Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevanın çıxışı

 

Hörmətli sədarət!

Hörmətli qurultay iştirakçıları!

Hər birinizi Azərbaycan müəllimlərinin XIV qurultayı münasibəti ilə təbrik edirəm və sizə uğurlar arzulayıram.

Bu gün Azərbaycan təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Bu inkişaf təhsilin bütün mərhələlərində özünü göstərir. Milli təhsilimizə dövlət qayğısının ildən-ilə artması onun dünyada geniş yayılmış təhsil standartlarına yaxınlaşmasını təmin edir. 

Diqqətinizi uzaq keçmişə yönəltmək istərdim. 1978-ci ildə  Azərbaycan müəllimlərinin VI  qurultayı keçirilirdi. Ümummilli lider Heydər Əliyev həmin qurultayda belə bir fikir söyləmişdi: "Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuşdur. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci vəzifəsidir. Bununla yanaşı, təhsilimizin ən böyük məqsədi Azərbaycan vətəndaşı, cəmiyyətin ləyaqətli üzvünü hazırlamaqdır".  O zamanlar müstəqil olacağımızı təsəvvür belə edə bilməzdik. Müstəqil dövlətin vətəndaş tərbiyəsinin birbaşa təhsillə bağlı olması isə danılmaz faktdır.

Hələ 35 il bundan əvvəl uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyevin bu sərrast deyimi bu günümüz üçün daha aktualdır. 

Ümumi orta təhsilin məqsədi bir tərəfdən təhsilalanların sistemli bilik, bacarıq və vərdişlərə yiyələnməsini təmin etməkdirsə, digər tərəfdən onları ictimai həyata, səmərəli əmək fəaliyyətinə hazırlamaq, milli mənəvi və ümumbəşəri dəyərlərə sahib olan vətəndaş və şəxsiyyət yetişdirməkdir. Bu mənada  ümumtəhsil məktəbləri dövlətin inkişafını təmin etmək üçün nəzəri və praktik biliklərə malik, rəqabətqabiliyyətli kadrların yetişməsi üçün baza rolunu oynayır.  Son illər ölkəmizdə aparılan sosial- iqtisadi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf etmişdir. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri həyatımızın yenidən qurulması üçün böyük zəmin yaratmışdır. Bu, ümumtəhsil məktəblərinin sferasında da əsaslı islahatların aparılmasını zəruri etmişdir. Odur ki, 2003-cü ildən təhsil sahəsində  xeyli inkişafyönümlü proqram və layihələr həyata keçirilməyə başlanmışdır.

Aparılan islahatlarla yanaşı, təhsilimizdə bu gün də həllini gözləyən bir çox problemlər mövcuddur. Möhtərəm cənab Prezident İlham Əliyev demişdir:  "Biz neft kapitalını intellektual kapitala çevirməliyik". Sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına cavab verməsi üçün yeni və daha mütərəqqi islahatların həyata keçirilməsi zərurəti yaranmışdır. Təbii ki, təhsil hələ həyatın özü deyil, yalnız həyata hazırlıq mərhələsidir. Bu baxımdan insanın bütün sonrakı inkişafının bünövrəsi ümumi təhsilə əsaslanır. Məqsədə çatmaq üçün ən böyük məsuliyyət də məhz ümumi təhsilin üzərinə düşür. Yəqin ki, əksər hallarda məktəbdə uşaqların üzündə təbəssümün, məmnuniyyət hissinin  olmamasının, xüsusilə buraxılış siniflərində oxuyan  şagirdlərin dərslərdən tez-tez yayınmalarının, həm fiziki, həm də əqli yorğunluğunun səbəbi təhsil sistemindəki mövcud çatışmazlıqlarla bağlıdır. Bu durum hamımızı düşündürməli, vəziyyətdən birgə çıxış yolları tapmağa yönəltməlidir. Bu günün məktəbi şagirdlərin məcburi gəldiyi, bəzən uğursuz başa vurduğu təhsil mühitindən hər mənada sevdiyi və güvəndiyi məktəbə çevrilməlidir. Bu gün məktəb şagird üçün bir tədqiqat və təcrübə laboratoriyası olmalıdır. Tədris prosesi və ümumilikdə, təhsil mühiti  şagirdi yaradıcılığa, proseslərin aktiv iştirakçısı olmağa sövq  etməlidir. 

Hörmətli qurultay iştirakçıları!

Təcrübə göstərir ki, tamamilə nəzəri xarakter daşıyan, praktik bilik verməyən təhsil öz əhəmiyyətini itirməkdədir. Təhsilin məzmunu əldə olunmuş bilik və bacarıqların effektiv tətbiq edilməsi imkanları ilə ölçülməlidir. Uzun illər ölkəmizdə təhsilin məzmununun formalaşmasında akademik biliklərə geniş yer verilmişdir. Təhsilin məzmunu ilə bağlı əsas meyillərdən biri təhsil proqramlarının ölkənin sosial-iqtisadi inkişaf tələblərinə cavab verməsindədir. Bu mənada bütün fənlər üzrə təhsil kurikulumlarının qəbul edilməsi son illərin ən böyük nailiyyətlərindən sayıla bilər. Yeni qəbul edilmiş fənn kurikulumları həyati bacarıqların inkişafına xidmət edən məzmuna malikdir, təhsilalanları həyatın müxtəlif sahələrində fəaliyyətə yönəldir. Bu mənada qəbul edilmiş fənn kurikulumları yalnız işin bir tərəfidir. Həmin kurikulumlar əsasında yazılan dərsliklərdəki problemlərin mövcudluğu nəticədə hələ də şagirdlərin onlardan müstəqil istifadəsini çətinləşdirir. Belə olan təqdirdə görəsən, bu dərsliklərlə son illər ölkəmizdə geniş yayılmış repetitorluq institutunun qarşısını almaq mümkün olacaqmı?  Hesab edirəm ki, dərsliklərin daha da təkmilləşdirilməsi bu problemləri aradan qaldırmağa xidmət edən mühüm amillərdən biridir. 

Müəllim amili təlim prosesində başlıca rol oynayır. Təhsildəki nailiyyətlər müəllimin peşəkarlıq səviyyəsindən, akademik bacarıqlarından, tədris təcrübəsindən çox asılıdır. Sirr deyil ki, təhsilimizdə bu tələblərə cavab verməyən xeyli müəllim vardır. Vəziyyətin uzun illər bu şəkildə qalmasının bir səbəbi də ondan ibarətdir ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sistemi tətbiq olunmur. Odur ki, daha çox hallarda müəllimlər öz bilik və bacarıqlarını davamlı olaraq artırmağa səy göstərmirlər. Təcrübə göstərir ki, gündəlik fəaliyyətində müasir təlim metodlarından və texnologiyalardan ustalıqla istifadə edən, şagirdlərdə təfəkkürün formalaşmasını inkişaf etdirən səriştəli müəllimlər daha yaxşı nəticələr əldə edir və onlar şagirdlərin xüsusi rəğbətini qazanırlar. Axı, şagirdin nailiyyətləri  müəllimin bilikli, bacarıqlı və səriştəli olmasından çox asılıdır. Bu səbəbdən müəllim peşəkarlığının artırılması üçün maddi stimulların yaradılmasına böyük ehtiyac vardır. Bununla həm təhsilin səviyyəsi yüksələr, həm gənc nəsil müəllimlik peşəsini seçər, həm də cəmiyyətdə müəllim adının  hörmət və nüfuzu artar. Artıq bu adın o yüksək nüfuzunu qaytarmağın zamanı çatmışdır.

Heç şübhəsiz ki, təlimin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də məktəbin idarə edilməsidir. İdarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi zəruridir. Hazırda təhsil müəssisələrinin bu sahədəki rolu məhduddur. Özəl təhsil müəssisələri istisna olmaqla dövlət təhsil müəssisələri maliyyə cəhətdən müstəqil deyillər. Onların maliyyələşməsi həmin müəssisədəki təhsilin keyfiyyət göstəricilərindən asılı deyildir. Təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə də ciddi məsuliyyət daşımır. Aydındır ki, təhsil müəssisələrinin idarə edilməsi  mexanizminin təkmilləşdirilməsi zərurətdir. Bu məqsədlə ali məktəblərdə təhsilin təşkili və idarə olunması ixtisası üzrə mütəxəsis hazırlığına ehtiyac var. Məktəbin idarə olunmasında maraqlı tərəflərin iştirakının təmin edilməsi və maliyyə müstəqilliyi üçün mənbələrin tapılması da vacib məsələlərdəndir. Bu gün  müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya  texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarına ciddi ehtiyac var. Sevindirici haldır ki, Təhsil Nazirliyi idarəetmə sahəsində sadalanan peşəkar səriştəyə malik direktorların hazırlığı məqsədilə təlimlər keçirməyi planlaşdırır. Əminəm ki, bu təlimlərin yekununda  "Keyfiyyət sertifikatı" əldə edəcək iştirakçıların nailiyyətləri idarəetmə sahəsində müsbət nəticələrə səbəb olacaq.

Hörmətli qurultay iştirakçıları!

Sadaladığım bu məsələlər vaxtaşırı müzakirə mövzusu olmuşdur. Ayrı-ayrı təhsil işçilərinin bu məsələlərlə bağlı özünəməxsus fikirləri də vardır.         

Çox təqdirəlayiq haldır ki, 24 oktyabr 2013-cü il tarixdə cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda sadaladığım problemlərin həll edilməsi üçün genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Yeri gəlmişkən, strateji hədəflərdən biri kimi 12 illik ümumi təhsilə keçidin təmin olunmasını, tam orta təhsil pilləsində təlimin müxtəlif  istiqamətlər üzrə bölünməsini qeyd etmək istərdim.  10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçid şagirdlərə öz arzu və istəklərinə uyğun əlverişli seçim imkanları verəcək.

Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim akademik Zərifə Əliyeva adına lisey hazırda həmin təhsil modelinə uyğun fəaliyyət göstərir. Liseydə təhsil müxtəlif istiqamətlər üzrə təşkil edilmişdir. Bu o deməkdir ki, şagirdlər tam orta təhsil pilləsində, əsasən, seçdikləri istiqamətlər üzrə tələb olunan bilik və bacarıqlara yiyələnirlər. Fəaliyyətimiz dövründə liseyin 500 nəfər məzunu olmuşdur ki, onların hamısı bu gün müxtəlif ali məktəblərdə təhsillərini uğurla davam etdirir. Təkcə bu fakt yüksək nəticəyə qısa zamanda nail ola biləcəyimizə inanmaq üçün əsas verir.  Odur ki, strategiyanın çox vaxtında təsdiq edilməsinə sevinirik və həlli ilə bağlı bütün imkanların səfərbər olacağına əminik. Təhsilin inkişafını özündə ehtiva edən bu sənəddə nəzərdə tutulmuş strategiyanın həyata keçirilməsi mexanizmini düzgün qura bilsək, təhsil sektoru Azərbaycanın sosial- iqtisadi inkişaf tələblərinə cavab verən səviyyəyə yüksələcəkdir. Yalnız o zaman təhsilimiz ümummilli lider Heydər Əliyevin arzularını reallaşdıracaq və bununla da  bütün həyatını və varlığını həsr etdiyi doğma Azərbaycanımız daha da qüdrətlənəcək, inkişaf edəcəkdir.

Milli təhsilimizin inkişafı naminə birgə fəaliyyətimizdə hamımıza uğurlar arzulayıram.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov