Oktyabrın
12-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke
Vatanabeni qəbul edib.
Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin
və təhsilin inkişafına dəstəyindən, şərqşünaslıq
fakültəsində yapon dili və ədəbiyyatının tədrisinə
göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib.
Onun dövründə Yaponiyaya göndərilən tələbələrin sayının
artdığını deyən rektor, eyni zamanda səfirin xanımı
Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası
üzrə təhsil alan tələbələrə Yaponiyanın mədəniyyəti,
incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd
edərək təşəkkürlərini çatdırıb.
Rektor yaxın vaxtlarda diplomatik fəaliyyəti başa
çatacaq səfirə bu xidmətlərinə görə universitetin fəxri
fərmanını təqdim edib.
Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili
Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın
dövlət himnləri səsləndikdən sonra BDU-nun elm və
innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə
çıxış edərək artıq ənənə halını almış müsabiqənin
əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib.
Bildirilib ki, artıq universiteti yapon dili və
ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr
pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada
magistr təhsili alır. Səfir Şusuke Vatanabenin
çıxışından sonra müsabiqə qaydaları izah edilib.
Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar
və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti
balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin
sahibinə mükafatlar təqdim edilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |