Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları açılıb

 

 Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yeni başlamış 2013/2014-cü tədris ilində Azərbaycan dili kursları açılmışdır.

AzərTAc xəbər verir ki, həftədə bir dəfə təşkil olunan kurslarda Azərbaycan dilinə və mədəniyyətinə maraq göstərən tələbə və gənclər, iş adamları, elmi dairələrin nümayəndələri qeydiyyatdan keçmişlər. Kursda tələbələrə müasir Azərbaycan dilinin fonetika, qrammatika və leksikası tədris ediləcək, eyni zamanda, digər dillərlə müqayisəli təhlili aparılacaqdır. Kursda tədris ilkin dövrdə alman dilində aparılsa da tələbələr Azərbaycan dilində olan mətnləri tərcümə edəcək və bu dilin qrammatikasına aid tapşırıqları yerinə yetirəcəklər.

Məşğələnin rəhbəri, Vyana Universitetinin doktorantı Yaqut Abdalla AzərTAc-ın xüsusi müxbiri ilə söhbəti zamanı bildirmişdir ki, kursların əsas məqsədi iştirakçılara Azərbaycan dilini tədris etməklə yanaşı, onlara Azərbaycan haqqında həqiqətləri yaxından tanıtmaq, ölkəmizin mədəniyyətini təbliğ etməkdir.

Məşğələlərdə Azərbaycan ədəbiyyatından da söz açılacaq, yazıçıların və şairlərin əsərlərindən nümunələr təqdim ediləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzində mövcud olan yüksək texniki imkanlar sayəsində kurs iştirakçılarına mütəmadi olaraq Azərbaycanda istehsal olunmuş sənədli və bədii filmlər göstəriləcək, müxtəlif məruzələr təşkil olunacaqdır. Eyni zamanda mərkəzin nəzdindəki zəngin kitabxana tələbələrin sərəncamında olacaqdır.

Mövcud marağı nəzərə alaraq, yaxın müddətdə Azərbaycan Mədəniyyət Mərkəzində Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu məktəbi təşkil olunması və burada azyaşlılara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə bağlı biliklərin verilməsi nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov