Mütəxəssislərin fikrincə bu, tədrisin keyfiyyətinə
müsbət təsir edə bilər.
Məktəbin xüsusi nəqliyyatının mövcud olmasının təhsilin
keyfiyyətinə müsbət təsir göstərən amillər sırasında
əsas yerlərdən birini tutduğu və belə bir mövzunun
ictimai müzakirələrdən kənarda qaldığını nəzərə alaraq
problemə toxunulmasını vacib hesab etdik. Məktəb həyatı
uşağa təsir edən ən mühüm sosiallaşdırma
institutlarından biridir və bu təsir ailənin,
məktəbdənkənar mühitin və digər sosial mühitlərin təsiri
ilə tamamlanır.
Sosiallaşma prosesini pozan amillər əsasən məktəbin
qeyri-müvəffəq faktorlarının təsiri və şəraiti ilə bağlı
olur ki, bunun da əsasında rahatlıq və komfort tələbatı
dayanır. Müasir avadanlıq, ən yeni informasiya
texnologiyaları və yüksək ixtisaslı kadrlarla təmin
olunmuş müasir Azərbaycan məktəblərində bu tələbatı
tamamlayacaq yenilik məktəbli nəqliyyatına ehtiyac olan
orta təhsil müəssisələrinə bu işdə lazımi köməyin
göstərilməsidir. Ölkəmizdə bəzi özəl məktəblərin
avtobusları var, lakin bu geniş vüsət almayıb. "Məktəbli
avtobusları"nı bələdiyyələrin imkanları hesabına təşkil
etmək məqsədəuyğun olardı. Bu ideya yeni deyil, bir çox
dövlətlər artıq bu imkandan geniş istifadə edirlər və bu
cür tətbiqolunmalar təhsil sahəsində kompleks islahatlar
həyata keçirilərkən sosial sifarişin bir hissəsi hesab
edilir.
Məktəbli nəqliyyatının yaradılması ideyası mühərrikin
ixtirası və avtomobil sənayesinin inkişafı ilə eyni
dövrə təsadüf etdiyindən bunu inkişaf etmiş ölkələr üçün
yenilik hesab etmək olmaz, baxmayaraq ki, Hindistan,
Banqladeş, Kolumbiya, Estoniya və s. kimi inkişaf
etməkdə olan dövlətlər artıq çoxdan bu praktikadan
istifadə edirlər. Məsələn, belə avtobuslar Avstraliyanın
bəzi əyalətləri üçün yararlı deyil. Çünki burada dərslər
distant formada keçilir ki, bu da şagirdlərə və
valideynlərə olduqca böyük torpaq sahələri olan fermer
ailələrinin evləri də bir-birindən kifayət dərəcədə
uzaqda yerləşdiyindən bu gün əlverişlidir.
Məktəbli nəqliyyatının tarixinə gəldikdə isə "Ford"
konsernində çalışan A.L.Lusi ilk dəfə belə bir ideya
irəli sürüb ki, nə üçün zavodlar uşaqları məktəbə aparıb
gətirən xüsusi təyinatlı avtobuslar ("school bus")
istehsal etməsinlər. Beləliklə, 1927-ci ildə ilk dəfə
uşaqların daşınması üçün xüsusi nəqliyyat növü meydana
gəlir. Hazırda bu cür "school bus"lar ABŞ-da, Kanadada,
Böyük Britaniyada, Fransada, Almaniyada, Yaponiyada və
Avstraliyada geniş yayılıb. Rusiyada 1999-cu ildən
etibarən "məktəb avtobusları" istifadədir. Xüsusi
təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da
olduqca əlverişlidir. Təhlükəsizlik kəmərləri, aşağı
sürət, xüsusi xəbərdarlıq siqnalları ilə təchiz olunma
bu cür avtobuslar nəqliyyatın ən sürətli hərəkəti
müşahidə olunan yollarda da üstünlüklər yaradır.
Məsələn, bir çox ölkələrin müvafiq qanunvericiliyində
göstərilir ki, "məktəb avtobusları"na yaxınlaşanda və ya
yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır.
Məhz buna görə də "məktəbli avtobusları" ən az qəzaya
uğrayan nəqliyyat hesab edilir. Qeyd edək ki, biz heç də
məktəb üçün nəzərdə tutulmuş xüsusi təyinatlı
avtobusların istifadəyə verilməsinin vacibliyini
vurğulamırıq. İstənilən iritutumlu bir nəqliyyat
vasitəsinin məktəbin istifadəsinə verilməsi mümkündür.
Bu nəqliyyatın maliyyələşdirməsinə şərait yaradılmasını
və bunun üçün müvafiq strukturların xidmətindən
faydalanmağa nail olmaq lazımdır.
Hər şeydən əvvəl, məktəbli avtobuslarının istifadəyə
verilməsi valideynlərin vaxtına və puluna qənaət etmək
deməkdir. Müəllifin şəxsi müşahidələrinin və
valideynlərlə olan söhbətlərin ümumi nəticəsinə
əsaslanaraq qeyd edə bilərik ki, müxtəlif sosial
statuslara malik valideynlər birmənalı olaraq bu
sistemin tətbiqinin tərəfdarıdır. Nəqliyyatda sərnişin
sıxlığını nəzərə alaraq, məktəblilərin, xüsusilə ibtidai
sinif şagirdlərinin müasir məktəbdə əldə etdiyi bilik və
bacarıqlara çevik reaksiyası və bundan doğan zehni
gərginliyə, üstəlik uzun yol qət etmək məcburiyyəti
səbəbindən fiziki yorğunluq da əlavə olunur ki, bu da
dərslərdə geriləməyə və mövzuların istənilən səviyyədə
mənimsənilməməsinə gətirib çıxaran səbəblərdəndir.
Rayon, şəhər və qəsəbə məktəblərində isə vəziyyət daha
fərqlidir. Çünki bir inzibati vahidin ərazisində bir və
ya iki məktəbin fəaliyyət göstərməsi yaxın və uzaq
məsafədən asılı olmayaraq ətraf yaşayış məntəqələrində
yaşayan əhaliyə övladlarını nisbətən yaxın məktəb
axtarmağa seçim imkanı vermir. Qış aylarında isə
vəziyyət daha acınacaqlı olur. Bütün sadalanan səbəblərə
görə, övladını istər şəxsi nəqliyyat vasitəsində
aparıb-gətirən imkanlı valideynlər, istərsə də buna
imkanı çatmadığı üçün ictimai nəqliyyatdan istifadə edən
imkansız valideynlər də "məktəbli avtobusları"nın
istifadəyə verilməsini ailə büdcələri üçün olduqca
əlverişli hesab edirlər. Digər tərəfdən, vahid məktəbli
formasına keçidlə əlaqədar olaraq sosial statusundan
asılı olmadan təhsil müəssisələrində ibtidai və yuxarı
sinif şagirdlərinin sosial-iqtisadi fərqlərinin məktəbin
xaricində qalmasını təqdir ediriksə, şübhəsiz ki,
sinifdən kənarda da bir qism valideynlərin öz uşaqlarını
xüsusi sürücülərin idarə etdiyi bahalı avtomobillərdə
aparılıb-gətirməsini məqbul hesab etməməliyik.
Məsələnin psixoloji tərəfini də nəzərdən qaçırmamaq
gərəkdir ki, bu da kiçik yaşlardan etibarən
məktəbdənkənar ünsiyyətin formalaşması ilə bağlıdır.
Məlumdur ki, məktəblilərin daim birlikdə məktəbə
gəlib-getmələri qarşılıqlı səmimiyyət və kollektiv
əhvali-ruhiyyənin yaranmasına və davamlı olmasına güclü
təsir göstərir ki, bu da dərs zamanı məktəblilərdə
psixoloji üstünlük yaradır, xüsusilə ona görə ki, bəzi
məktəblilər dərs danışarkən, məsələ həll edərkən, yaxud
interaktiv təlim zamanı müstəqil fikir yürüdərkən
yoldaşlarının gülüş obyektinə çevrilə bilmək fobiyası
onlarda çəkingənlik yaradır ki, bu da gələcəkdə
özünəqapanma ilə müşahidə olunur və hətta daha ağır
psixoloji zədələrə gətirib çıxarır. Bu fakt təcrübəli
pedaqoqlara çoxdan məlumdur. Yəqin ki, hər kəs məktəb
illərindən xatırlayar ki, siniflərində mütləq bir (neçə)
şagird dərslərə mütəmadi olaraq gecikməklə tanınsın,
müəllimin danlağına məruz qalsın, bəzən hətta tənəffüs
zənginə qədər sinfə daxil olmağa utansın. Bu qayda ilə
davam edərsə, həmin şagird haqqında "tənbəldir",
"gecikir, bu tədbirə gələ bilməyəcək", "o çatdıra
bilməyəcək, dəvət etməyək" kimi ittihamlarla üzləşəcək.
Sözsüz ki, bu cür hallar gələcəkdə şagirdin
xatirələrində xoş olmayan izlər buraxır və bir şəxsiyyət
kimi formalaşma prosesində özünəinam hissini zəiflədən
amilə çevrilir. Başqa sözlə, məktəbdənkənar ünsiyyətin
sürətlə yox, əksinə, ilbəil tədricən yuxarı siniflərdə
inkişaf etməsi şagirdlərin əksəriyyətində müşahidə
olunan "yovuşmazlıq" hallarının ifrat artmasına və
komplekslərin yaranmasına təsirsiz ötüşmür. Bu da
cəmiyyətdə birliyin, kollektiv münasibətlərin
zəifləməsinə, "yıxılan dostum deyilsə, mənim nə işimə",
"bizdən biri deyil, nə işimə", "hər kəs özü üçün" kimi
eqoist düşüncə tərzinin yaranmasına gətirib çıxarır ki,
bu da birbaşa vətənpərvərlik tərbiyəsini zəiflədən və
əzmkarlıq ruhunu boğan stereotiplərin inkişafına təkan
verir.
Fikrimizcə, bu təşəbbüs həyata keçirilsə, tədrisin
keyfiyyətindən başqa, eyni zamanda şagirdlərin dərsə
davamiyyətinə, ən əsası dünyagörüşünə, psixologiyasına
və sağlam düşüncə, kollektiv şəraitində mehriban
ünsiyyət tərzinin kök atmasına mütləq öz müsbət təsirini
göstərər.
Nurlan MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin
doktorantı |