Xarici
dilin öyrənmə vasitəsi kimi dərk olunması onun ən mühüm
ünsiyyət vasitəsi kimi zəruriliyini şərtləndirir, yazılı
və şifahi dil formalarına yiyələnməyin vacibliyini
meydana çıxarır. Şagirdlər öz fəaliyyətlərində tədris
olunan xarici dilə yeni bilik və bacarıqlara yiyələnmə
vasitəsi kimi yanaşır, onun funksional imkanlarından
istifadə edirlər.
Xarici dilin təlimində əsas məqsədə nail olmaq üçün
şagirdlərin nitq inkişafının təmin olunması vacib hesab
edilir. Ona görə də təlim prosesində şagirdlərin lüğət
ehtiyatının zənginləşdirilməsi, cümlə qurmaq
vərdişlərinin formalaşdırılması, rabitəli nitq
nümunələrinin hazırlanması mühüm istiqamətlər kimi
diqqət mərkəzində saxlanılır.
Dilin düşünmə vasitəsinə çevrilməsi prosesi nitq
fəaliyyətinin əsasını təşkil edən sözlərin, eləcə də
digər nitq vahidlərinin öyrənilməsindən başlayır.
Danışıq səsləri, heca, söz, söz birləşməsi, cümlə,
nəhayət, mətn üzrə bilik, bacarıq və vərdişlər
mənimsənilir. Onlar qeyri-iradi keyfiyyətlər kimi
təfəkkür tərzinə, düşüncə vahidlərinə çevrilir. İdraki
fəaliyyətin bütün mərhələlərində fəaliyyətlər
mənimsənilmiş dil vahidlərinə, nitq modellərinə əsasən
qurulur.
İstər nitq fəaliyyətinin növləri, istərsə də dil
qaydaları üzrə bacarıqların mənimsənilməsi ümumi nitq
inkişafını təmin edir. Burada dil, nitq və mətn özünün
kommunikativ funksiyasını yerinə yetirir. Lakin dilin,
nitqin və mətnin yerinə yetirdiyi kommunikativ
funksiyalarda müəyyən fərqlər meydana çıxır. Belə
fərqlərin daha geniş planda araşdırılması bəzi
məsələlərə aydınlıq gətirilməsini tələb edir. Həmin
məsələlər mətnin kateqoriya və vahidlərini, mətnin
funksiyalarını, dil-nitq münasibətlərini əhatə edir.
Nitq aktları və mətn dilçiliyi müstəvisindən də bu
məsələyə baxılarsa bütöv kommunikativ aktda istifadə
olunun nitq aktlarının özlərinin də fərqli funksiya və
xüsusiyyətləri üzə çıxır.
Ümumiyyətlə, dilin funksiyaları geniş anlayışdır və
dilin cəmiyyətdə, insanlar arasında, eləcə də tarixi
inkişaf prosesində oynadığı rolla səciyyələnir. Dilin
kommunikativ funksiyası öz növbəsində kommunikasiya
prosesinin amilləri fonunda nitq və mətnin kommunikativ
funksiyaları kimi öyrənilməlidir. Bu isə qeyd olunduğu
kimi, bir sıra məsələləri aydınlaşdırmağı, onlara
münasibət bildirilməsini tələb edir. Mətn və qrammatik
kateqoriyaları müqayisə edib onların fərqli cəhətlərini
aşkara çıxarmaq mümkündür. Pedaqoji ədəbiyyatda bu
kateqoriyalar arasında müəyyən fərqlər qeyd edilir.
Mətnin semantika və quruluşunda bu və ya digər
kateqoriyanın üzə çıxması funksional-semantik sahə ilə
əlaqədardır. Belə sahə leksik-qrammatik sahə ilə
müqayisədə məzmunca daha genişdir və daha çox konseptual
səciyyə daşıyır. Mətn kateqoriyasının gerçəkləşməsi
qrammatik kateqoriyadan fərqli olaraq tənzimlənən deyil,
ehtimallı səciyyə daşıyır. Mətn üçün onun formalaşma
xarakteri müəyyən qaydalarla və ya qrammatika ilə
məhdudlaşmır.
Formalaşma qrammatik, semantik, praqmatik qaydaların
geniş spektrindən bəhrələnmə imkanları ilə seçilir.
Mətnin xassələri morfoloji və sintaktik qrammatik
kateqoriyaların funksional potensialın reallaşmasında
üzə çıxır. Mətnin belə quruluşu mətn kateqoriyasının
sərhədlərini genişləndirməyə imkan verir.
Deyilənləri belə ümumiləşdirmək mümkündür ki, mətnin
kateqoriyası onun əlamətlərinin məcmusudur. Tam əsər,
eləcə də onun hissələri müəyyən kateqorial əlamətlərə
malikdir. Bu əlamətlərin qarşılıqlı münasibəti mətni
yaradır. Mətn isə bir bütöv kimi ayrı-ayrı cümlələrdən
ibarətdir. Mətn - müxtəlif tipli cümlələrin məcmusudur.
Cümlə əsas kommunikativ vahiddir. Kommunikativlik
cümləyə xas olan predikativlikdən irəli gəlir. Cümlə
elementlərinin kombinator imkanları bu elementlərin
hansı nitq hissəsi olması və bu nitq hissəsinin hansı
leksik-semantik və qrammatik yarımqrupuna məxsus olması
ilə əlaqədardır.
Cümlə modellərinin təsnifatının əsasında morfoloji,
semantik və sintaktik əlamətləri qoyduqda cümlənin əsas
tiplərini aşağıdakı qaydada müəyyən etmək olar:
1. Fel cümlələri - bu, konkret fiziki fəaliyyət olub
obyektə istiqamətlənir, fakültativ şəkildə alət və
vasitəni göstərir.
2. Adyektiv cümlələr.
3. Şəxsin, predmetin xassələri, keyfiyyətləri haqqında
xəbər verən cümlələr.
4. Substantiv cümlələr. Bu tip üç yerə bölünür.
Təsnifedici xəbər verən cümlələr, şəxs və ya predmetin
əlamətlərini bildirən cümlələr; burada əlamət predmetin
materialı, mənbəyi, mənşəyi ola bilər; adlandırılmış
əlamət əsasında verilmiş zamanı və məkanı səciyyələndirə
bilər.
5. Zərflik cümlələr: a) predmetin müxtəlif
əlamətlərindən xəbər verənlər; b) şəxsin vəziyyətindən
xəbər verənlər; c) mühitin halını bildirənlər.
6. Kvantitativ cümlələr - say və kəmiyyət bildirən başqa
sözlərin predikatla işlənməsi; haqqında söhbət gedən
predmetin kəmiyyət xarakteristikalarını bildirir,
cümlənin adyektiv-komparativ modelində iki predmetin
müqayisəsi haqqında məlumat öz ifadəsini tapır.
Bu baxımdan, peşəkar xarici dil müəllimi tədris
prosesində cümlə və mətnin xarakteristik
xüsusiyyətlərini mütləq şəkildə nəzərə almalı,
şagirdləri kontekstə uyğun seçilmiş mətn nümunələri
əsasında istiqamətləndirməlidir.
Səadət ZEYNALOVA,
Bakıdakı 250 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi |