Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Təhsil sistemində gedən prosesləri, tətbiq edilən yenilikləri valideynlər necə qiymətləndirirlər?

 

Artıq 2013-2014-cü dərs ili başlayıb. Bu tədris ilini bir sıra yeniliklərlə qarşılayan ölkə ictimaiyyəti son 5 ayda təhsil sahəsində gedən dəyişiklikləri maraqla izləməkdədir. Hazırda təhsilin müxtəlif sahələrində bir yeniləşmə, müasirləşmə və canlanma hiss olunmaqdadır. Bu il orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi, Təhsil Nazirliyi tərəfindən xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı yeni Qaydaların tətbiq olunması, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  təhsil almağa  gedən tələbələrin seçimi ilə bağlı yeniliklər, dövlət başçısının tapşırığı ilə təhsil naziri Mikayıl Cabbarovun mütəmadi olaraq bölgələrdə vətəndaşları qəbul etməsi, onların müraciətlərini dinləməsi, əksər məsələlərin yerindəcə həllini tapması, bütövlükdə  təhsil sahəsində bir sıra layihələrin reallaşdırılması hər bir kəs tərəfindən rəğbətlə qarşılanmaqdadır. Təhsil naziri təhsil işçiləri ilə keçirdiyi müxtəlif görüşlərdə, tədbirlərdə, müsahibələrində hər zaman məktəb-valideyn münasibətlərinə xüsusi toxunur, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının  idarəolunması prosesində iştirakının artırılmasını zəruri hesab edir.  Bəs görəsən övladları orta məktəblərdə təhsil alan valideynlər bu yeniliklər, həyata keçirilən tədbirlərlə bağlı nə düşünürlər? Övladlarının təhsil aldıqları orta məktəblərdə həmin dəyişiklikləri hiss edirlərmi? Valideynlərin məktəblə əlaqələri hansı səviyyədədir? Suallarımıza cavab almaq üçün övladları Bakıdakı 7 və 55 nömrəli tam orta məktəblərdə təhsil alan valideynlərin bir neçəsi ilə görüşüb söhbətləşdik. 

 

Tamilla Qasımova (Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin VII sinfinin valideyn komitəsinin sədri):

 - Mən, ilk növbədə, ölkə başçısı cənab İlham Əliyevə bizim övladlarımızın yüksək təhsil alması üçün yaratdığı bu gözəl şəraitə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu il əsaslı təmir olunaraq yüksək səviyyədə maddi-texniki baza ilə təchiz edilən təhsil ocağı şagird və müəllimlərlə yanaşı, mən deyərdim ki, valideynlər üçün də əvəzsiz bir hədiyyədir.

Özüm də təhsil işçisiyəm. Uzun müddət Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri olmuşam. Son aylarda təhsil sahəsində həyata keçirilən işlərdən, tətbiq olunan yeniliklərdən xəbərim var. Mütəmadi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytına daxil olaraq, demək olar ki, bütün məlumatları oxuyuram. Bu il orta məktəbləri bitirən şagirdlərin hamısına attestat verilməsi ilə bağlı qəbul olunan qərar bizim ürəyimizcə oldu. İlk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi, düşünürəm ki, məzunlara öz arzularını gerçəkləşdirməyə imkan yaratdı. Onu da bilirəm ki, bu il buraxılış imtahanlarında "2" qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək respublikamızın ali məktəblərinə qəbul olunub. Bunun özu müsbət haldır.

Təhsil nazirinin  bölgələrdə vətəndaşları qəbul etməsi, onları dinləməsi, əlbəttə, təqdirəlayiqdir. Nazirin sadə vətəndaşlarla ünsiyyətini, onları narahat edən məsələlərin yerindəcə həlli ilə bağlı müvafiq göstərişlərini verməsini təbii ki, yüksək dəyərləndirirəm.

Nəvəm bu məktəbin VII sinfində təhsil alır. Özüm də həmin sinfin valideyn komitəsinin sədriyəm. Buradakı yüksək təlim mühiti, müəllimlərin şagirdlərə olan sağlam münasibəti məni olduqca qane edir. Fikrimcə, şagirdin yaxşı oxuması üçün təkcə müəllimin əməyi kifayət deyil. Bu işdə müəllimlərin ən yaxşı köməkçisi məhz valideynlər olmalıdırlar. Ona görə də valideyn-müəllim münasibətlərini fəallaşdırmaq lazımdır. Bu proses qarşılıqlı əməkdaşlıq şəraitində olmalıdır. Yəni buna həm müəllim, həm də valideyn can atmalıdır. Düşünürəm ki, müəllimlə valideynin fikirləri üst-üstə düşərsə, bu, şagirdlərin istər təlim, istərsə də tərbiyəsində özünün müsbət nəticələrini verə bilər.

Bilirsiniz ki, dünyanın əksər ölkələrində məktəblərin saxlanılmasında, təhsil ocağının müəyyən problemlərinin həllində valideynlər yaxından iştirak edirlər. Məsələn, məktəbin mühafizəsinin təşkilini valideynlər öz üzərinə götürür. Rusiyanın özündə bu məsələ valideynlər tərəfindən həll olunub. Biz də istərdik ki, məktəbin mühafizəsi işini öz üzərimizə götürək.  Təbii ki, biz bu məsələdə könüllülük prinsipini əsas tuturuq.


Könül Əzimova (7 nömrəli tam orta məktəb):

- Övladlarımın ikisi də bu təhsil ocağında oxuyur. Oğlum VIII, qızım isə V sinifdə. Əslində bu günün valideyni daha hazırlıqlı, təhsilimizdəki yeniliklərdən xəbərdar olmalı, ən başlıcası isə üzərinə düşən məsuliyyəti yaxşı dərk etməlidir. Bir valideyn kimi övladlarımın təhsili ilə yaxından maraqlanmaqla yanaşı, məktəbin həyatında baş verən proseslərdə də fəal iştirak etməyə çalışıram.

Mən xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş yeni Qaydalar haqqında  fikrimi bildirmək istəyirəm. Ötən illərdən fərqli olaraq bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunun rayon (şəhər) təhsil şöbələrinə həvalə olunması, düşünürəm ki, düzgün bir qərardır. Xüsusilə müsahibədə valideynlərin iştirakını, onların arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasını müsbət qiymətləndirirəm.

Cənab nazirin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa gedən tələbələrlə görüşü, müsahibələrinin birində həmin gənclərin qayğılarının, ehtiyaclarının diqqət mərkəzində olacağını xüsusi vurğulaması məni də  bir valideyn kimi öz övladlarımın gələcəkdə xaricdə təhsil almasına ruhlandırır. Övladlarımın məktəbi "əla" qiymətlərlə başa vuraraq xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları ən böyük arzumdur.

 


Mehriban Quliyeva (7 nömrəli tam orta məktəb):

- 3 uşaq anasıyam. İki qızım Bakı Dövlət Universitetini bitirib. Hazırda oğlum XI sinifdə oxuyur. Oğlumun istər təhsilində,  istərsə də tərbiyəsində özümü məsuliyyətli valideynlərdən biri hesab edirəm. Onu da yaxşı bilirəm ki, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında ailə birinci yeri tutur. Düşünürəm ki, məhz buna görə də məktəbin fəaliyyətinin təşkilində, idarə olunmasında, təlim-tərbiyə prosesində biz valideynlər fəallıq göstərməliyik. Bir valideyn kimi öz təcrübəmə əsaslanaraq əminliklə söyləyə bilərəm ki, hər bir valideyn öz övladının gələcəyinə xüsusi diqqət göstərərək məktəblə, müəllimlərlə əlaqələrini daha sıx və daha möhkəm qurarsa, bu onun övladının  yüksək savad almasında, ölkəmiz üçün layiqli bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayar. Şəxsən mənim özümün övladımın təhsil aldığı məktəblə, onun müəllimləri ilə sıx əlaqələrim buna bir əyani nümunədir.   

Təhsil naziri Mikayıl Cabbarov  mətbuata verdiyi ilk geniş müsahibəsində  Azərbaycanın təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılmasının əsas məqsədlərdən biri olduğunu qeyd edib. Onu da vurğulayıb ki, təhsil sistemi milli dəyərlərə və peşəkar kompetensiyalara malik Azərbaycan vətəndaşı yetişdirməlidir.

Biz də bir valideyn olaraq öz övladlarımızın məhz belə bir vətəndaş kimi formalaşmasını arzu edirik.


Mehriban Xanbəyli (55 nömrəli tam orta məktəb):

- Son illər respublikamızda təhsil sahəsində bir çox islahatlar aparılır. Bir vətəndaş kimi bu islahatların keçirilməsini yüksək qiymətləndirirəm. Yeni məktəb binaları tikilir və bu biz valideynləri çox sevindirir. Dövlət tərəfindən təhsilə xüsusi diqqət və qayğı var. Təhsil naziri Mikayıl Cabbarov nazir təyin edildikdən sonra təhsilimizdə yeni bir canlanma hiss olunur. Mən onun vətəndaşları müxtəlif bölgələrdə qəbul edərək problemlərini dinləməsini və qanun çərçivəsində həmin problemlərin həllinə çalışmasını təqdirəlayiq hal hesab edirəm. Hazırda təhsilimizdə olan bir sıra neqativ halların aradan qaldırılmasına, şagirdlərin intellektual səviyyəsinin artmasına zəmin yaradılır. Məsələn, bu yaxınlarda mətbuatdan təhsil nazirinin məktəblərdə şagirdlərin qidalanması barədə verdiyi tapşırıqları oxudum. Bu, çox ciddi məsələdir. Bir çox məktəblərdə mənşəyi məlum olmayan yeyinti məhsulları satılırdı ki, bu da şagirdlərin sağlamlığına ciddi ziyan vururdu. Şübhəsiz ki, təhsilimizdə bir sıra problemlər də mövcuddur. Bunlardan ən əsası isə şagirdlərin dərslərlə çox yüklənməsidir. Ümid edirik ki, yeni nazirimiz bu kimi problemlərə də nəzər yetirəcək.

 


Rəna Qurbanova (55 nömrəli tam orta məktəb):

- Səmimi olaraq demək istəyirəm ki, hazırda təhsilimiz yeni bir dövrə qədəm qoyur. Bu da biz valideynləri çox sevindirir. Hər bir valideyn öz övladının gələcəyini düşünərək onun yaxşı təhsil alması üçün çalışmalıdır. Biz valideynlər məktəblə daim sıx əlaqədə olmalı, mövcud problemlərin həlli istiqamətində öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Hazırda Təhsil Nazirliyi fəaliyyətini daha da gücləndirərək ciddi addımlar atır ki, bu da valideynlər tərəfindən müsbət qarşılanır. Problemlərin həllinə çalışan təhsil naziri Mikayıl Cabbarov şagirdlərin cəmiyyətimizə yararlı bir vətəndaş kimi yetişdirilməsi yolunda məktəblərə ciddi nəzarət edir. Onun son vaxtlar imzaladığı əmrlərdən biri də məktəblərdə "Şahmat" fənninin tədrisinə xüsusi diqqət verilməsidir.  "Şahmat" oyunu şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır. Məni narahat edən məsələlərdən biri isə şagirdlərin həm fiziki, həm də mənəvi cəhətdən verilən tapşırıqları yerinə yetirməkdə çətinlik çəkmələridir. Düşünürəm ki, şagirdlərin üzərindən bu yükü götürmək üçün verilən tapşırıqlar azalmalıdır.          

 


İlhamə Quliyeva (55 nömrəli tam orta məktəb):

- Yeni dərs ilinin başlanması biz valideynlər üçün ikiqat bayram oldu. Ona görə ki, övladımın təhsil aldığı məktəb yeni tikilib və hər bir şəraiti var. Ümumiyyətlə, təhsilimizdə yeniliklər və inkişaf var. Mənim övladımın biri keçən il yüksək balla ali təhsil müəssisəsinə daxil olub. Ona görə öncə fürsətdən istifadə edərək məktəbin kollektivinə təşəkkürümü bildirirəm. Doğrudur, hazırda təhsilimizdə bir sıra problemlər mövcuddur. Lakin buna baxmayaraq yeni təyin olunmuş təhsil naziri bu problemlərin aradan qaldırılmasına çalışır və bir çox müsbət nəticələr əldə edib. Şəffaflığın qorunması və ciddi nəzarət sayəsində bir çox neqativ hallar aradan qaldırılıb. Buna misal kimi bu il orta məktəbləri qızıl medalla bitirən  məzunların ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək etimadı doğrultmalarını göstərmək olar. Təhsil naziri Mikayıl Cabbarova ümid bəsləyirəm və ona uğurlar arzulayıram.

Hazırladılar:
Samirə KƏRİMOVA,
Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov