1991-ci
ildə Moskva şəhərində anadan olmuşam. 1998-2006-cı
illərdə Bakı şəhəri Nizami rayonundakı E.Quliyev adına
15 nömrəli tam orta məktəbdə təhsil almışam. 2006-cı
ildə Bakı Türk Anadolu Liseyinə qəbul olunmuşam. 2010-cu
ildə TCS (Türkiyə Cümhuriyyəti Sınavı) imtahanında
respublika üzrə yüksək nəticə göstərərək 45 şagirddən
biri kimi Türkiyə Respublikası İstanbul Universitetinin
genetika fakültəsinə daxil olmuşam. Hazırda bu təhsil
ocağında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində təhsilimi davam etdirirəm. Dördüncü kurs
tələbəsiyəm.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi
çox yüksək səviyyədə və ədalətli keçdi. Üç mərhələdən
ibarət seçim prosesi ixtisaslı kadrlar tərəfindən
aparıldı və bacarıqlarımız dəyərləndirildi. Düşünürəm
ki, Dövlət Proqramı dünyanın ən güclü və qabaqcıl elm və
tədqiqat mərkəzlərində təhsil almaq istəyən kreativ,
ambisiyalı və potensiallı Azərbaycan gənci üçün əla bir
şansdır. Ayrılan təqaüdlər və yaradılmış şərait heç bir
maddi və mənəvi çətinlik yaratmadan keyfiyyətli təhsilin
alınması üçün gözəl imkanlar yaradır. Seçdiyim
ixtisas prioritet sahələr arasındadır və düşünürəm ki,
genetika elminin ölkəmizdə inkişafına şərait yaradılması
müsbət haldır.
Tələbə həyatı olduqca maraqlıdır, eyni zamanda
çətinliklər də vardır. Günümün çox hissəsini
universitetdə, tədqiqat laboratoriyalarında və
kitabxanada keçirirəm. Təcrübə və tədqiqatlarımı eyni
zamanda İstanbul Universitetinin tibb fakültəsi, Uşaq
Sağlamlığı İnstitutunun tibbi genetika kafedrasında da
aparıram və mənə köməyini heç vaxt əsirgəməyən
professor, müəllimlərimə öz minnətdarlığımı bildirirəm.
Təhsil aldığımız ölkələrdə biz eyni zamanda
Azərbaycanın milli dəyərləri və maraqlarını təmsil və
təbliğ edəcək bir diaspora üzvüyük. Bizim əsas
məqsədlərimizdən biri də Azərbaycanı dünyada
tanıtmaqdır. Ölkəmizin mədəni irsini və dəyərlərini ən
layiqli şəkildə təmsil etmək bizim birinci və ən önəmli
vəzifəmizdir. Təhsillə yanaşı, mən ictimai və akademik
fəaliyyətlərdə də yer almağa çalışıram. Tələbə
yoldaşlarımızla birlikdə seminarlar və konfranslar
təşkil edirik. Hər il qış ayında İstanbul
Universitetinin genetika dərnəyinin nəzdində "Qış
məktəbi" təşkil edir və xarici ölkələrdən professorlar
və müəllimlər dəvət edirik. Yeni elmi işlərlə,
metodlarla tanış olur, əməkdaşlıq əlaqələrini
möhkəmləndiririk.
Türkiyə Respublikasında təxminən 3000-ə yaxın tələbəmiz
təhsil alır və bunun da böyük hissəsi İstanbul şəhərinin
payına düşür. Biz Azərbaycan diasporası və İstanbuldakı
Baş Konsulluğumuz ilə sıx əməkdaşlıq edir, Azərbaycan
həqiqətlərinin dünyaya yayılması məqsədilə mütəmadi
tədbirlər keçiririk. Mən ASAİF təşkilatının (Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumu) üzvüyəm və istər ölkə daxilində,
istərsə də ölkə xaricində keçirilən konfranslarda fəal
iştirak edirəm. İstanbulda təşkil olunan Azərbaycan
mədəniyyəti gecələrində, ölkəmizin mədəni-tarixi irsinin
tanıdılması məqsədilə təşkil edilən tədbirlərdə fəal
iştirak etməyə çalışıram.
İstanbul Universiteti Türkiyənin ən qədim təhsil
ocağıdır. Əsası 1453-cü il mayın 30-da Fateh Sultan
Mehmet tərəfindən qoyulmuşdur. Hazırda bu universitetdə
55 min tələbə təhsil alır və bu ali məktəb dünyanın 500
ən yaxşı universitetinin siyahısına (2006-cı il) daxil
olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın
100 ən yaxşı universiteti sırasındadır.
Təhsilimi müvəffəqiyyətlə başa vurduqdan sonra ölkəmə
xidmət etməyi özümə borc bilirəm. Xüsusilə də doğumdan
öncəki diaqnostika, genetik irsi xəstəliklərin
diaqnostikası və genetik balansın qorunması, gen
bankının yaradılması mənim üçün ən önəmli
hədəflərdəndir. Əminliklə söyləyə bilərəm ki, təhsilimi
uğurlu şəkildə başa vurduqdan sonra Vətənə dönəcək, əldə
etdiyim bilikləri və qazandığım təcrübələri
vətəndaşlarımızın sağlamlığına sərf edəcəyəm.
Ağarza AĞAYEV,
Türkiyənin İstanbul Universitetinin tələbəsi |