Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində
memarlıq məktəblərinin buraxılış işlərinin XXII
Beynəlxalq baxış-müsabiqəsi keçirilmişdir. Azərbaycan
Memarlıq və İnşaat Universitetindən (AMİU) müsabiqəyə bu
ali təhsil ocağının memarlıq fakültəsinin şəhərsalma,
bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası
ixtisasları üzrə 12 buraxılış işi və 6 magistr
dissertasiyası təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, müsabiqədə Azərbaycan AMİU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru, dizayn kafedrasının
müdiri, professor N.Abdullayevanın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə təmsil olunurdu. Müsabiqəyə
Sankt-Peterburq şəhəri Memarlar İttifaqındakı qrafik
işlərin sərgisi, elmi-metodik konfrans, dərslik və dərs
vəsaitlərinin müsabiqəsi və digər tədbirlər daxil idi.
Müsabiqəyə AMİU-dan göndərilən 12 bakalavr işi və 6
magistr dissertasiyası fəxri diploma layiq görülmüşdür
(10 nəfər I dərəcəli, 7 nəfər II dərəcəli, 1 nəfər III
dərəcəli diplom). Qaliblər arasında 1 bakalavr buraxılış
işi Rusiya Federasiyasının Memarlar İttifaqının, 1
magistr dissertasiyası isə Beynəlxalq Memarlar
Assosiasiyasının fəxri diplomuna layiq görülmüşdür.
Çox önəmli haldır ki, beynəlxalq müsabiqənin yeni
şərtlərinə görə, həmin qaliblərin rəhbərləri də
Beynəlxalq Regional İctimai Təşkilatın laureat
diplomları ilə mükafatlandırılmışlar. Fakültə həmin
müsabiqədə dərslik və dərs vəsaitləri nominasiyasında da
iştirak etmiş və müəllif laureat adını qazanmışdır.
Qeyd edək ki, müsabiqənin 2014-cü ildə AMİU-da
keçirilməsi gözlənilir. |