Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan bölməsi ilə birgə "Azad
Mirzəcanzadə zirvəsi" mövzusunda elmi konfrans keçirilib.
Konfrans AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı,
Azərbaycan Respublikasının əməkdar elm xadimi Azad Xəlil
oğlu Mirzəcanzadənin anadan olmasının 85 illiyi ilə
əlaqədar təşkil olunub.
Konfransı giriş sözü ilə universitetin rektoru,
professor Saleh Məhərrəmov açaraq alimin həyat və elmi
yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Azad
Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində
anadan olub, orta məktəbi bitirdikdən sonra ali
təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye
İnstitutunun neft-mədən fakültəsində alıb və dağ
mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika
elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq
dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor
adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü
seçilib.
AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl
Hacıyev vurğulayıb ki, Azərbaycan elminin inkişafında
mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə
tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli
araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin
çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi
fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı
problemlər onun tərəfindən fundamental elmi nəzəri
məsələlər səviyyəsində araşdırılıb. Akademik İsmayıl
Hacıyev Azərbaycan elminə başucalığı gətirən Azad
Mirzəcanzadə ilə bağlı xatirələrini də bölüşüb.
Konfransda NDU-nun elmi işlər üzrə prorektoru, dosent
Mübariz Nuriyevin "Azərbaycan elminin inkişafında
akademik Azad Mirzəcanzadənin rolu", AMEA Naxçıvan
bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya
elmləri doktoru Əliəddin Abbasovun "İstedaddan yoğrulmuş
əbədiyyət nümunəsi", NDU-nun memarlıq və mühəndislik
fakültəsinin dekanı, dosent Cavanşir Zeynalovun "Arzum
Azərbaycanı dünyanın intellekt bazarında layiqli yerdə
görməkdir", AMEA Naxçıvan bölməsi Təbii Ehtiyatlar
İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə
doktoru Məmməd Hüseynəliyevin "Görkəmli alim, unudulmaz
şəxsiyyət", NDU-nun baş müəllimi, riyaziyyat üzrə
fəlsəfə doktoru Vüqar Salmanovun "Azad Mirzəcanzadə
Azərbaycan neft sənayesində nanotexnologiyadan istifadə
olunmasının banisi kimi" mövzularında məruzələri
dinlənilib. Məruzələrdə bildirilib ki, son dərəcə geniş
maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılıqla
yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub, yüksək
ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib.
Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində
ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi
potensialın yaradılmasında da yaxından iştirak edib.
Orijinal elmi ideyaları və onları gerçəkləşdirmək
istedadı ilə ölkəmizdən uzaqlarda da böyük şöhrət
qazanmış akademik yaddaşlarda Azərbaycan elminin fəxri,
onun ən parlaq simalarından biri kimi yaşayacaqdır.
Konfransda Azad Mirzəcanzadənin həyat və yaradıcılığına
həsr olunmuş slayd nümayiş etdirilib.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |