Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Mikroelektron texnologiyanın öyrənilməsi və ondan istifadə zamanı gigiyenik qaydalar

 

Müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün  sahələrdə  aparıcı rol oynamasıdır.  Bizi əhatə edən  informasiya  "xaosundan"  səmərəli bəhrələnmək üçün ən gözəl və düzgün vasitə mikroelektron qurğularından, kompüter texnologiyasından, İnternetdən düzgün istifadə etməkdir. Elmi-texniki inqilabın yüksək pilləsi  sayılan  kompüter texnologiyası insan beyninin məhsulu  olduğuna görə bizimlə paralel inkişaf edir və   bizdən asılı olmayaraq bütün sahələrdə də öz təsirini göstərir. Mikroelektron texnologiyanın inkişafı o dərəcəyə çatmışdır ki,  elm adamları artıq virtual aləmlə əlaqədar təcrübələr aparır və bu sahədə  çox böyük uğurlar əldə edirlər.

Müxtəlif sahələrdə İKT-nin  yeniliklərindən  istifadə,  "Elektron hökumət"in dövlət səviyyəsində qəbul  edilməsi və tətbiq olunması Azərbaycanda informasiya - kommunikasiya texnologiyalarının inkişafının ən son nailiyyətlərinin tətbiq olunmasına əyani misaldır.

Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə  "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur.

"İnformatika"  elminin dərindən öyrənilməsini  və tətbiqini  müasir  təhsilin inkişaf tendensiyası tələb edir.

Müasir qarışıq informasiya bolluğuna, xaosuna  düşən, bəzən vaxtdan,  vəziyyətdən  düzgün istifadə edə bilməyən bir çox  gənclər və yeniyetmələr xarakterlərindən, düşdükləri və ya yetişdikləri mühitdən asılı olaraq, gündəlik həyatlarında müəyyən  problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər.

Vaxtdan düzgün, sərbəst və səmərəli istifadə edə bilməyi öyrənmək şagirdin və ya tələbənin gələcəkdə savadlı kadr olmasına zəmin yaradır.  Müasir həyat ritminin rəngarəngliyindən düzgün istifadə edə bilməmək, plansız, rejimsiz  həyat tərzi, qəbul edilən  və ya  alınan müəyyən  neqativ  məlumatlar, ətrafdan  olan mənfi  təsirlər, tənbəllik, həvəssizlik  və s. gənclər tərəfindən düzgün olmayan yaşayış tərzinin seçilməsinə səbəb ola bilər. Onlar bəzən    şəxsi həyatlarında  yaranan  problemlərini  həll  etməkdə və ya  dərdlərini kiminləsə bölməkdə çətinlik çəkirlər, bəzən rastlaşdıqları bu kimi problemləri həll etməyə  gücləri çatmır,  ona görə də virtual aləmə daha çox bağlanırlar. Bu isə ətraf mühitlə rabitənin "soyuqluluğuna"   səbəb ola bilir.

Təhsil sistemində   kompüter, mikroelektron texnologiyasının digər fənlərlə   birgə  tətbiq olunması  öyrənilən sahənin daha da dərindən mənimsədilməsinə  imkan yaradır.  Bunun üçün  isə məqsədyönlü şəkildə  kompüterdən sərbəst istifadəni mənimsətmək və  "öyrənməyi  - öyrətmək"  prinsipini daha dərindən  tətbiq etmək  lazımdır.

Mövzunun mənimsədilməsi prosesində tətbiq edilən metodlar zamanı öyrəncilərin marağı, fərdi xüsusiyyətləri, savadı, tələbatları, qabiliyyətləri  müəllim tərəfindən nəzərə alınmalıdır.

Müasir təlim-tədris prosesində tələbələrdə  yaradıcı təfəkkürü inkişaf etdirməyə  çalışmaq lazımdır. Bunun üçün dərs prosesində  tədris olunan  fənnə müvafiq olaraq, tələbələrin mövzulara  müstəqil yiyələnməsi, digər sahələrlə əlaqənin yaradılması, onların sərbəst işləməyi bacarması, şəxsi qabiliyyət və  yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, keçilən mövzulara marağın yaradılması s. istiqamətində planlı işlər aparılmalıdır.

Müəllimin köməkliyi ilə fərdi və ya kollektiv şəkildə iş tələbələrdə yaradıcı təfəkkürün, yeni  ideyanın  və mənimsəmənin inkişafına daha çox yol açır, sərbəst işə düzgün  qərar qəbuluna, qarşılıqlı fikir mübadiləsinə marağı artırır. Bu isə  tələbələri yeni biliklərin daha da dərindən və lazımi səviyyədə öyrənilməsinə yönəltməkdir. Təlimin və mənimsətmənin bu cür təşkili prosesində fəal öyrəncilərlə birlikdə nisbətən  zəif  tələbələr də  aktiv fəaliyyətə və sərbəst öyrənməyə  başlayırlar.

İşlənəcək praktik mövzular müəllimin nəzarəti altında tələbələr tərəfindən seçilə bilər. Mövzuların seçilməsində məqsəd açıqlanmalıdır. Belə ki, tələbələrin "niyə məhz bu mövzunu seçdin?"  barədə məlumatlandırılması  üçün onlara suallar verilməli  və hər tələbədən  fərdi olaraq cavablar  alınmasına çalışılmalıdır. Mövzuların işlənməsində  hər bir qrup bir fərd kimi iştirak etməlidir. Burada fərdi şəkildə, iki nəfər  və ya daha çox qrup birləşməsi  iştirak edə bilər. İşin hazırlanması üçün müəyyən müddət  (hər semestrə və ya rübə uyğun) və ya  müzakirə üçün vaxt  əvvəlcədən müəyyənləşdirilərək öyrəncilərə bildirilməlidir. Hazır işin işlənmə ardıcıllığı, əsas məqsədi, tətbiq sahəsi, üstünlükləri və s. barədə məlumat  yazılı şəkildə hazırlanmalı və işlənmiş referat mövzu xarici yaddaşa yazılaraq (CD-R, CD-RW, mini-disk, flash kart və s.) fənn müəlliminə təhvil verilməlidir. Praktik mövzular əvvəlcədən müəyyən edilmiş vaxt reqlamentinə uyğun işlənməli və qiymətləndirilmə bütün qrupla müzakirə olunaraq aparılmalı və ya verilməlidir. Bu cur öyrədilmə sistemində fənn mümkün olduğu qədər  digər fənlərlə  və müasir həyatla əlaqələndirilməlidir. Çünki dərs zamanı mövzuların mütəmadi  olaraq həyatla əlaqələndirilməsi tələbələrdə  çalışmaq üçün daha çox maraq yaradır.

Sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq, müasir kompüter və elektron  texnologiyalarının, İnternetin, mobil telefonların  həyatımıza daxil olması   hazırda insanların bu qurğularla paralel yaşamasına səbəb olur. Lakin  təəssüf  hissi ilə  qeyd edək ki, bu qurğulardan istifadə zamanı bəzən sağlamlıq və gigiyena qaydalarına  düzgün riayət olunmur, bu isə gələcəkdə insan orqanizminin sağlamlığı  üçün müəyyən problemlərin yaranmasına səbəb ola  bilər. Bu baxımdan  müəyyən problemlərin qarşısının alınması üçün elektromaqnit dalğalarının  insan orqanizminə təsiri haqqında  informasiya verilməli, istifadəçilər əvvəlcədən məlumatlandırılmalıdırlar. Çalışmaq lazımdır ki, bütün sahələr üçün müraciət  edə biləcəyimiz İnternetdən məqsədyönlü şəkildə, sağlamlıga və fikir aydınlığına zərər gətirmədən və eyni zamanda müəyyən vaxt məhdudiyyəti ilə istifadə olunsun. Ümumiyyətlə, kompüterlərlə  təhlükəsiz və rahat işləmək üçün müəyyən vərdişlərə yiyələnmək mühüm amildir.  Kompüter, mobil telefon, digər mikroelektron qurğuların  yataq otağında olması məsləhət deyil.

Portativ kompüterdə işləyərkən insan orqanizminə mənfi təsiri olan vasitələrdən biri   monitordan başqa, sistem blokudur. Müasir monitorlar maye-kristal olduğuna görə, nisbətən daha çox mənfi təsirli sistem blokunun "arxa" tərəfidir. Sistem bloku düzgün yerləşdirilməli və ventilyasiya deşikləri açıq saxlanılmalıdır. Noutbuklardan istifadə edərkən də müəyyən qanunauyğunluqlara riayət olunmalıdır. Onlardan bəzən uzanmış vəziyyətdə, bəzən qucağa qoyularaq istifadə edilir. Belə istifadə məsləhət deyil.  Noutbukların altına qoyulmaq üçün xüsusi lövhələr satılır və ya adi  taxta parçasından  istifadə etmək olar.

Harvard Universitetinin Araşdırmalar Mərkəzində aparılan eksperiment zamanı məlum olub ki, elektron maqnit dalğaları sahəsində fəaliyyət göstərən insanlarda bir müddət sonra nevroz, psixi narahatlıq və digər əsəb xəstəlikləri əmələ gələ bilir. Onu da qeyd edək ki, immun sisteminin güclü olması üçün  insanın düzgün həyat tərzi və gün rejimi ilə yaşaması mühüm amillərdən biridir. Bu baxımdan mobil telefonlarla   işləyərkən də  diqqətli olmaq lazımdır, mümkünsə telefonu özündən müəyyən məsafədə aralı gəzdirmək, danışarkən  qulaqcıqdan istifadə etmək lazımdır, çünki telefonun bədənin harasında olmasından asılı olmayaraq elektromaqnit sahəsi insan orqanizminə, immun sisteminə müəyyən  mənfi təsir göstərə bilir. Telefon xüsusilə zəng çalan zaman zərərlidir. Çünki stansiyaya hələ qoşulmayan telefon güclu elektromaqnit dalğalarının vasitəsi ilə ətrafı şüalandırır.  Belə təsirə çox məruz qalan insanda immun sistemindən asılı olaraq müəyyən  dəyişikliklər əmələ gələ bilir, bu proses uzunmüddətli və fasiləsiz olarsa, bəzi həkimlərin fikrinə görə, hətta epilepsiyaya, yaddaşda zəifliyə gətirib çıxara bilir və beyin qabığı sayılan kopteksə mənfi təsir edir. Ona görə də bu qurğulardan istifadə vaxtı müəyyən  yaş həddi və  vaxt məhdudiyyəti  mütləq  nəzərə alınmalıdır.

Kompüterdən istifadə zamanı insan orqanizminə mənfi  təsirin qarşısını  almaq ücün müəyyən şərtlərə mütləq əməl olunmalıdır. Məsələn, düz oturmaq və beli bükməmək (stulu düzgün seçmək lazımdır), çiyinlər gərilməməli və qollar 90 dərəcəlik  bucaq qədər qatlanmalıdır, monitorla məsafə gözlənilməlidir. Bu məsafənin mümkünsə, 70 sm-dən az olmaması məsləhətdir. Monitoru otağa düşən işığa müvafiq yerləşdirmək lazımdır. Belə ki, işıq əgər pəncərədən monitorun üzərinə düşərsə, bu, monitorun görüntüsünü zəiflədə bilər. Əgər işıq bizim gözümüzə düşərsə, göz əlavə təsirdən narahat olar. Mümkün qədər hər  30-60  dəqiqədən bir gözləri monitordan çəkib uzaqlara, yaşıllığa, ətrafa, künclərə baxıb  göz (göz əzələsi) idmanı etmək məsləhətdir. Kompüter üçün nəzərdə tutulan eynəklərdən istifadə olunmalıdır.

Elektromaqnit dalğaların yaratdığı  sahənin mənfi təsirini aradan qaldırmaq üçün istifadəçilərin elektron qurgularla təmasında və  kompüterdən istifadə zamanı müəyyən  vaxt məhdudiyyəti qoyulmalıdır. Vaxt məhdudiyyətini tətbiq edərkən  yaş həddi mütləq  gözlənməlidir. Yaşlı adamlara nisbətən azyaşlı uşaqların immun sisteminin daha zəif olması  nəzərə alınmalı, əks-təsirin aradan qaldırılması üçün onlardan müəyyən edilmiş  vaxt məhdudiyyəti ərzində istifadə olunmalı və vaxtaşırı olaraq istifadəyə fasilə verilməlidir. Onu da qeyd edək ki, kompüterdən istifadə zamanı  vaxt məhdudiyyəti ilə əlaqədar həkimlər yekdil fikrə gəlməyiblər, bu sahə üçün hələ ki, standart etalon qəbul edilməyib.

Kompüterdə  oynanılan oyun növlərinə və oyunlar zamanı istifadə olunan vaxta mütləq nəzarət olunmalıdır. Nəzarət olunmadıqda  hər hansı bir oyunun addım mərhələlərini sona çatdırmaq üçün bəzən uşaqlar  saatlarla kompüterin qarşısında  otururlar, bu isə virtual dünyaya qapılmağa səbəb ola bilər.

Hazırkı informasiya cəmiyyətinin əsasını İnternet təşkil edir.

Lakin İnternetdən plansız şəkildə  istifadə  etmək cəmiyyətdə müəyyən problemlər yarada bilər. Məsələn,  hazırda dünyada  "İnternet xəstəliyi"nin yaranması  və  artması buna misal ola bilər (2012-ci ildə təqribən 130 milyona yaxın insanın  bu xəstəliyə tutulması haqqında qeyri-rəsmi məlumatlar var). İnkişaf etmiş ölkələrdə bu xəstəliyə qarşı mübarizələr aparılır, ixtisaslı həkimlər hazırlanır, müalicə üçün xüsusi xəstəxanalar yaradılması planlaşdırılır  və s.

İnternet xəstəliyi (onun əlamətləri özünəqapanma, özünə və ətrafdakılara qarşı diqqətsizlik, dəridə səpkinin yaranması, iştahsızlıq, ünsiyyətdə çəkingənlik, fikirdağınıqlığı, kobudluq, yuxu rejiminin pozulması, əsəbilik və s.  başqa xəstəliklərlə qarışdırmamaq və düzgün diaqnoz üçün mütləq həkimə müraciət etmək lazımdır) və müalicəsi haqqında (mikroelektron qurğulardan istifadə zamanı vaxt  məhdudiyyəti, düzgün istifadə, lazımi vitaminli qida qəbulu, təbii  meyvə və bitki şirələrinin qəbulu, təmiz hava,  piyada gəzinti, normal yuxu, göz  və bədən idmanı, təbiətlə, ətraf mühitlə, insanlarla birbaşa təmas, ailənin qayğıkeş və diqqətli olması və s.) ətraflı məlumatları mənimsəmək və eyni zamanda planlı şəkildə  onları tətbiq etməyi və etdirməyi  bacarmaq lazımdır.

Kompüterdən istifadə edərkən  vaxtaşırı otağın havasını  dəyişdirmək lazımdır, çünki sistem bloku işləyərkən  havanı quruda bilir. Bəzi mütəxəssislər üstü tikanlı bitkilərdən istifadə etməyi,  bəziləri bir stəkan suyu, yaxud sulu meyvələri iki bölüb  işlək  kompüterin qarşısına və ya yanına  qoymağı, iş başa çatdıqdan sonra isə atmağı məsləhət görürlər.  Bəzi yapon alimləri  isə bu baxımdan limondan istifadəyə  üstünlük verirlər. Qeyd edək ki,  Azərbaycanın təbii nemətlərindən olan nar və alma  şirəsi (çuğundur və yerkökü şirəsini də əlavə etmək olar) ən  məsləhətli vasitələrdən biridir.

Hazırda sosial şəbəkələrdən, İnternetdən fərdi şəkildə  istifadə edildiyinə görə  əsasən azyaşlılara,  gənclərə düzgün yol göstərilməli, zərərli vərdişlərdən, insan psixikasına mənfi  təsir edən saytlara daxil olmağın zərərindən ətraflı şəkildə  söhbət açılmalıdır.  Onu da qeyd edək ki, İnternetə sızan lazımsız məlumatların qarşısını alan proqramlar hələ ki, özünü tam şəkildə doğrultmur.

Bütün bunları nəzərə alaraq müəllimlər ayrıca bir dərs saatını mikroelektron  qurğulardan  istifadə  zamanı sağlamlıq,  gigiyena  qaydaları ilə tanışlığa sərf etməli, tələbələrə zərərli vərdişlər barədə ətraflı məlumat verməlidirlər.  

Niyar UMAROVA,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
ümumi riyaziyyat və təbiət elmləri fənləri kafedrasının müəllimi
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov