Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Dövlət İdarəçilik Akademiyasında yeni kitabın təqdimatı olub

 

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-mən bu haqda nə bilirəm?" inşa müsabiqəsinin yekununa və "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" kitabının təqdimatına həsr olunan tədbir keçirilib. Tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətinin açıqlandığını, bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini bildirib. Ermənistanın Azərbaycana təcavüzündən söz açan akademik vurğulayıb ki, bu istiqamətdə olan tədbirlər, inşa müsabiqələri, yazılan kitablar gənc nəslin öz tarixinə sahib çıxmaqla yanaşı,  erməni millətçiliyinin mahiyyətinin, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, adıçəkilən ölkənin Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Çıxış üçün söz alan Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, DİA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Yusif Ağayev, akademiyanın elmi kitabxanasının müdiri Fəridə Mahmudova və digərləri həyata keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək tələbələrin sərbəst yazı və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradılmasının, istedadlı gənclərin üzə çıxarılmasının vacibliyi barədə danışıblar.

Natiqlər  qeyd  ediblər  ki,  peşəsindən,  vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqamətini, hədəfini işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir. Hər birimiz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə  dəstək  verməliyik. Ermənilərin  Cənubi  Qafqazda  yeritdikləri təcavüz siyasətinə biliyin, səriştənin, intellektin gücü ilə yanaşmalıyıq. Eyni zamanda hər birimiz  həm  də  biliklə  silahlanmalıyıq.

Tədbirin sonunda inşa müsabiqəsinin qaliblərinə - akademiyanın inzibati idarəetmə fakültəsinin II kurs tələbəsi Rəşad Əlizadəyə (I yer), inzibati  idarəetmə fakültəsinin II kurs tələbəsi Aytac Seyidəliyevaya (II yer), siyasi idarəetmə fakültəsinin I kurs tələbəsi Rukiyyə Tağısoya (III yer) diplomlar və müxtəlif  kitablar verilib.

Yığıncaqda həmçinin "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabın təqdimatı olub. Kitabın müəllifi Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovdur. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov