Prezident təqaüdçüləri
Məlum olduğu kimi, 2013-2014 tədris ili üçün ali
məktəblərə keçirilmiş qəbul imtahanlarında Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36
min 537 plan yerinə 33 min 745 gənc qəbul olunub.
Onlardan 10 min 812-si I qrupa, 9 min 698-i ikinci
qrupa, 9 min 615-i üçüncü qrupa, 3 min 620-si dördüncü
qrupa qəbul edilib.
Qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər,
dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər maksimum - 700
bal toplayıb.
Hər il olduğu kimi, bu il də tələbə qəbulu
imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr
göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş bir
qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il
tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Bu nömrəmizdən başlayaraq onları təqdim edirik:
Nərminə
MURĞUZOVA,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi
Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 2013-cü
ildə orta məktəbi doğulduğu, boya-başa çatdığı kənddə
bitirib. Bu il III qrup üzrə keçirilən qəbul
imtahanında 700 bal toplayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisasına daxil olub. Təhsil aldığı ali
məktəb haqqında əvvəllər yaxşı sözlər eşidən Nərminə
akademiyada dərslər başladıqdan sonra eşitdiklərindən
daha maraqlı anların şahidi olub.
DİA-da yüksək bilik əldə etmək üçün doğrudan da hər cür
şərait var.
Bu gün o, DİA-nın tələbəsi olması ilə fəxr edir.
Sevincinin hədd-hüdudu yoxdur. Çünki ölkə Prezidentinin
verdiyi sərəncamda Prezident təqaüdünə layiq görülən
tələbələr sırasında onun da adı var.
Vaxtının çoxunu kitabxananın oxu zalında keçirən
Nərminənin ən böyük arzusu ona göstərilən etmadı
doğruldaraq savadlı hüquqşünas olmaqdır.
Fatma
İSMAYILOVA,
Azərbaycan Dillər Universitetinin tələbəsi
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində
anadan olub. 2002-ci ildə Bakı şəhərindəki 164 nömrəli
tam orta məktəbin birinci sinfinə daxil olsa da, sonra
ailə vəziyyəti ilə əlaqədar təhsilini Naxçıvan şəhər
Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib.
Təhsil aldığı müddətdə məktəblilər arasında keçirilən
Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadaların
respublika turunda iştirak edərək I yerə layiq görülüb.
Həm də məktəblilər arasında keçirilmiş "Mənim hüquq və
vəzifələrim" adlı hüquq olimpiadasında I dərəcəli diplom
alıb. 2013-cü ildə orta məktəbi qızıl medalla bitirib.
Uşaqlıqdan ADU-nun tələbəsi olmaq arzusunda olub,
nəhayət arzusu həyatda reallaşıb. Qəbul imtahanında 687
bal toplayaraq Azərbaycan Dillər Universitetinin
pedaqoji fakültəsinə qəbul olub.
Universitetin tələbəsi olduğu üçün özünü çox xoşbəxt
hesab edir. Təhsil aldığı müddətdə bir neçə xarici dil
öyrənmək fikrindədir.
Fatma bildirib ki, dövlətimiz təhsilə və gəncliyə
xüsusi diqqət və böyük qayğı göstərir. Belə olan
şəraitdə arzum ali məktəbi fərqlənmə diplomu ilə
bitirməkdir.
Əsmər
İSKƏNDƏROVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi
İmişli rayonunda anadan olub. 2002-ci ildə rayonun
A.Eminov adına 7 nömrəli orta məktəbinin birinci
sinfinə daxil olduğu gün heç vaxt Əsmərin yadından
çıxmır. O, orta məktəbdə oxuduğu müddətdə
müəllimlərinin biliklərindən lazımınca faydalanıb.
Həmin vaxtlarda məktəbdə keçirilən bilik yarışlarında
həmişə yaxından iştirak edib və uğurlar qazanıb. Bu il
ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika
fakültəsinə daxil olmaqla öz arzusuna qovuşub.
Əsmər Prezident təqaüdünə layiq görüldüyünə görə ailə
üzvləri adından Prezident cənab İlham Əliyevə öz
təşəkkürünü bildirir.
Ən böyük arzusu ona göstərilən etimadı doğruldub,
insanların sağlamlığı keşiyində durmaq üçün yaxşı həkim
olmaqdır.
Flora
QAFAROVA,
Qafqaz Universitetinin tələbəsi
Sumqayıt şəhərində anadan olub. Sumqayı şəhər N.Gəncəvi
adına Texniki və təbiət elmləri liseyini bitirib.
Orta məktəb illərində fənn olimpiadalarında fəal iştirak
edib.
Dediyinə görə, hazırda oxuduğu ali məktəb haqqında heç
də geniş məlumatı yox imiş. Arzusu da bu universitetə
qəbul olmaq imiş.
Ona görə də 700 balla bu ali təhsil müəssisəsinə qəbul
olub, hazırda tərcüməçilik fakültəsində təhsil alır. O,
bizimlə söhbətində universitetin təsəvvür etdiyindən
də üstün olduğunu dedi. Çünki burada oxumaq, yüksək
təhsil almaq üçün imkanlar genişdir.
Prezident təqaüdünə layiq görulməsini qürurverici sayan
tələbə üçün bu böyük dəstəkdir. Həm də bu təqaüd
Azərbaycan gəncinə, Azərbaycan elminə dövlət qayğısının
sübutudur. Dövlət tərəfindən verilən bu təqaüd həm də
hər kəsi yaxşı oxumağa sövq edir.
Prezidentimizin bu diqqətini elmin sirlərinə dərindən
yiyələnməsi ilə doğrultmağa çalışacağını deyən gənc
gələcəkdə Azərbaycana lazımlı bir mütəxəssis olmağı
arzulayır.
Məhəmməd
İSMAYILOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi
Bakı şəhərində anadan olub. 2013-cü ildə paytaxtdakı 258
nömrəli tam orta məktəbdə təhsilini başa vurub.
Məktəbə gedən ilk gündən dərslərini yaxşı oxuyaraq,
yoldaşları arasında həmişə fərqlənib. Oxuduğu müddətdə
"Araz" kurslarının bilik yarışlarında III yer, XI
sinifdə oxuyanda isə tarix fənnindən Bakı şəhəri üzrə
keçirilən olimpiadada I yeri tutub. Orta məktəbi qızıl
medalla bitirib.
Bu il III ixtisas qrupu üzrə keçirilən qəbul
imtahanında 700 bal toplayaraq DİA-nın siyasi idarəetmə
fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub.
Məhəmməd bildirib ki, Prezident təqaüdünə layiq
görüldüyünə görə üzərinə düşən məsuliyyəti ciddi dərk
edir və təhsildə daha böyük uğurlar qazanmağa çalışır.
Hazırladı: Şakir CƏFƏROV |