Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Azərbaycan müəllimləri Moskvada keçirilmiş elmi-praktik konfransda iştirak ediblər

 

Böyütmək üçün şəkili seçinŞəmkir rayonu Kür qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi də "Skype" vasitəsi ilə tədbirə qoşulub

Sentyabrın 9-10 tarixlərində Moskvada Rusiyanın Elm və Təhsil Nazirliyi və Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü ilə "Xarici ölkələrdə rusdilli məktəblər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Rusiyanın bir sıra vilayətlərindən və müxtəlif respublikalardan ümumilikdə 300-dən çox təhsil işçisi, həmçinin Almaniya və Azərbaycandan dəvət edilmiş xarici ekspertlər iştirak ediblər.

Konfransın gedişi onlayn olaraq centersot.net/videoconferences.html saytında canlı yayımlanıb. Müzakirələrdə daha geniş iştirak üçün isə Facebook sosial şəbəkəsində (facebook.com/centersot) xüsusi səhifə yaradılmışdı.

Tədbirdə  Müasir Təlim Texnologiyaları Mərkəzinin rəhbəri Sergey Bulanov və digərləri çıxış edərək konfransa dəvət olunan Azərbaycan və Almaniyadan gələn müəllimlərin müzakirələrini maraqla dinlədiklərini,  ölkəmizdəki tolerantlığı ayrıca qeyd ediblər.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi, respublikanın əməkdar müəllimi Almaz Həsrət məruzə ilə çıxış edib. O, Azərbaycanda olan rusdilli məktəblər, rus dilində təhsil alan şagirdlər və onların sayı barədə məlumat verib, rus dilini tədris edən müəllimlərin iş fəaliyyəti və onların təkmilləşməsi üçün dövlət tərəfindən daim təşkil olunan treninq və kurslar haqqında danışıb. Almaz Həsrət çıxışında onu da vurğulayıb ki, Azərbaycan həmişə tolerant ölkə olub. Məhz buna görə də ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də digər xarici dillərin öyrənilməsinə diqqət və qayğı göstərilir. Məruzəçi bu dillər arasında rus dilinin xüsusi yeri olduğunu bildirib.

Konfransın ən maraqlı hissəsi isə onlayn olaraq Azərbaycanın Şəmkir rayonu Kür qəsəbə 2 nömrəli tam orta məktəbindən rus dili və ədəbiyyatı müəllimi Ruhiyyə Rəfiyevanın "Skype" vasitəsi ilə tədbirə qoşulması olub. R.Rəfiyeva dərs dediyi şagirdlərlə birlikdə məktəblərində rus dilinin tədrisindən söz açıblar. Sonra azərbaycanlı  məktəblilər öz fikirlərini rus dilində sərbəst şəkildə  bildirərək şeir və mahnılar ifa ediblər. Onlar  həmçinin doğma təhsil ocaqlarının şagirdləri ilə Rusiyada oxuyan məktəblilər arasında əlaqələrin yaradılması təklifini irəli sürüblər. Şagirdlərimizin fəallığı, yüksək səviyyədə çıxışları konfrans iştirakçılarının çox xoşuna gəlib.

Konfransda daha sonra Almaniya və Rusiyanın təhsil işçilərinin fikirləri dinlənilib. Azərbaycandan olan müəllimlər - Yaqut Əzimzadənin (Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi), Laçın Nəbiyevanın  (Bakıdakı  8 nömrəli tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi) çıxışları, eyni zamanda tədbirə Azərbaycandan onlayn olaraq qoşulan müəllimlərimizin, xüsusilə də Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahizər Şabanbəyovanın mövzu ilə bağlı fikir və mülahizələri tədbir iştirakçıları tərəfindən müsbət dəyərləndirilib.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən konfransın sonunda belə tədbirlərin bir sıra xarici ölkələrdə davamlı olaraq təşkil edilməsi, həmçinin rusdilli məktəblərin xaricdə vəziyyəti ilə bağlı dəstəkləyici tədbirlərin həyata keçirilməsi üçün Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə rusdilli məktəblərdə tədrisin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması təklifi qəbul olunub. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov