Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

 

Böyütmək üçün şəkili seçinMuxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır, ən ucqar yaşayış məntəqələrində belə yeni məktəb binaları tikilərək istifadəyə verilir.

Oktyabrın 12-də Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin yeni binası açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nürəddin Quliyev bildirmişdir ki, bu günlərdə rayonumuzda bayram ovqatı yaşanır. Xalqımız qələbəsini bayram edir. Rayon sakinləri də sabitliyin, tərəqqinin və müstəqilliyin təminatçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursuna sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün ucqar dağ kəndində yaradılan bu möhtəşəmlik məhz ulu öndərin quruculuq xəttinin uğurla davam etdirilməsinin bəhrəsidir. "Heydər Əliyev ili" olan 2013-cü ildə rayonun 7 yaşayış məntəqəsində quruculuq işləri aparılır. Bu işlər sayəsində Kükü kəndində fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün də müasir iş şəraiti yaradılmışdır. Nürəddin Quliyev göstərilən dövlət qayğısının müqabilində bundan sonra daha səylə çalışacaqlarını bildirmiş, rayon sakinləri adından minnətdarlıq etmişdir.

Böyütmək üçün şəkili seçinNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kükü kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Bu gün ölkəmizdə ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrin inkişafına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları və onların uğurlu icrası təhsilin inkişafına da şərait yaratmışdır. Hələ ötən əsrin 70-ci illərindən ölkəmizdə təhsilin inkişafını diqqət mərkəzində saxlayan, bu sahəni himayə edən ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılı olacaqdır".

Ali Məclisin sədri demişdir: "Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, təhsil ocaqları müasir tələblər səviyyəsində yenidən qurulur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də məktəblərin təminatı, təhsil işçiləri qarşısında eyni tələblər qoyulur".

Ali Məclisin sədri demişdir ki, muxtar respublikamızın ucqar dağ kəndi olan Küküdə müasir məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlərin bariz nümunəsidir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, müasir kitabxana, yeni tədris avadanlıqları, şagirdlərin fiziki inkişafı üçün idman zalı vardır. Qeyd olunmuşdur ki, təhsil ocağının nailiyyətləri qənaətləndiricidir. Ötən tədris ilində məzunlardan 11-i ali məktəbə, biri orta ixtisas məktəbinə, biri isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 3-ü 500-700 arasında bal toplayaraq yüksək nəticə göstərmişdir. Bu, məktəb kollektivinin əməyinin, tədrisin düzgün qurulmasının nəticəsidir. Pedaqoji kollektivin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, bir nəfər Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi", bir nəfər isə 2012/2013-cü tədris ilində "İlin ən yaxşı müəllimi" adına layiq görülmüşdür.

Böyütmək üçün şəkili seçinQazanılan uğurlara görə kollektivə təşəkkür edən Ali Məclisin sədri demişdir: "Hər bir təhsil ocağının qarşısında duran ən mühüm vəzifə vətənpərvər və bilikli gənclər hazırlamaqdır. Gənclərin gələcəkdə ölkəmizin idarə olunmasında, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında yaxından iştirakı təmin olunmalıdır. Kükü kənd tam orta məktəbinin kollektivi öz işini bu istiqamətdə qurmalı, bilikli və vətənpərvər gənclər yetişdirməlidir".

Ali Məclisin sədri bu vəzifələrin yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazımi şərait yaradıldığını bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətlərə görə onları təbrik etmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.

Məlumat verilmişdir ki, 198 şagird yerlik məktəb binası 2 mərtəbəlidir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır.

Məktəbin kitabxana fondunda 2 min 969 latın qrafikalı dərslik və 1865 bədii ədəbiyyat olmaqla, 4 min 834 kitab vardır. Pedaqoji kollektiv şagirdlərin kitabxanaya cəlbini diqqət mərkəzində saxlayır, hər ay kitabxana günləri keçirilir. Kitabxanada mütaliə saatları da yaradılmışdır.

Ali Məclisin sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il Kükü kənd tam orta məktəbinə 13 şagird qəbul olunmuşdur. Yeni tədris metodlarının tətbiqi keçilən dərslərin daha ətraflı və asan mənimsənilməsinə, şagirdlərin məntiqi təfəkkürünün gücləndirilməsinə imkan verir.

Kompüter otağında 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Həmçinin məktəbdə elektron lövhəli siniflər yaradılmışdır. Bu da şagirdlərin informasiya texnologiyalarının imkanlarından və elektron dərsliklərdən istifadəsinə imkan verir.

Hərbi kabinetdə ilkin hərbi hazırlıq fənninin tədrisi üçün lazımi şərait vardır. Kabinetdə sıra, mühəndis, hərbi topoqrafiya və atəş hazırlığını əks etdirən stendlər asılmışdır.

Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir, bu fənlər üzrə müəllimlər təkmilləşdirmə kurslarına göndərilir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, elm, təhsil cəmiyyətin inkişafında başlıca şərtdir. Ona görə də ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir, ən ucqar dağ kəndlərində belə müasir məktəb binaları tikilir. Bu da təhsilin keyfiyyətinin və qazanılan uğurların artmasına səbəb olmuşdur. Kükü kənd tam orta məktəbi də uğurlu nailiyyətlər qazanmışdır. Kollektiv bundan sonra da təhsil uğurlarının artırılması istiqamətində səylə çalışmalıdır.

Müəllimlər təhsilin inkişafına göstərilən qayğıya və yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, yaşıllıq və meyvə bağı salınmışdır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov