Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin andiçmə
mərasimi
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş
İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə andiçmə
mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin
üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə
üzvləri iştirak etmişlər.
Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej
Azərbaycan Respublikası Prezidentinin andiçmə
mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.
2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən
prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi
düşdü. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı
seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən
yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək
qiymətləndirərək son illərdə ölkəmizdə demokratik
proseslərin uğurla getdiyini, prezident seçkilərinin
azad və şəffaf keçirildiyini bildirdilər.
Azərbaycan vətəndaşları yenidən öz səslərini İlham
Əliyevə verdilər. Seçicilərin böyük əksəriyyətinin səs
çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 5 il
müddətinə Prezident seçildi. Əslində, Azərbaycan xalqı
son 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli
inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs
verdi. Çünki son 10 ildə Azərbaycan dövlətinin siyasi və
iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin
dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu
fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri
tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli
dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz
qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata
keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya
inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət,
güclü lider vəhdəti son 10 ildə müasir müstəqil
Azərbaycanın devizinə çevrildi. Prezident İlham Əliyevin
həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir
azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət
siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandı.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının
Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə
mərasimi açıq elan olundu.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevi hərarətlə və sürəkli alqışlarla
qarşıladılar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının
Dövlət bayrağını və Azərbaycan Respublikası
Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın
sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri
səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad ABDULLAYEV çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunlarına dair
Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək,
cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan
Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab
İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası
Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq,
Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and
içməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini
Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə
qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirərkən Azərbaycan Respublikasının
Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini
və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and
içdi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan
xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və
ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək Azərbaycanın Dövlət
bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
andiçmə mərasimində geniş nitq söylədi.
***
Azərbaycan Respublikasının Dövlət bayrağı və Azərbaycan
Respublikası Prezidentinin ştandartı (bayrağı) səhnədən
aparıldı.
Bununla da andiçmə mərasimi başa çatdı.
AzərTAc
|