Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Məktəblilərin vətənpərvərlik tərbiyəsi əsl vətəndaş tərbiyəsinin əsasıdır

 

Hər bir insanın vətəndaş kimi yerinin, mövqeyinin, ləyaqət və dəyərinin müəyyənləşdirilməsində vətənpərvərlik tərbiyəsinin mühüm rolu vardır. Vətənpərvərlik insanları Vətən yolunda qəhrəmanlığa və fədakarlığa, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, namusla, qeyrətlə çalışmağa ruhlandırır. Vətənpərvərlik, həmçinin Vətənə, doğma torpağa, xalqa, adət-ənənəyə, dilimizə və digər dəyərlərimizə məhəbbət deməkdir. Vətənə məhəbbət, ilk növbədə, doğma yerlərə və doğma insanlara bağlılıqdan başlanır.

Bu baxımdan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədris ilinin ilk dərs saatının vətənpərvərlik mövzusuna həsr olunması ölkənin bütün pedaqoji ictimaiyyətini bu sahəyə bir daha nəzər salmağa və şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusilə həssas yanaşmağa sövq edir. Qloballaşan dünyamızda elmi biliklərə dərindən yiyələnməklə yanaşı, milli mənəvi dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasının əhəmiyyətini nəzərə alaraq, tədris prosesində vətənpərvərlik məsələsini hər zaman diqqət mərkəzində saxlamalıyıq.

Məktəblilərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil edilməsi üçün dərslərdə yeri gəldikcə xalqımızın tarixi keçmişi və müasir mübarizə yolu barədə uyğun məlumatlar verilməli, şagirdlərdə öz yaşlarına uyğun müvafiq təsəvvürlər formalaşdırılmalıdır. Bu, pedaqoji tələblərdən irəli gələn yanaşma olmaqla bərabər, həmçinin hər bir müəllimin Vətən və dövlət qarşısında üzərinə düşən olduqca vacib vəzifələrdən biridir.

Günbəgün inkişaf edən, hərtərəfli tərəqqi yolu ilə uğurla irəliləyən müstəqil Azərbaycanın keçdiyi şərəfli mübarizə salnaməsi haqqında şagirdlərin məlumatlandırılması da bu gün ən ümdə məsələlərdən biridir. Müasir müəllim peşəkar kompetensiyalarla bərabər, həm də geniş informasiya bazasına və ümumi biliklərə malik olmalı, davamlı olaraq öz üzərində işləməlidir.

Əgər müəllim dərs dediyi şagirdin tədris uğurları ilə bərabər, böyüyə hörmət, ata-anaya, torpağa məhəbbət, ətraf aləmə sağlam münasibət bəsləməsinə nail ola bilirsə, deməli, gələcəyin əsl vətəndaşını hazırlayır. Şagirdlərdə Vətənin müqəddəsliyinə və bölünməzliyinə səmimi və şüurlu inam yarada biliriksə, o böyüdükcə elini-obasını, Vətənimizi qəlbən sevəcək, sağlam ruhlu, sağlam əqidəli vətəndaş olacaqdır.

Bir məqamı da yaddan çıxarmamalıyıq ki, məktəblilərin vətənpərvərlik tərbiyəsinin təşkili işini təkcə dərs prosesi ilə məhdudlaşdırmamalıyıq. Bu məqsədlə dərsdənkənar vaxtlarda keçirilən tədbirlərdən də səmərəli şəkildə yararlanmalıyıq. Belə ki, qəhrəmanlarla görüşlərin təşkili, maraqlı fotostendlərin hazırlanması, Qarabağ, mərdlik, mübarizlik haqqında şagirdlərin yaşına uyğun söhbətlərin aparılması böyük təsirə malikdir. Həmçinin, valideynlərlə əlaqələrin düzgün təşkili, bir sıra ailələrin öz övladlarına məqsədyönlü yanaşmağa istiqamətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Müdriklərdən birinin dediyi kimi, ilk baxışdan adi təsir bağışlayan çaxmaq daşında od, işıq gizləndiyi kimi, hər bir xalqın potensialı da onun öz içində gizlənmişdir. Odur ki, qara daşdan od aldığımız kimi, zəhmət çəkib gələcəyimiz olan şagirdlərin potensialını da tam olaraq üzə çıxarmalıyıq.

Düşünürəm ki, əsl müəllim hər bir şagirdinə sabahın dühası, gələcəyin zəkası kimi yanaşmalı, uşaqlarda özünə inam hissini gücləndirməlidir. Müasir müəllim bilik verəndən daha çox istiqamət verən olmalı, şagirdlərin şəxsi keyfiyyətlərini, istedad və bacarıqlarını inkişaf etdirməlidir. Məhz belə olduğu halda, müəllimlə şagird arasında ruhi bağlılıq yarandığı təqdirdə şagirdlər müəllimin tədris etdiyi dərsi daha həvəslə mənimsəyəcək, vətənpərvərlik haqqında söylədiyi fikirləri səmimi qəbul edəcək. Yalnız bu amal uğrunda çalışmaq hər bir müəllimin fəaliyyətinin ana xəttinə çevrilməlidir. 

Arzu HÜSEYNOVA,
Bakıdakı 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, ibtidai siniflər üzrə metodbirləşmənin sədri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov