Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant
müqaviləsi imzalamışdır. Bu barədə AzərTAc-a ADA-nın
mətbuat xidmətindən məlumat verilmişdir.
Müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar
Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu Mərkəz dövlət
qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa
İttifaqı üzrə magistratura proqramının yaradılmasına
yardım göstərəcəkdir. Magistratura proqramının ADA-nın
2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa
Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.
Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa
İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili,
kitabxana yaradılması, ADA-nın professor və müəllim
heyətinin Avropa universitetlərinə səfərləri, tələbə
mübadiləsi, təlim proqramlarının keçirilməsi, o cümlədən
tədris proqramının təkmilləşdirilməsi kimi işlər
görüləcəkdir.
Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı
ADA-nın diplomatiya və beynəlxalq münasibətlər üzrə
magistratura proqramının tərkibində həyata
keçiriləcəkdir. Qeyd edək ki, 2014-2015-ci akademik il
üçün ADA-nın diplomatiya və beynəlxalq münasibətlər
ictimai siyasət ixtisasları üzrə magistratura
proqramlarına tələbə qəbulu davam edir. |