Uşaqlara hansı yaşda xarici dili öyrətməli? |
Alimlər tərəfindən aparılmış tədqiqatlar
nəticəsində kiçikyaşlı uşaqların xarici dili
öyrənməli olduğu ən optimal yaş müəyyən olunub.
Amerika və Böyük Britaniya
neyro-fizioloqlarının birgə apardığı
araşdırmalar nəticəsində məlum olub ki,
azyaşlılar 2-4 yaşda xarici dili daha yaxşı
mənimsəyirlər. Alimlər hesab edirlər ki, bu
dövrdə uşaqların beyni daha dinamik inkişaf
edir.
Tədqiqatlarda yaşı 1-6 olan 108 sağlam uşaq
iştirak edib. Elmi araşdırma gedişində
mütəxəssislər azyaşlı iştirakçıların beynini
tədqiq ediblər. Onları insanın doğum günündən
formalaşmağa başlayan əsəb tellərinin mielin
örtüklərinin inkişafı maraqlandırıb. Mielin
maddəsi örtüyü izolyator kimi iştirak edərək
əsəb hüceyrələri arasında informasiyaların
ötürülmə sürətini artırır.
Müəyyən olunub ki, mielinin paylanması 4 yaşda
tam başa çatır. Beləliklə də yeni
informasiyaların daha çevik qəbul olunması
inkişafın ən erkən dövrünə təsadüf edir.
Alimlərə görə, məhz bu faktor 4 yaşa qədər olan
uşaqların yeni dili daha tez və daha asan
mənimsəməsi səbəbini izah edir. |
|
Amerikalı abituriyentlər kolleclərə daxil olmağa
hazır deyil |
Amerikalı abituriyentlərin əksəriyyəti
kolleclərə daxil olmağa hazır deyil. Bu barədə
Amerika Kollecləri Şurasının açıqlamasında qeyd
olunur. "Universitet xəbərləri" jurnalının
məlumatına görə, Birləşmiş Ştatlarda 2013-cü
ildə SAT (Scholastic Aptitude Test)
imtahanlarını vermiş məktəblilərin yalnız 50
faizi ali təhsil sahəsində uğur qazana bilər.
Ötən il isə bu rəqəm 43 faiz təşkil edib. SAT
testlərində iştirak etmiş məktəblilər 2400
mümkün baldan yalnız 1550 bal toplaya
biliblər. |
|
Harvard Universitetinin alimləri 1 milyondan
artıq məktəbli barədə toplanmış məlumatları
təhlil ediblər |
Alimlər
sübut ediblər ki, orta məktəb müəllimləri ilk
təhsil illərində öz şagirdlərinin gələcəkdə
uğurlu karyera qurmalarına təsir göstərirlər.
Orta məktəbdə yaxşı müəllimlərdən dərs almış
şagirdlər ali məktəblərdə də yaxşı davamiyyət və
təhsil göstəriciləri nümayiş etdirirlər.
Harvard Universitetinin alimləri tərəfindən
aparılmış tədqiqatlar göstərib ki, orta məktəb
dövründə heç olmasa bir yaxşı müəllimdən dərs
almış 9-13 yaşlı uşaqlar pis müəllim əlinə
düşmüş yaşıdlarından fərqli olaraq çox böyük
ehtimalla ali məktəblərə daxil ola və gələcəkdə
uğurlu karyera qura bilərlər.
Alimlər 1 milyondan artıq məktəbli barədə
toplanmış məlumatları təhlil ediblər. Harvard
Universitetinin iqtisadiyyat professoru Qeri
Çemberlen hesab edir ki, yaxşı müəllimlər yaxşı
şagirdlər tərbiyə edirlər. Onun sözlərinə görə,
bu fakt nə qədər aydın olsa da, onu elmi
cəhətdən sübut etmək o qədər də asan deyil.
Q.Çemberlen Amerika şəhərlərindən birində
(şəhərin və iştirakçıların adları məxfi
saxlanılır) 800 məktəbə aid məlumatları təhlil
edib. Məlumatlarda şagirdlərin IV-VIII
siniflərdə yerinə yetirdikləri test
tapşırıqlarının nəticələri, kolleclərdə dərsə
davamiyyətin vəziyyəti və məzunların 28 yaşda
gəlirləri əksini tapıb.
Məlumatları təhlil edən tədqiqatçılar belə bir
nəticəyə gəliblər ki, şagirdlərin təhsil
uğurları onun yetkinlik yaşında gəlirlərini
müəyyən edir. Q.Çemberlen bir məktəb
çərçivəsində eyni müəllimlərin dərs dediyi
müxtəlif sinifləri müqayisə etməyə imkan verən
alqoritm hazırlayıb. Məlum olub ki, bəzi
müəllimlər daim kolleclərə daxil olacaq
tələbələr hazırlayır. Yaxşı pedaqoqlardan dərs
alan şagirdlərin dərsə davamiyyəti və təhsil
uğurları yüksək olub. Bu isə daha çox standart
testlərdə əksini tapmayan tədris keyfiyyətləri
ilə izah olunur; müəllimlər öz yetirmələrinə
onları uğura aparan həyati bacarıqlar və
vərdişlər aşılayırlar. Yaxşı müəllimin verdiyi
təhsil də gələcəkdə məzunların illik
gəlirlərinin artmasına yol açır. |
|
Kanada universitetləri tələbələri yeni və
innovativ vasitələrlə əmək bazarına hazırlayır |
Kanada
universitetləri gənclər üçün gələcək karyera
qurmalarında ciddi mərhələdir. Bu barədə Kanada
Universitetləri və Kollecləri Assosiasiyasının
bəyanatında qeyd olunur. Bildirilir ki,
universitetlər bugünkü tələbələri əmək bazarına
yeni və innovativ vasitələrlə hazırlayır.
Universitet rəhbərliyi və tələbələr əmək
bazarının tələblərinə cavab verən təhsilin
vacibliyini etiraf edirlər. Tələbələr öz
karyeralarını qurmaqda eksperimental tədrisə
xüsusi əhəmiyyət verirlər. Ölkədə təhsil alan
tələbələrin tam yarısı üçün əmək təcrübəsi
akademik tədris planlarına daxildir.
Ölkənin məşğulluq idarəsi bildirir ki, ali
təhsil bu gün işsizlikdən xilas olmağın ən yaxşı
təminatıdır. 2010-2011-ci illər ərzində yaşı
25-dən 64-ə qədər olan bakalavrların 3,7 faizini
işsizlər təşkil edib. Artıq tələbələr daha çox
onları işlə təmin edə biləcək fənlərə meyil
edirlər.
Tələbələr əsasən biznes, hüquq, səhiyyə və
mühəndislik peşələri ilə bağlı olan fənlərə
üstünlük verirlər. Məşğulluq idarəsi qeyd edir
ki, hazırda işəgötürənlər gənclərin ali təhsilli
olmalarına diqqət yetirir. Məzunların
əməkhaqları da əldə olunmuş ixtisaslardan
asılıdır. Müəyyən olunmuşdur ki, biologiya və
biotibbi elmlər üzrə ali təhsilə malik məzunlar
ildə 60 min dollar qazanırlar. Beləliklə də
Kanadada əmək bazarının özü məktəb məzunlarını
ali təhsil almağa yönləndirir. Hazırda ölkədə
1,2 milyon tələbə var. |
|
Rusiyada keyfiyyətsiz təhsil verən ali məktəblər
bağlanacaq |
Bu barədə Rusiyanın təhsil və elm naziri Dmitri
Livanov açıqlama verib. Onun sözlərinə görə, ali
məktəblərin fəaliyyətinin monitorinqinin
nəticələrinə müvafiq olaraq keyfiyyətsiz təhsil
verən universitetlər akkreditasiyadan məhrum
olunacaq. "Uzun illərdir ki, bir sıra üzdəniraq
ali məktəblər və onların filialları dövlət
akkreditasiyaları almaqda davam edirlər. Artıq
buna son qoyulacaq",- deyə nazir Dövlət
Dumasındakı çıxışında bildirib. D.Livanov
əlavə edib ki, Təhsil və Elm Nazirliyinin hər
hansı ali məktəbi və ya onun filialını bağlamaq,
eləcə də tələbə sayını azaltmaq məqsədi yoxdur.
"Əsas məqsəd gəncləri səmərəsiz, faydasız, bəzən
də hətta saxta təhsildən qorumaqdır".
Qeyd edək ki, nazirlik 2012-ci ildə ali
məktəblərin ilk monitorinqini keçirib.
Monitorinqdə 541 dövlət ali məktəbi və onların
994 filialı iştirak edib. Nəticədə 30
universitet və onların 262 filialının
qeyri-səmərəsiz olduğu bildirilib və ya yenidən
qurulması tövsiyə olunub. Bu il keçirilən
monitorinqdə əsas yenilik dövlət ali məktəbləri
ilə yanaşı özəl universitetlərin də bu prosesə
cəlb olunmasıdır. |
|
İstedadlı məktəblilərin məlumat bazası yaradılır |
Rusiya məktəblilərinin Olimpiada Şurası
istedadlı şagirdlərin portfolio bazasını
yaradır. "Uçitelskaya qazeta"nın yazdığına
görə, bazada müxtəlif fənn olimpiadalarının
qalibləri və onların uğurları əksini tapacaq.
Rusiya Rektorlar Birliyinin mətbuat xidməti qeyd
edir ki, portfolioda həm də istedadlı uşaqlara
və onların inkişaf etməsinə dəstək göstərməyə
hazır olan hərbi-sənaye kompleksləri barədə
məlumatlar toplanacaq. Layihə çərçivəsində
"Olimpiada portfoliosu - peşəkar start" İnternet
saytın yaradılması da nəzərdə tutulub. Portalda
Rusiyada ilk dəfə olaraq ən yaxşı olimpiada
iştirakçılarının, gənc istedadları dəstəkləməyə
hazır olan işəgötürənlərin portfolio bazası
yerləşdiriləcək. |