Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Vətən tarixindən vətənpərvərlik dərsi

 

Azərbaycan  tarixindən bütün dərslər vətənpərvərlik tərbiyəsinə xidmət edir.  Lakin elə mövzular var ki,  onlara həsr olunan dərslərdə əvvəldən axıradək  vətən, xalq sevgisi  sinfin, şagirdlərin ruhuna hakim kəsilir, dərs bütövlükdə vətənpərvərlik tərbiyəsi nümunəsinə çevrilir. Rayonumuzun fəal müəllimlərindən birinin, Şuşa şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Aynur Zeynalovanın belə bir dərsində iştirak etdim.

Aynur Zeynalovanın 8-ci sinifdə tarix fənnindən  "Ağqoyunlu dövlətinin süqutu" mövzusunda apardığıı "açıq dərs"də Şuşa RTŞ-ın əməkdaşları, rayonun bir sıra  məktəblərinin  direktorları, tarix müəllimləri və  valideynlər iştirak edirdilər.  Məqsədi  şagirdlərə Ağqoyunlu dövləti, XV əsrdə Azərbaycan tarixində Uzun Həsənin rolu haqqında biliklər vemək,  tarixi abidələrin xəritələrdə müəyyənləşdirilməsi  üzrə bacarıqların aşılanması, Ağqoyunlu dövlətinin zəifləməsi səbəblərinin araşdırılması  olan dərsdə fərdi və kollektiv iş formasından,  tarixi xəritələrdən, eksponatlardan, kompüter və proyektordan, tarixi şəxsiyyətlərə aid şəkillərdən və materiallardan, digər resurslardan istifadə olunurdu.

Dərsin motivasiya hissəsində  müəllim tərəfindən şagirdlərin diqqəti əvvəlki dərslərdə öyrənilmiş biliklərə əsasən Azərbaycan ərazisində yaranmış dövlətlərə, onların inkişafının, tənəzzülünün  və süqutunun əsas səbəblərinə yönəldildi. Həmçinin müəllim tərəfindən şagirdlərə iki türk elinin hökmdarı Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsən və Osmanlı sultanı Fateh Mehmetin münasibətlərinə uyğun belə bir atalar sözü xatırladıldı: "Ət ilə dırnaq arasına girən iylənib çıxar". Sonra Uzun Həsənin varislərinin şəkilləri təqdim olundu və onların arasında olan münasibətlər müzakirə edildi. Şagirdlər öz mülahizələrini irəli sürməklə ilk slaydda göstərilən və həlli tələb olunan problemə dair əsas ideyanı söylədilər. Sonra müəllim tədqiqat sualını elan etdi: "Ağqoyunlu hökmdarı Uzun Həsənlə Osmanlı sultanı Fateh Mehmet arasında olan münasibətlərin, Uzun Həsənin apardığı aramsız müharibələrin, varisləri arasında gedən daxili çəkişmələrin Ağqoyunlu  dövləti üçün nəticəsi nə  oldu?".

Şagirdlər tədqiqat sualı üzərində işləməyə başladılar. Slaydlar üzərində iş şagirdlərin fəallığını artırdı. Eyni zamanda ağqoyunluların yaşadığı ərazilər xəritədə göstərildi. Uzun Həsənin hakimiyyətə gələn kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, Ağqoyunlu dövlətinin paytaxtı olan Təbrizin  daha hansı türk dövlətlərinin paytaxtı olması şagirdlər tərəfindən təhlil və təqdim edildi, müvafiq müzakirələr aparıldı. Bundan sonra şagirdlər Sara xanımın diplomatik fəaliyyəti haqqında rollu oyun təqdim etdilər.

Mövzunun əsas ideyası, qruplaşdırılmış məlumatlar lövhədə qeyd olundu. Uzun Həsənin xarici təhlükələri dəf etmək, əhalinin vəziyyətini yaxşılasdırmaq, vergiləri nizama salmaq, güclü ordu yaratmaq, diplomatik əlaqələr qurmaq istiqamətindəki fəaliyyətləri və aparılan quruculuq işləri, Ağqoyunlu dövlətinin zəifləməsi və süqutunun səbəbləri, Osmanlı-Ağqoyunlu müharibələrinin ümumi türk birliyinə mənfi təsiri şagirdlər tərəfindən təhlil edildi. Beləliklə, şagirdlərin qeyd edilmiş fikirləri  keçirilən müzakirə sualları əsasında bir  ideya halında birləşdirildi və bu gün müstəqil Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Avropa ilə  ticarət, iqtisadi, mədəni əlaqələrə önəm verdiyi  qeyd olundu. Ən əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları nəticəsində "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft kəmərinin çəkilməsi və Azərbaycanın türk birliyi ölkələri ilə əbədi dostluğu  xüsusi dəyərləndirildi.  

XV əsrin diplomat qadını Sara xanımla bu gün Azərbaycanı dünyada tanıdan ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ustalıqla əlaqələndirildi. Sonra müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə aparıldı və evə tapşırıq verildi.

Sonda  tarix boyu daim təzyiqlərə məruz qalan, bölünən, parçalanan, ancaq düşmən qarşısında yenilməyən Azərbaycan oğuz eli haqqında yığılan materialla Azərbaycan türk birliyinin əbədiliyinə həsr olunmuş musiqi parçasının  sədaları altında yekunlaşdırılan dərsin təhlili aparıldı. Dərsdə iştirak edən bütün müəllimlər Aynur Zeynalovanın dərsini fəal təlim metodları ilə apardığını, şagirdlərinə güclü vətənpərvərlik hissi aşıladığını  qeyd etdilər və həmkarlarına uğurlar arzuladılar. 

Əyyub ƏBDÜLƏZİMOV,
Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi,
"Tərəqqi" medallı müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov