Oktyabrın
21-də Xanlıqlar kənd tam orta məktəbinin yeni binası
istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Xanlıqlar kənd tam orta məktəbinin
direktoru Nürəddin Niftəliyev demişdir ki, muxtar
respublikada aparılan tikinti-quruculuq işləri
çərçivəsində məktəb binalarının inşası mühüm yer tutur.
Xanlıqlar kənd tam orta məktəbi üçün müasir binanın
tikilməsi də bu sahəyə göstərilən qayğının daha bir
nümunəsidir. Əsaslı şəkildə yenidən qurulan məktəb
müasir avadanlıqlarla təchiz olunub. Bu da kollektiv
qarşısında mühüm vəzifələr qoyur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov Xanlıqlar kənd tam orta məktəbinin yeni
binasının istifadəyə verilməsi münasibətilə kollektivi
təbrik edərək demişdir: "Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası
qoyulan təhsil strategiyası bu gün ölkəmizdə uğurla
davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir,
ölkəmizdə yeni məktəb binaları tikilir, təhsil
ocaqlarının maddi-texniki bazası gücləndirilir. Həyata
keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəlməsinə,
hər il ali məktəblərə qəbul olunan məzunların sayının
artmasına səbəb olmuşdur".
Ali
Məclisin sədri məktəbin nəticələrinin uğurlu olduğunu
bildirərək demişdir ki, ötən tədris ilində məktəbin 4
məzunu ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i
isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali
məktəbə qəbul olan məzunlardan biri yüksək bal
toplamışdır. Bütün bunlar isə şagird-müəllim
münasibətlərinin düzgün qurulmasının, tələbkarlığın
olmasının nəticəsidir. Məktəbin pedaqoji kollektivi
bundan sonra da təhsil uğurlarının daha da artırılması
istiqamətində səylə çalışmalıdırlar.
Ali Məclisin sədri demişdir: "Bu gün istifadəyə verilən
yeni məktəb binası Xanlıqlar kəndində uşaqların yaxşı
təhsil almasına, kənddə təhsilin səviyyəsinin
yüksəldilməsinə hesablanmışdırsa, gələcəkdə buranı
bitirən məzunlar ölkəmizin inkişafında yaxından iştirak
edərək dövlətçiliyimizin və müstəqilliyimizin
qorunmasına xidmət edəcəklər. Ona görə də məktəbə
ölkənin gələcəyinə xidmət edən bir sahə kimi baxılmalı,
məktəb işinə, təhsilin səviyyəsinin yüksəldilməsinə daim
diqqət yetirilməlidir".
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında
məktəbin kollektivinə uğurlar arzulayıb, rəmzi açılışı
bildirən lenti kəsib.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən
ibarət olan məktəb binası 396 şagird yerlikdir. Təhsil
ocağında 22 sinif otağı, kimya, biologiya və fizika
laboratoriyaları, hərbi kabinet, 2 kompüter otağı, 2
müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Məktəb kitabxanasına yeni ədəbiyyatlar və dərsliklər
verilib, kitab fondu zənginləşdirilib, kimya, biologiya
və fizika fənlərinin normal tədrisi üçün ayrıca
laboratoriyalar yaradılıb.
Kompüter otaqlarında 38 kompüter quraşdırılıb və
İnternetə qoşulub. Məktəbdə hər 6 şagirdə bir kompüter
düşür. Sinif otaqlarında quraşdırılan 4 elektron lövhə
isə interaktiv tədrisin daha səmərəli aparılmasına
şərait yaradacaqdır.
Hərbi kabinetdə və idman zalında yaradılan şərait isə
ilkin hərbi hazırlıq, eləcə də fiziki tərbiyə
dərslərinin yüksək səviyyədə keçilməsinə imkan
verəcəkdir.
Məktəbin həyətində də abadlıq işləri aparılıb,
yaşıllıqlar salınıb.
AzərTAc |