Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Kanadada müəllim olmaq üçün bir müddət müəllim köməkçisi kimi fəaliyyət göstərmək tələb olunur

 

Xaricdə işləıyən müəllim həmvətənlərimiz

Dünyanın müxtəlif ölkələrində yaşayıb işləyən həmvətənlərimiz çoxdur. Tale onları müxtəlif səbəblərdən hazırda yaşadıqları ölkələrə gətirib çıxarıb. Xaricdə təhsil aldıqdan sonra oxuduqları ölkələrdə qalıb öz karyeralarını quranlar da az deyil. Harada yaşayıb işləmələrindən, hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq xaricdə yaşayan həmvətənlərimizi bir müqəddəs hiss birləşdirir: doğma vətənə, Azərbaycana məhəbbət, azərbaycanlı olmaqdan duyduqları fəxarət hissi. Məhz bu hisslər onları doğma vətənlə daim əlaqə saxlamağa, burada gedən proseslər, aparılan böyük quruculuq işləri ilə daim maraqlanmağa, imkan düşən kimi vətəni ziyarət etməyə sövq edir. Xaricdə yaşayıb işləyən həmvətənlərimiz arasında müəllimlər də çoxdur. Onları arayıb-axtarmaq və pedaqoji ictimaiyyətimizə tanıtmaq üçün redaksiyamız qəzetin bu nömrəsindən başlayaraq "Xaricdə işləyən müəllim həmvətənlərimiz" adlı yeni rubrika açır. Həmin rubrika altında dünyanın ayrı-ayrı ölkələrində çalışan müəllim soydaşlarımız haqqında vaxtaşırı materiallar dərc edilməsini planlaşdırırıq. Aşağıda bu silsilədən ilk yazını təqdim edirik.

* Kanadada müəllimlər ildə 4-6 dəfə təkmilləşmə kurslarında iştirak edirlər.

* Kanadada kurikulumlar 2006-cı ildən tətbiq olunur. Bu metod demək olar ki, çox sürətlə dəyişir və təkmilləşir.

* Hər tədris ilinin əvvəlində keçirilən simpoziumda bütün müəllimlər "Müəllimin əl kitabı" ilə təmin olunur ki, bu kitabda da müəllimin bütün il boyu görəcəyi işlər və qarşılaşacağı problemlər, onlardan çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik qiymətləndirmə cədvəlləri, dərsə hazırlaşmaq qaydaları və s. öz əksini tapır.    

Yeganə CƏFƏROVA,
Kanadanın Toronto şəhərindəki C.H.Best adına orta məktəbin müəllimi

İmişlidən Kanadaya 

Yatsam heç yuxuma da girməzdi ki, nə vaxtsa vətəndən çox-çox uzaqlarda, dünyanın ən demokratik və inkişaf etmiş ölkələrindən biri olan Kanadada yaşayacaq, sevimli sənətim olan müəllimliyi burada davam etdirəcəyəm.

Ömür yolum İmişli rayonunun Cəfərli kəndindən başlayıb. Burada ziyalı ailəsində doğulmuşam. Atam Eldar Əliyev iqtisadçı-mühasib, müəllim, anam Bəyim Əliyeva isə ibtidai sinif müəllimi olub. Cəfərli kənd orta məktəbini (indi həmin məktəb şəhid Telman İsmayılovun adını daşıyır) 1983-cü ildə bitirib APİ-nin (indiki ADPU-nun) riyaziyyat-informatika fakültəsinə daxil olmuş və 1988-ci ildə təhsilimi başa vurmuşam. 1989-cu ilin noyabr ayından uşaq bağçasında fəaliyyətə başlamışam.  

2000-ci ilin sentyabr ayınadək bağçada tərbiyəçi işləmişəm. Çalışdığım müddətdə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda 2 aylıq təkmilləşdirmə kursunu keçmiş, dəfələrlə açıq kompleks məşğələlər aparmışam. Bağçada hazırladığım əl işləri - qədim ev əşyaları və N.Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanlarının modelləri ilə Bakı şəhəri uşaq bağçaları arasında keçirilən sərgidə iştirak edərək ikinci yeri tutmuş və fəxri fərmanla təltif olunmuşam. Eyni zamanda Azərbaycan "Bilik" Cəmiyyətində psixoloq kursunu bitirmişəm. 2001-ci ilin sentyabrından 2003-cü ilin fevral ayına qədər özəl ali məktəblərin birində psixoloq kimi fəaliyyətimi davam etdirmişəm.

2003-cü ildə ailəmlə birlikdə Kanadaya miqrasiya etmişəm. Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayıram.  

Torontoda müəllim kimi işləməyə necə nail oldum? 

Ontario Kanadanın ən çox əhali məskunlaşan əyalətidir. Sənaye şəhəri olan Toronto Kanadanın ən böyük şəhəridir.

Bir çox başqa ölkələrin, o cümlədən keçmiş sovet ölkələrinin diplomları Kanadada qismən qəbul olunsa da, hər bir ali təhsil almış şəxs ölkənin təhsil sisteminin təhsili idarəetmə orqanlarının təşkil etdiyi ekvivalentlik yoxlama testindən keçməlidir. Həmçinin, müəllim kimi işə düzəlmək üçün iş stajı tələb olunur ki, bu məqsədlə  də təhsil ocaqlarında və ya müəssisələrdə  könüllü və təmənnasız olaraq müəllim köməkçisi kimi çalışıb iş stajı toplamalısan. Mən də bu yolu keçməli oldum.

2003-cü ilin may-avqust aylarında ingilis dili kursunu bitirib yaxınlıqdakı məktəbin 3-cü sinfində müəllim köməkçisi kimi təmənnasız olaraq işləməyə başladım. Demək olar ki, məktəbin bütün siniflərində olurdum. Tədris ilinin sonuna az qalırdı. Bir gün tənəffüs zamanı sinfin müəllimi Serato mənə yaxınlaşdı və işimdən çox razı qaldığını bildirdi. Sonda o mənə məktəbdə daimi işə düzəlməkdə kömək etmək istədiyini dedi və Toronto Şəhər Təhsil Şöbəsinin ünvanı yazılmış bir kağız parçası uzatdı. Təhsil şöbəsində CV yazıb gətirməli olduğumu bidirdilər. Bir neçə gündən sonra mən xarici ölkələrdən gəlmiş mütəxəssislər üçün yaradılmış 3 aylıq kursa yazıldım. Kursun nəzəri hissəsi 2 ay idi. Tələbələr bir ay da öz ixtisaslarına uyğun olan iş yerlərində təcrübə keçməli idilər. Bununla yanaşı diplomumu Dünya Elm Mərkəzinə təqdim etdim və təsdiq edərək mənə bakalavr dərəcəsi verdilər. Yaşadığım küçədə yerləşən uşaq bağçasına bir aylıq təcrübə keçmək üçün müraciət etdim. İlk gündən uşaqlarla işimi yüksək qiymətləndirən "Uşaqlar küncü" bağçasının müdiri Polin birillik müqavilə ilə mənə müəllim köməkçisi işi təklif etdi. 2004-2005-ci illərdə "Uşaqlar küncü" adlanan uşaq bağçasında müəllim köməkçisi işlədikdən sonra 2006-cı ilin yanvarında Toronto şəhər hakimiyyətinə tabe olan şəxsi uşaq bağçasına rəhbərlik etməyə başladım.

Bağça fəaliyyətimin elə ilk günlərindən qüsurlu və inkişafdan geri qalan uşaqlarla işlədim və onların normal həyata qayıtmasında böyük əmək sərf etdim. Bu uşaq bağçasında işləməklə yanaşı Mothercraft İnstitutunda 3 aylıq "uşaqların inkişafı" kursunu keçdim. Eyni zamanda 2007-ci ilin mart ayından bu günədək Toronto Şəhər Təhsil Söbəsinin xarici dillər departamentinin nəzdində açılan və 55 dildən biri olan Azərbaycan dili müəllimi vəzifəsini daşıyıram. Bundan əlavə, 2009-cu ilin noyabrında ekvivalent testdən və ingilis dili testindən, Rayarson Universitetində 2 illik kurikulum kursları və 6 həftəlik təcrübə keçərək Ontario Məktəbəqədər Müəllimləri İnstitutunun üzvlüyünə qəbul olunmuşam. Hazırda Toronto şəhərindəki C.H.Best adına orta məktəbdə işləyirəm. 

Kanadada müəllimə ciddi tələblər verilir 

Kanadada bütün müəllimlər hər il qeydiyyatdan keçməli və ildə 4-6 dəfə təkmilləşdirmə kurslarında iştirak etməlidirlər. Hər il dərs ili başlamazdan bir həftə qabaq bütün müəllimlər simpoziumda iştirak edir və yeni dərs ilində təlimin yeni metodları ilə tanış olurlar. Bütün müəllimlər hər 3 ildən bir 2 günlük ilk təcili yardım kursları da keçməlidirlər. Müəllimlərin demək olar ki, hamısı birləşmiş "Union" adlanan bir təşkilatın üzvüdür. Mənim çalışdığım departamentin müəllimləri və mən də həmçinin "unit B"-nin üzvüyük. Kanadada kurikulumun tələblərinə görə bütün müəllimlər məktəbəqədər kurikulum kurslarını keçməlidirlər. Bu ona gorədir ki, hər bir müəllim kiçikyaşlı uşaqların inkişafının 5 domaini, yəni sahəsini mükəmməl bilməlidir. Məhz buna görə də mən məktəbəqədər kurikulumunu mükəmməl öyrənib məktəb kurikulumuna keçmişəm.  Təhsilimi Rayarson Universitetinin  "Kurikulumun  məktəblərdə  tətbiqinin müxtəlif  yolları və araşdırılması" bakalavr proqramı üzrə davam etdirməyə hazırlaşıram.  

Kanadanın təhsil sistemində maraqlı cəhətlər çoxdur 

Kanada çoxmillətli ölkə olduğu üçün onun təhsil sistemi də çox maraqlı, zəngin və çoxşaxəlidir. Məktəbəqədər tərbiyə uşağın anadan olduğu gündən başlayır və bəzi bağçalarda 6 yaşınadək, bir sıra bağçalarda isə 12 yaşınadək davam edir. Dörd yaşı dekabrın 31-dək tamam olacaq bütün uşaqlar məktəbin hazırlıq sinfinə getməlidirlər. Bu hazırlıq sinifləri 2010-cu ilə qədər bütün məktəblərdə iki növbə olmaqla hər gün iki saat yarım idi. 2010-cu ildən başlayaraq hazırlıq sinifləri birnövbəli olaraq bütöv dərs gününə keçməyə başladı ki, bu proses 2015-ci ilədək davam edəcəkdir. Bu siniflərdə bir sinif müəllimi və iki məktəbəqədər tərbiyəçi-müəllim çalışır. Məktəbəhazırlıq sinifləri ibtidai məktəblərdədir və ibtidai məktəblər bəzi məktəblərdə 5-ci, bəzilərində 6-cı və bəzi məktəblərdə isə hətta orta məktəblə bir yerdə, yəni 8-ci sinfədək olur. Orta təhsil, bəzi  məktəblərdə  5-8, bəzilərində isə 6-8-ci sinifləri əhatə edir. 8-ci sinfə qədər iki dəfə ümumölkə testləri keçirilir ki, bu testlər də 3-cü və 6-cı siniflərin sonuna təsadüf edir. Testlərin hər biri 3 gün davam edir. 9-cu sinifdən 12-ci sinfədək olanlar yüksək məktəb və ya gimnaziya, bəzən kollec-institutut da adlandırılır ki, bu məktəbə seçim 8-ci sinifdən başlayır. Yüksək məktəb əsasən dörd tipə bölünür: açıq sinif - bu sinifdə oxuyanlar təhsilini davam etdirmək fikrində olmayanlardır; adi sinif - bu sinifdə oxuyanlar orta bilik səviyyəsinə malik olan sagirdlərdir; akademik sinif - bu sinifdə oxuyanlar yaxşı oxuyan sagirdlərdir; və nəhayət, daha yüksək bacarığa malik olan sagirdlərin test verərək qəbul olduqları ixtisaslaşmış akademik siniflər. 9-12-ci siniflərdə tədris ili iki semestrdən ibarət olur ki, hər semestrdə şagird 4 fənn keçir və semestrin sonunda imtahan verir. Elə fənlər var ki, ancaq bir semestrdən ibarətdir. Bu 4 il ərzində universitetə daxil olmaq istəyən şagird 44 kredit yığmalı (hər əsas fənn 1 kredit və adi fənn yarım kredit deməkdir) və 12-ci sinifdə aldıgı qiymət 79-100 bal olmalıdır. Universitetə və ya kollecə qəbul olmaq istəyən hər bir şagird 10-cu sinifdən başlayaraq hansı ixtisası seçəcəyini müəyyən etməli və həmin ixtisasa uyğun fənlər götürməlidir. Çünki Kanadada ali məktəbə qəbul şagirdin birbaşa 12-ci sinifdə aldığı qiymətlərlədir. Amma Kanadada 4 ildən az yaşayan şagirdlər universitetə qəbul olmaq üçün ancaq ingilis dilindən imtahan verməli olurlar. Bütün bunlarla yanaşı, fitri istedada malik olan şagirdlər, eləcə də müxtəlif qüsura malik olan və əlil uşaqlar üçün xüsusi siniflər və yaxud məktəblər də vardır. Beş dərs günü olmaq şərti ilə bir dərs ili 10 aydan ibarətdir. İldə iki dəfə tətil olur: qış tətili və mart tətili. Qış tətili dekabrın sonuna təsadüf edir və iki həftədən ibarət olur. Mart tətili isə bir həftədən ibarətdir. İbtidai məktəblərdə 4-cü sinfədək ingilis dili, riyaziyyat, kompüter, bədən tərbiyəsi, musiqi, kitabxana və 3-cü sinifdən başlayaraq elm fənləri tədris olunur. 4-8-ci siniflərdə tarix, fransız dili, elm və texnologiya əlavə olunur. Bundan başqa, hazırlıq sinfindən 8-ci sinfə qədər hər bir şagird öz ana dilində və istəsə bir neçə dildə dərslərə yazıla bilər ki, bu dil dərsləri də həftənin 7 günü, həftədə bir dəfə olmaqla 2 saat yarım keçilir. Mənim dərs dediyim Azərbaycan dili sinfi orta məktəbdə altıncı günlər olur.

Kanadada kurikulumlar 2006-cı ildən tətbiq olunur. Bu metod demək olar ki, çox sürətlə dəyişir və təkmilləşir. Kurikulum sistemi müəllimi daim öz üzərində işləməyə və axtarışlar aparmağa sövq edir. Kurikulum təhsil məqsədlərinin qiymətləndirilməsi üçün təlimat, məzmun, materiallar, ehtiyatlar və proseslərlə şagirdlərin planlaşdırılan qarşılıqlı əlaqəsidir. Kurikulum metodlarını tətbiq edərkən sagirdin bilik və bacarıqları aşkara çıxarılır, təfəkkürü və diqqəti, sərbəstliyi və natiqlik qabiliyyətləri inkişaf edir. Dərslər şagird mərkəzli, sual-cavab tipli, fərdi, qruplarla və kollektiv aparılır. Dərslərdə əsasən əyani vasitələrdən istifadə edilir. Şagirdlərin dərs zamanı iştirak etdiyi didaktik və tapmaca tipli oyunlar və tapşırıqlar onların verilmiş materialları tam mənimsəməsinə gətirib çıxarır.

Tədris ilinin əvvəlində keçirilən simpoziumda hər bir müəllim müəllimin əl kitabı ilə təmin olunur ki, bu kitabda da müəllimin bütün il boyu görəcəyi işlər və qarşılaşacağı problemlər, onlardan çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik qiymətləndirmə cədvəlləri, dərsə hazırlaşmaq qaydaları və s. öz əksini tapır. Rüblük vəsiqələr isə elektron olaraq hazır formada müəllimə göndərilir, müəllim tərəfindən tamamlanır, məktəbin direktoru tərəfindən yoxlanılaraq imzalanır və sonda müəllim tərəfindən imzalanaraq şagirdə verilir.

Məlumat üçün onu da bildirim ki, yüksək məktəbi və ya gimnaziyanı bitirən hər bir şagird diplom alır. Bu çox mühüm sənəddir, çünki bu diplomu ala bilməyən şagird təhsilini davam etdirə bilmir. Amma lap ömrünün sonunadək istədiyi vaxt oxuyub bu diplomu ala bilər.

9-12-ci siniflərdə şagirdlər oxuduqları məktəbdə istədikləri müxtəlif peşələrə də yiyələnə bilirlər. Bu peşə kursları elə məktəbdə təşkil olunur. Həm də bütün 9-12-ci siniflərdə oxuyan şagirdlər 40 saat hər hansı bir müəssisədə, uşaq bağçalarında, mağazada, kitabxanada və s.-də könüllü olaraq işləməlidirlər (iş yerlərində kömək edirlər, amma məvacib almırlar). Əgər bu 40 saat işlədikləri haqqında arayış məktəbə təqdim edilməsə, şagirdlər diplom ala bilmirlər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov