Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Bakı şəhəri "Zəngi" liseyinin tarix müəllimi Taleh Şahbazovun çıxışı

 

Hörmətli qurultay iştirakçıları!

Bu mötəbər tədbirdə iştirakımdan böyük fəxr duyaraq gənc müəllimlər adından sizi salamlayır, çətin və şərəfli işinizdə uğurlar arzu edirəm.

Sirr deyil ki, insanın şəxsiyyət və vətəndaş kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Görkəmli alim Nəsirəddin Tusi "Əxlaqi - Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?". Zəmanəsinin dahi şəxsiyyəti Mustafa Kamal Atatürk müəllim amilinə son dərəcə böyük önəm verərək demişdir: "Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər". Ulu öndər Heydər Əliyev də "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" demişdir.

Müəllim haqqında zaman-zaman deyilmiş bu fikirlər göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilmişdir. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır.

İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Fikrimcə, bu sualın əsl müəllimlərin sayı qədər cavabı vardır. Lakin aydın olan odur ki, həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər.

Xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim cəmiyyətin güzgüsüdür. Bu onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik etmək gücünə malikdir. Bu səbəbdən peşəkar kompetensiyalara malik müəllimlərin seçilməsi Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biridir.   

Son dövrlərdə təhsil sahəsində atılan ən uğurlu addımlardan biri müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilməsidir. Heç şübhəsiz ki, insanların peşə seçərkən rəhbər tutduqları əsas prinsiplərdən biri gələcəkdə işlə təmin edilmə şansının hansı dərəcədə olmasıdır. Artıq müəllimlik peşəsinə yiyələnmək istəyən hər bir şəxs işlə təmin olunub-olunmamasının özündən asılı olduğunu anlayır. Bu isə həmin şəxsin məsuliyyətini daha dərindən dərk etməsinə şərait yaradır və onun özünə inamını artırır. İşə qəbulun belə bir formada həyata keçirilməsi ixtisasını dərindən bilməyən, pedaqoji biliklərə kifayət qədər yiyələnməyən müəllimlərin məktəbə daxil olmasının qarşısını alır. Yeni işə qəbul olunmaq istəyən müəllimlərin bu sistemə olan marağının artmasının əsas səbəblərindən biri də müsabiqənin tam şəffaf, ədalətli və elektron vasitələrin geniş tətbiqi ilə həyata keçirilməsdir. Müsabiqədə iştirak üçün elektron ərizə verənlərin sayının hissolunacaq dərəcədə artması şəffaflığın doğurduğu inamın nəticəsidir.

Mən də bu müsabiqədən keçərək Lerik rayonunun ucqar dağ kəndində 4 il müəllim işləmişəm. Hökumətin qərarına əsasən həvəsləndirmə tədbirlərindən yararlanmışam. Xüsusi vurğulamaq istəyirəm ki, o illər mənə çox şey qazandırmış, özümə inam yaratmışdır. Üzümü gənc müəllimlərə tutub deyirəm ki, ilk təcrübə üçün rayon və kənd məktəblərini seçsinlər, bu zəiflik əlaməti deyil, gələcək uğurların başlanğıcı və vətənpərvərlik hissinin bariz nümunəsidir.

Məlum olduğu kimi, hələ də respublikamızın ucqar kənd məktəblərində müəllim çatışmazlığı müşahidə olunur. Bu gün həmin məktəblərdə təhsil alan şagirdlərin gözü yoldadır. Onların bizim kimi gənc müəllimlərə ehtiyacı vardır. İnsan o vaxt xoşbəxt olur ki, o kiməsə gərəkli olsun. Ən böyük xoşbəxtlik isə xalqa, vətənə layiqincə xidmət etməkdir. Ona görə də bu gün bu yüksək tribunadan bütün gənc müəllimləri ucqar kənd məktəblərində işləyərək vətənpərvərlik borcunu yerinə yetirməyə çağırıram.

Fürsətdən istifadə edərək bir məqamı da diqqətə çatdırmaq istərdim. Ucqar məktəblərin kadr təminatı probleminin həlli yollarından biri də gənc müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsidir.

Onu da vurğulamaq istərdim ki, Təhsil Nazirliyinin biz müəllimlər üçün yaratdığı əlverişli imkandan istifadə edərək cari ildə müsabiqədə yenidən iştirak etdim və ən yüksək göstərici ilə Bakı şəhərindəki "Zəngi" liseyinə işə qəbul olundum. 

Hörmətli qurultay iştirakçıları!

Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi təhsil tariximizdə ən əhəmiyyətli hadisədir. Strategiyadakı hədəflərdən biri və ən vacibi təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılmasıdır.

Bizim üçün əhəmiyyətlidir ki, həyata keçiriləcək tədbirlər nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə innovativ modellər tətbiq ediləcək, artıq tətbiqinə başlanılmış modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin inkişaf etdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi təmin ediləcəkdir.

Rəqabət mühiti yaradan, peşəkar təlimçilər komandasının formalaşdırılmasını nəzərdə tutan, ehtiyaca uyğun proqram seçiminə imkan verən yeni ixtisasartırma modeli müəllimlərə XXI əsr bacarıqları adlandırılan təlim və innovasiya, həyat və peşəkarlıq bacarıqları kimi universal bacarıqların  aşılanmasına xidmət edəcəkdir.

Ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, müəllim peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirilməklə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sistemi yaradılacaq, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə kompleks tədbirlər həyata keçiriləcək.

Müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi nəticəsində peşəkar kompetensiyalara, praktik bacarıqlara malik müəllimlər hazırlanacaq, ümumilikdə pedaqoji kadr hazırlığı beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.

Etiraf edim ki, ali məktəbdə təhsil aldığım dövrdə bu məsələlərə o qədər də diqqət yetirilmirdi. Pedaqoji təcrübə bir çox hallarda formal keçirilirdi. İnternatura modelinin tətbiqi, müəllimliklə bağlı praktik vərdişlərin aşılanması üçün qismən əməkhaqqı ödənilən bir illik təcrübənin bilavasitə məktəblərdə, xüsusilə ciddi ehtiyac olan ucqar kənd məktəblərində keçirilməsi daha məqsədəmüvafiq olardı.

Hörmətli qurultay iştirakçıları!

Ölkə Prezidentinin qayğısı nəticəsində son illərdə təhsil infrastrukturu əsaslı şəkildə yeniləşdirilib, məzmun, dərsliklər, qiymətləndirmə sistemi sahəsində nailiyyətlər əldə olunub. Bütün bunlar keyfiyyətə təsir edən amillərdir. Lakin etiraf etmək lazımdır ki, müəllim peşəkarlıq baxımından dəyişmədən təhsil sahəsində uğurlu islahatlar aparmaq, yüksək nəticələr əldə etmək mümkün deyildir. Məhz bu səbəbdən bu gün qarşıda duran əsas vəzifə təhsil müəssisələrində işləyən bütün müəllimlərin peşəkarlığının artırılması, onlara müvafiq bacarıqların verilməsidir. Onu da qeyd etmək lazımdır ki, həmin müəllimlər arasında müasir kompetensiyalara malik olmayan, köhnə qaydalarla, səmərəsiz metodlarla işləyənlər də az deyildir.

Bütün bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri etmiş, Dövlət Strategiyasında müəllimlərin fəaliyyətinin sertifikatlaşdırılması (lisenziyalaşdırılması) nəzərdə tutulmuşdur.

Hörmətli qurultay iştirakçıları!

İnanıram ki, Dövlət Strategiyasına əsasən müəllim hazırlığı və onların peşəkarlığının inkişafı sahəsində həyata keçirilən tədbirlər ölkəmizdə müəllim nüfuzu və statusunun yüksəlməsinə, son nəticədə isə təhsilin keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına birbaşa təsir edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov