Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni təyinatlar

 

 Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri və yeni kadr təyinatları aparılmışdır. Dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir.

Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilmişdir. Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov isə BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunmuşlar.

BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası həvalə edilmiş Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (KingTs College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıtmışdır.

On ilə yaxın müddətdə müxtəlif rəsmi qurumlarda dövlət qulluqçusu kimi uğurla fəaliyyət göstərməkdədir. Dövlət qulluğunun kiçik müşaviri dərəcəsinə malikdir.

BŞTİ-nin müdir müavini təyin edilmiş Məmmədəli Kəsəmənli Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1984-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışmışdır.1990-2013-cü illərdə Bakı şəhərindəki müxtəlif məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. BŞTİ-nin müdir müavini vəzifəsində tədris və təlim məsələləri ilə məşğul olacaqdır.

BŞTİ-nin müdir müavini təyin edilmiş Nərgiz Səfərova Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnmişdir. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışmışdır. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olacaqdır.

Təhsil nazirinin müvafiq əmrinə əsasən Arzu Tairquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Arzu Tairquliyeva 2004-2008-ci illərdə bakalavriat səviyyəsi üzrə Bakı Dövlət Universitetinin tarix fakültəsini qafqazşünaslıq ixtisası, 2008-2010-cu illərdə magistratura səviyyəsi üzrə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsini amerikaşünaslıq ixtisası üzrə bitirmişdir. 2012-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin Sosial Elmlər Kollecinin (College of Social Sciences) fənlərarası tədqiqat fakültəsində (School of Interdisciplinary Studies) magistratura təhsili almışdır.

İdarədə digər kadr dəyişiklikləri də aparılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov