Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Ümumtəhsil məktəblərində xarici dil fənləri düzgün metodika ilə tədris olunurmu?

 

Məktəbdə 11 il təhsil alan məzunlar xarici dildə niyə danışa bilmirlər? 

İnsanların qədim zamanlardan xarici dilləri öyrənməyə can atması sübuta ehtiyacı olmayan bir həqiqətdir. Xüsusilə son dövrlərdə bu məsələ daha çox aktualdır. Qloballaşan dünyada sərhədlərin açıldığı, hər bir sahədə əməkdaşlıq  əlaqələrinin qurulmasına geniş imkanların yarandığı müasir dövrdə bu artıq bir zərurətə çevrilib. Lakin heç kəsə sirr deyil ki, orta məktəblərdə 11 il ərzində tədris olunsa da şagirdlər xarici dillərə praktik cəhətdən yiyələnə bilmirlər. Cəmiyyətdə bu vəziyyəti müxtəlif səbəblərlə bağlayırlar: metodika düzgün deyil, müəllimlərin hazırlığı aşağı səviyyədədir, mühit amili mühüm rol oynayır,  qrammatik qaydaların mənimsənilməsinə xüsusi diqqət yetirilir və s. Bəs əslində buna səbəb nədir? Bu suala aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. Onların fikirlərini oxuculara təqdim edirik. 

 

Yeni kurikulumların xarici dillərin öyrənilməsinə çox böyük təsiri olacaq 

Asif HACIYEV,

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor 

- Təcrübə göstərir ki, xarici dillərin öyrədilməsi sahəsində mövcud metodika qənaətbəxş nəticələr vermir. Ona görə də, ilk növbədə, xarici dillərin tədrisi metodikasına yenidən baxılmalıdır. Bu vasitələr təkmilləşdirilməli və müasir yanaşmalar tədris prosesinə gətirilməlidir.

Digər bir amil xarici dillərin tədrisi zamanı şagirdlərin şifahi nitq qabiliyyətlərinin inkişafına daha çox diqqətin yetirilməsidir. Dilə mükəmməl yiyələnmək üçün həm şifahi, həm də yazılı nitq vərdişləri aşılanmalıdır. Lakin ünsiyyət daha çox şifahi nitq vasitəsilə olduğundan şagirdlərdə bu vərdişlər daha dərindən aşılanmalıdır. Xarici dilin dərindən mənimsənilməsi sahəsində ən mühüm faktorlardan biri də müəllim hazırlığıdır. Xarici dili tədris edən müəllim öz üzərində daim işləməli, müntəzəm olaraq müvafiq təlim kurslarından keçməklə mövcud yeniliklərdən xəbərdar olmalı, onlardan tədris prosesində istifadə etməlidir. Bu zaman dilin öyrənilməsinə daha çox təkan verən fəal, interaktiv təlim metodlarını tədris prosesində uğurla tətbiq etməyi bacarmalıdır.

Aydındır ki, bu məsələdə təhsilin məzmunu mühüm əhəmiyyət kəsb etdiyindən bütün dərslik və proqramlar kompleks şəkildə nəzərdən keçirilməlidir.

Hər hansı xarici dili öyrənmək üçün dil mühitinin olması da çox vacibdir. Qabaqcıl təcrübəyə malik müəllim sinifdə tədris prosesində bu mühiti yaratmalıdır.

Hər bir dilin öyrənilməsi üçün motiv olmalıdır. Olmasa, yalnız bədii əsər oxumaq üçün dili heç kəs öyrənməz. Müəllim müxtəlif üsul və priyomlardan istifadə etməklə tədris etdiyi dilə şagirdlərdə maraq oyatmalıdir.

Qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində rus dilinin tədrisinə çox az saat ayrılması da bu dilin öyrənilməsinə mənfi təsir göstərən amillərdən biridir.

Eyni zamanda bildiririk ki, artıq tətbiqinə başlanılmış yeni kurikulumların xarici dillərin öyrənilməsinə çox böyük təsiri olacaq.


Universitetimizə qəbul olunan tələbələrdən bəziləri ingilis dilində danışa bilmirlər

Dünyamin YUNUSOV,

Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor 

- Toxunulan məsələ ilə bağlı bir neçə səbəb göstərmək olar. Mən bir mütəxəssis kimi kommunikativliyi ən vacib amil hesab edirəm. Kommunikativlik dünya təcrübəsində də önə çəkilir. 

Respublikamız müstəqillik qazandıqdan sonra xarici ölkələrlə birbaşa münasibətlərimiz, əlaqələrimiz yaranıb. Bunun nəticəsində həmin ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq, qabaqcıl iş təcrübələrini öyrənərək tədris prosesində tətbiq etmək imkanı qazanmışıq. Xarici təcrübə ilə yaxından tanışlıq göstərir ki, xarici dillərin öyrənilməsində kommunikativliyə daha çox diqqət yetirilməlidir. Yəni mərkəzləşmə nə müəllimin, nə də şagirdin üzərinə yüklənməməli, bərabər şəkildə bölünməlidir. Bu məqsədlə fəal təlim metodlarından geniş istifadə edilməlidir. Hazırda universitetimizdə dil ümumi aspektdə tədris olunur və bu zaman kommunikativlik əsas götürülür.

Doğrudan da, XI sinfi bitirərək universitetimizə qəbul olunan tələbələrdən bəziləri ingilis dilində danışa bilmirlər. Lakin birinci kursun sonunda, ikinci kursda onlar artıq səlis danışmaq qabiliyyətinə malik olurlar. Deməli, dil kommunikasiya məqsədilə tədris olunmasa, bu mümkün olmaz. Mən əminəm ki, bu gün orta məktəblərdə çalışan məzunlarımız öyrəndiklərini tətbiq etsələr, onların şagirdləri mütləq ingilis dilində yaxşı danışa biləcəklər.

Müəllim öz üzərində daim işləməlidir. Şagirdinin marağına səbəb olan müxtəlif üsullar düşünüb tapmalıdır. Oyun, mahnı, dialoq - nə yolla olursa-olsun, şagirddən istədiyini almağı bacarmalıdır. Şagirdi elə vəziyyətə salmalıdır ki, o, tələb olunan cavabı verməyə məcbur olsun.


Xarici dilin mənimsənilməsində şagirdlərin fərdi qabiliyyətləri nəzərə alınmalıdır

Vahid ƏRƏBOV,

Azərbaycan Dillər Universitetinin üslubiyyat və nitq mədəniyyəti kafedrasının dosenti 

- Orta məktəblərdə birinci sinifdən başlayaraq ingilis dili tədris olunur və bunun üçün kifayət qədər vaxt ayrılır. Hətta bununla kifayətlənməyən valideynlər, üstəlik,  övladlarının dili fərdi qaydada öyrənmələri üçün də şərait yaradırlar. Lakin bu sahədə səmərəli nəticənin olmamasının əsas səbəblərindən biri, bizim fikrimizcə, dil mühitinin yoxluğudur. Nə qədər keyfiyyətli olsa da yalnız tədrislə tam yüksək nəticələr almaq qeyri-mümkündür. Əlbəttə ki, xarici dilin mənimsənilməsində  şagirdlərin fərdi qabiliyyətlərini nəzərə almamaq da düzgün yanaşma olmazdı. Dərsdə iştirak edən hər bir şagird verilən bilikdən fərdi qavrama qabiliyyəti, mühakiməsi, bacarığına görə yararlana bilir, yəni bütün şagirdlər  biliyi eyni dərəcədə mənimsəyə bilmir. Sadəcə, digər fənlərin tədrisində bu normal hal kimi qəbul olunur və o qədər də diqqəti cəlb etmir. Xarici dilin  öyrənilməsində isə bu, qabarıq nəzərə çarpır.

Mövzunun mənimsənilməsində, tədris keyfiyyətinin yüksəldilməsində xarici dil müəlliminin qabaqcıl iş təcrübəsi, metodik ustalığı, həm nəzəri, həm də praktik biliyini şagirdlərə aşılamaq bacarığı mühüm əhəmiyyətə malikdir.


Şagird xarici dili yalnız canlı ünsiyyətdə öyrənir

Xədicə BALAYEVA,

Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyinin ingilis dili müəllimi 

- Xarici dil öyrənmək istəyən şagirdə 4 əsas cəhət - dinləyib anlamaq, danışmaq, oxumaq və yazmaq vərdişləri aşılanmalıdır.

Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Xarici dil həmin dildən hamının ünsiyyət vasitəsi kimi istifadə etdiyi bir ölkədə daha asan öyrənilir. Buna dilin dildən öyrənilməsi deyilir. Azərbaycanda ingilis dilini tədris edən müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır.

Hər bir fəaliyyətin reallaşdırılması, o cümlədən xarici dilin öyrənilməsi üçün müəyyən bir motiv olmalıdır: səyahət, karyera, iş yerində xarici ölkə vətəndaşı ilə ünsiyyətdə olmaq məcburiyyəti və s. Tədris prosesində isə xarici dilin dərindən mənimsədilməsi, şagirdin xarici dilə digər fənlərdən daha çox maraq göstərməsi müəllimin pedaqoji ustalığından asılıdır. O, dili tədris edərkən elə priyomlardan istifadə etməlidir ki, şagird daxilən bu dili öyrənməyə ehtiyac duysun, özü haqqında məlumat vermək, digərlərindən informasiya almaq, yoldaşları ilə dialoqa girmək üçün bu dildə danışmağa məcbur olsun.

Müəllim müəyyən bir mövzunu keçərkən şagirdlərinə istiqamət verib, bir növ, kənara çəkilməlidir. Verilən bilik şagirdlərin özlərinin dialoqu, müzakirələri zamanı mənimsənilməlidir. Belə olduqda şagirdlər həm də gözəl nitq qabiliyyətinə yiyələnirlər. Bu prosesdə müəllim xarici dildə fikrini səhv ifadə edən şagirdə irad tutmamalıdır. Əks halda, həmin şagirddə özünə inamsızlıq yaranar və o, növbəti diskussiyada aktiv iştirak etməkdən çəkinər. Sadəcə, digər şagirdlərin müdaxiləsindən sonra o, səhvini özü başa düşər.

Yaddan çıxarmaq olmaz ki, şagird xarici dili evə verilən tapşırıqları yerinə yetirməklə deyil, yalnız canlı ünsiyyətdə öyrənir.


Bir çox ölkələrdə xarici dil şagirdlərə səviyyələrə uyğun qruplara bölünməklə öyrədilir

Təranə ƏLİYEVA,

Bakıdakı 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, ABŞ-ın TEA proqramının məzunu, təlimçi müəllim 

- Dil uzun müddətdə öyrənilən bir prosesdir. Xarici dilin öyrədilməsində əsas məqsəd ünsiyyətdir. Qrammatika isə dilin öyrənilməsində vasitələrdən biridir. Təəssüf ki, biz uzun müddət əsas məqsədi bir kənara qoyub  vasitəni - qrammatikanı öyrətmişik. Lakin qrammatikanı öyrənməyin lüzumsuz olması ilə bağlı son illərdə yaranmış fikirlər də səhv mühakimədir. Qrammatika  dilin özü ilə birlikdə kommunikativ aspektdə öyrədilməlidir.

Ümumiyyətlə, xarici dillərin öyrədilməsində bir neçə faktor mühüm əhəmiyyət kəsb edir: dil mühiti, motiv, tədrisin məzmunu, müəllim hazırlığı və s.

Yeni tətbiq olunan kurikulumlarda xarici dillərin tədrisində bütün bunların vəhdət halında götürülməsi bir tələb, standart kimi qoyulub. Hər bir islahatın həyata keçməsi üçün vaxt lazımdır. Mən öz təcrübəmdən deyə bilərəm ki, xarici dil bütün faktorlar nəzərə alınmaqla kompleks şəkildə tədris olunarsa, şagirdlər on birinci sinfi qurtaranda bu dildə səlis danışa bilərlər.

Xarici dillərin   öyrədilməsində ən vacib amillərdən biri müəllim hazırlığıdır. Etiraf etmək lazımdır ki, bu sahədə müəllimlərin səviyyəsi qənaətbəxş deyil. Müəllim özü kommunikasiya qura bilmirsə, tədris etdiyi dildə tam sərbəst danışmağa çəkinirsə, ondan dərsi kommunikativ keçməyi necə tələb etmək olar?

Dil mühiti də  mütləqdir. Müəllim dərsdə o mühiti yaratmalıdır,  tədris etdiyi dildə danışmalı və uşağı danışdırmalıdır. Müəllim xarici dil dərsində motiv yaratmağa borcludur. Elə situasiya yaratmalıdır ki, şagird xaricə getməsə də məcbur olub dili öyrənsin.

Dərs monoton, bir metoddan istifadə olunmaqla keçilməməlidir. Uşağın diqqəti 8-10  dəqiqədən sonra yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə bir neçə dəqiqədən  sonra fəaliyyət növünü dəyişərək digərinə keçmək zəruridir.

Təhsilin məzmununa gəlincə, müəllim başa düşməlidir ki, xarici dilin öyrədilməsində dərslik bir vasitədir, kitab yeganə bilik mənbəyi deyil, onlardan biridir. Çox təəssüf ki, bu gün müəllimlərdən çoxu  kitabdan asılı vəziyyətdədir. Onlar  elə başa düşürlər ki, dərslikdə nə varsa, onu da keçməlidirlər. Əslində isə dərslik üzərində işləməklə  sinfin səviyyəsinə, uşaqların  qabiliyyətinə, mövzuya uyğun dəyişikliklər edilməlidir.

Mənim fikrimcə,  sinfin şagirdlərin  səviyyəsinə görə bir neçə qrupa  bölünməsi xarici dilin tədrisində ən mühüm amildir. Şagirdlərin səviyyəsinə görə bölünmüş qruplarda  xarici dil fərqli proqramlara əsasən tədris edilərsə, hər bir şagird dili öz qabiliyyətinə uyğun mənimsəyər. Belə olduqda, sözsüz ki, daha yüksək nəticələr əldə  edilər. Nəzərə çatdırım ki, bir sıra xarici ölkələrdə (o cümlədən, ABŞ-da) məhz bu üsul tətbiq edilir.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov