Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Bu bayram mənim üçün çox əlamətdardır

 

İnsan həyatda addımlayarkən istəklərinin reallaşacağı barədə çox düşünür. Sanki həyat özü insanı məqsədinə və istəyinə doğru çəkir. Mən də həyatda kim olacağım haqqında çox düşünmüşdüm. Amma bu şərəfli və məsuliyyətli sənətə belə gənc yaşımda yiyələnəcəyim haqqında fikirləşməmişdim. Həmin məsuliyyətli və şərəfli peşə müəllimlikdir.

Mən, Hacıyeva Aysel Vəliyəddin qızı 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. 1996-cı ildə Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbin birinci sinfinə getmişəm və 2007-ci ildə bu məktəbi bitirmişəm. Həmin ildə Bakı Slavyan Universitetinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasına daxil olmuşam. 2011-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı Slavyan Universitetinin magistraturasına daxil olmuşam. 2013-cü ildə universiteti magistr kimi də fərqlənmə ilə bitirmişəm. Bakı Slavyan Universitetinin təhsil, elm həyatında fəal iştirak etdiyimə görə universitetin "Fəxri məzunu" adı ilə təltif olunmuşam.

İndi isə müəllimlik həyatına necə qədəm qoyduğumdan söz açım. Mən magistraturanı bu il bitirəndə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə apardığı müsabiqə barədə eşitmişdim və bilirdim ki, artıq 3 ildir, müsabiqə keçirilir. Ona görə də müsabiqənin şərtləri ilə yaxından tanış olmaq üçün Təhsil Nazirliyinin saytına daxil oldum. İmtahanın şərtləri ilə tanış oldum və elektron ərizəni doldurdum. Daha sonra mənim şəxsi səhifəmə imtahanın yeri və vaxtı barədə məlumat gəldi. İmtahan günü çox həyəcanlı idim. İmtahan zalına daxil oldum, kompüter qarşısında əyləşdim, imtahana başladım. Kompüterdə 35 sual var idi və imtahana 1 saat vaxt verilmişdi. Suallara cavab verdikdən sonra "imtahanı başa çatdır" düyməsini basdım. Monitorda balım əks olundu: 34.38 bal. Bir gün sonra isə şəxsi səhifəmə hansı məktəbə düşməyim barədə məlumat gəldi. Həmin məktəb hazırda işlədiyim Binəqədi rayonu ərazisində yerləşən 83 nömrəli məktəb-liseydir. Çox sevinirdim, həm də inana bilmirdim. Amma indi mən həmin məktəbin balaca fidanlarının ibtidai sinif müəllimiyəm. 

Sentyabrın əvvəli 83 nömrəli məktəb-liseyə yollandım. Məktəbin direktoru Yaqut Sadıqova məni qarşıladı, öz təbrik, istək, arzu və məsləhətlərini bildirdi. Daha sonra mən məktəbin gözəl müəllim kollektivi ilə tanış oldum. Onu da qeyd edim ki, çox həyəcanlı idim, amma ibtidai siniflər üzrə direktor müavini Xalidə müəllim və məktəbin müəllim kollektivi məni o qədər gözəl qarşıladılar ki, həyəcanlı olduğumu belə unutdum.

Mən bu gün çox sevinirəm ki, ölkəmizdə təhsilə belə yüksək qayğı və diqqət göstərilir. Ən savadlı müəllimləri məhz belə bir müsabiqə yolu ilə işə qəbul edir və onların müəllimlik istedadını üzə çıxarırlar.

Peşəmin çox məsuliyyətli olduğunu dərk edirəm. Uşaqları da çox sevirəm. İnanıram ki, işimin öhdəsindən uğurla gələcəyəm.

Hər il oktyabrın 5-ni Beynəlxalq Müəllimlər Günü kimi qeyd edirik. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.  Kim deyərdi ki, bir vaxtlar öz müəllimlərini təbrik edən kiçikyaşlı Ayseli vaxt gələcək müəllim kimi onu kiçikyaşlı şagirdləri təbrik edəcək?! Bu bayram mənim üçün çox vacib və əlamətdardır. Çünki onu müəllim kimi ilk dəfə qeyd edirəm. Mən bayramda ilk növbədə bu şərəfli adı qazanmağıma köməklik göstərən ibtidai sinif müəllimimi təbrik edirəm. Çünki mənim ibtidai sinif müəllimi kimi şərəfli peşəyə yiyələnməyimdə ən əsas və birinci vasitəçi o olubdur. Daha sonra 83 nömrəli məktəb-liseyin direktoru Yaqut Sadıqovanı və onun şəxsində bütün müəllim kollektivini peşə bayramımız münasibətilə təbrik edirəm.

Müəllim!!! Bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan, əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm! 

Aysel HACIYEVA,
Bakı şəhəri 83 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov