanadında

 

Sentyabrın 16-sı - yeni tədris ilinin başlandığı gün Bakı şəhərindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə də qələbəlik idi. Bu gün hamıdan çox sevinən isə məktəbə ilk addımlarını atan körpələr, onların valideynləri idi. Axı dəcəl uşaqlıq vərdişlərini arxada qoyaraq elmin sirlərinə yiyələnmək üçün təhsil ocaqlarına üz tutan şagirdləri sevimli, mehriban sinif müəllimləri gözləyirdi. Məktəbin 1 "B" sinif müəllimi Zəhra Abbasovanın ilk dərsində olduq. Onun peşəkarlığı və uşaqlarla səbrlə davranmağı diqqətimizi cəlb etdi. Öyrəndik ki, Zəhra müəllim 30 ildən artıqdır sevib-seçdiyi sənətinə bağlanıb, 20 ildir 72 nömrəli məktəb-liseydə çalışır.

Uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edən sinif müəllimi bildirdi ki, dövlətimiz bu gün təhsilin inkişafına hərtərəfli qayğı göstərir. Yeni dərs ilində məktəbin ibtidai siniflər olan korpusu əsaslı təmir edilmişdir. Sinif otaqları müxtəlif inventarlarla təchiz olunmuşdur. Məktəbimizin də təhsil sahəsində uğurları böyükdür. Məzunlarımızdan bir çoxu qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır.

İlk zəng çalınır və dərs başlayır. Uşaqlar Vətənə, anaya aid şeirlər söylədilər. Şagirdlərə istənilən mövzuda rəsm çəkmək tapşırıldı. 27 şagirdin hər biri öz dünyagörüşünə uyğun fərqli şəkillər çəkməyə başladı. Həsən Yusifov, Aylin Qurbanova, Vasif Məmmədov və başqalarının  çəkdikləri şəkillərdə uşaq fantaziyasının müxtəlif aspektləri əks olunmuşdu. Şəkillərin əksəriyyətində sabaha, qurub-yaratmağa inam olan Günəş şəkli üstünlük təşkil edirdi.

Dərs başa çatdıqdan sonra Z.Abbasova tapşırıqlarını verib uşaqları  evə buraxdı. Onları hələ qarşıda neçə-neçə maraqlı anlar, yeni dostlar və tanışlıqlar gözləyir. Şagirdlərdən isə bir şey tələb olunur: müəllimlərin dediklərinə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında yerinə yetirmək, Vətənə, torpağa bağlı ruhda tərbiyə olunmaq. Yalnız bu yolla müstəqil dövlətimizin qurucuları sırasında yer almaq mümkündür. İnanırıq ki, bu gün məktəbdə ilk kövrək addımlarını atan şagirdlərin sırasından gələcəyin peşəkar zabitləri, həkimləri, müəllimləri və digər peşə sahibləri çıxacaq.  

Samirə DADAŞOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov