Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Azərbaycan müəllimlərinin XIV qurultayının qətnaməsi

 

Qurultayın qətnaməsini Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev oxudu

Azərbaycan müəllimlərinin XIV qurultayı müasir təhsil salnaməsinə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilən istiqamətlər üzrə qarşıya qoyulan hədəflərə çatmaq yollarının müəyyən olunduğu, təhsil quruculuğunda yeni mərhələyə start verildiyi əlamətdar bir tədbir, yaddaqalan hadisə kimi daxil olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaya təbrik məktubu dövlət başçısının təhsil sisteminə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, müasir təhsil quruculuğunun aydın sabahına və uğurlu gələcəyinə nikbinlik duyğuları yaradır.

Azərbaycan Respublikası təhsil nazirinin məruzəsində Dövlət Strategiyasının məzmunu, məqsədi, islahatın əsas strateji istiqamətləri, qarşıya qoyulan strateji hədəflər və tədbirlərin reallaşdırılması yolları aydınlaşdırılmış, təhsil islahatının perspektiv üçün əsas fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.

Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda irəli sürülən konseptual müddəaları və ideyaları müasir təhsil quruculuğunda əsas proqram sənədi kimi qəbul edərək məruzədə qarşıya qoyulan vəzifələri, eləcə də məruzə ətrafındakı çıxışlarda səslənən təklifləri nəzərə alaraq qeyd edir ki, son illərdə təhsil sahəsində nəzərəçarpan uğurların əldə olunması bilavasitə ölkənin modernləşməsinə yönəlmiş sosial-iqtisadi siyasətlə bağlı olmuşdur. Ötən dövrdə təhsilin infrastrukturunun müasirləşdirilməsi və təhsilin məzmunca yeniləşdirilməsi istiqamətində önəmli addımlar atılmış, təhsilin informasiyalaşdırılması sahəsində irəliləyişə nail olunmuş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası yönündə tədbirlər həyata keçirilmişdir. Lakin buna baxmayaraq, hazırda dünyada gedən proseslərə uyğun təhsildə yeni yanaşmalara tələbat yaranmışdır. Belə ki, hazırda sürətlə inkişaf edən və yayılan informasiya-kommunikasiya texnologiyaları, bununla bağlı geniş vüsət almış qloballaşma prosesləri ölkənin sosial-iqtisadi və mədəni həyatına ciddi şəkildə təsir etməkdədir. Ölkənin İnkişaf Konsepsiyasında deyildiyi kimi, belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdən, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdan, onun innovasiya əsaslı irəliləyişini təmin etməkdən, biliklərə əsaslanan iqtisadiyyatın həlledici amili olan insan kapitalının adekvat inkişafını ön plana çəkməkdən ibarətdir. Bu çağırış ölkəmizdə müasir təhsil sisteminin formalaşdırılmasını tələb edir. Bu baxımdan sürətlə modernləşən Azərbaycanda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha təsirli addımların atılmasına ehtiyac vardır.

Qurultay hesab edir ki, təhsilin Dövlət Strategiyası perspektivdə təhsil sahəsində aparılacaq islahatlarda təhsil işçilərinə yol göstərən konseptual sənəd kimi yüksək dəyərləndirilməli, irəli sürülən hər bir ideya təhsil işçiləri tərəfindən dərindən öyrənilməli, onların gerçəkləşdirilməsi yolunda bilik və bacarıqlarını əsirgəməməli, təhsili idarəetmə qurumları isə ölkənin intellektual potensialını bu mühüm dövlət sənədində müəyyənləşdirilmiş strateji hədəflərə çatmağa səfərbər etməlidir.

Qurultay təhsil prosesində məzmunun həlledici amil, təməl prinsip olduğunu vurğulayaraq hesab edir ki, Dövlət Strategiyasında təhsilin məzmunca yeniləşdirilməsinə müasir yanaşmalar milli mütərəqqi ənənələrə, beynəlxalq təcrübəyə, ölkənin sosial-iqtisadi inkişaf tələblərinə, modernləşmə meyillərinə tamamilə uyğun olaraq səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir.

Qurultay tədris prosesində təhsilverənin fenomenal rolunu, insan kapitalının ahəngdar inkişafının müstəqil dövlətçilik fəlsəfəsinin əsas hədəfi olduğunu xüsusi vurğulayaraq qeyd edir ki, aparılacaq islahatlar təhsil prosesində  innovativ təlim metodları və texnologiyalarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə imkan verəcəkdir.

Qurultay hazırda təhsili idarəetmə sahəsində ciddi problemlərin olduğunu, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi sahəsində islahatlara ciddi ehtiyac olduğunu xüsusi qeyd edərək bəyan edir ki, Dövlət Strategiyasında yer alan nəticələrə görə cavabdeh, şəffaf və tənzimlənən mexanizmlərə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes əməkdaşlığına əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması istiqamətində atılacaq addımlar Azərbaycan təhsilində idarəetmənin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına güclü təkan verəcək, təhsildə keyfiyyətin yüksəldilməsinə kömək edəcəkdir.

Qurultay təhsil quruculuğunda müasir tələblərə cavab verən infrastrukturun yaradılması və təhsilin maliyyələşdirilməsinin yeni mexanizminin qurulması ilə bağlı Strategiyada yer alan strateji istiqamətlər və hədəflərin ölkənin iqtisadi potensialına söykəndiyini və reallıqları əks etdirdiyini qeyd edərək bildirir ki, göstərilən istiqamətlərdə nəzərdə tutulan islahatların gerçəkləşdirilməsi Azərbaycan təhsilinin inkişaf etmiş ölkələrin təhsil sistemlərinə uyğunlaşdırılmasına, ömürboyu təhsili təmin edən infrastrukturun və təhsilin iqtisadi cəhətdən dayanıqlı yeni maliyyələşdirmə mexanizminin yaradılmasına imkan verəcəkdir. 

Qurultay əmin olduğunu bildirir ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın reallaşdırılması təhsilin məzmunu, kadr hazırlığı, təhsili idarəetmə sistemi, təhsilin infrastrukturu və təhsilin maliyyələşdirilməsinin beynəlxalq təcrübəyə və ölkənin İnkişaf Konsepsiyasına uyğun olaraq yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü, ölkənin davamlı və rəqabətqabiliyyətli inkişafını təmin edəcək, müstəqil Azərbaycan Respublikasının dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri arasında layiqli yer tutmasına xidmət edəcəkdir.

Qurultay dövlət başçısına qurultay iştirakçılarına ünvanladığı səmimi təbriklərə və xoş sözlərə görə minnətdarlığını, hörmət və ehtiramını bildirir, bu yaxınlarda keçirilən prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibəti ilə Zati-alilərini səmimi-qəlbdən təbrik edir, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi, təhsilimizin işıqlı sabahı naminə daha böyük uğurlar arzulayır, təhsil işçilərinin hər zaman onun daxili və xarici siyasətini dəstəklədiyini bəyan edir.

Azərbaycan müəllimlərinin XIV qurultayı böyük inam və nikbinliklə bəyan edir ki, ölkəmizin təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, Strategiyada qarşıya qoyulan bütün hədəflərə çatmağa nail olacaq, müasir təhsil sisteminin qurulması kimi tarixi zəfərə imza atacaqlar.   

Hazırladılar: Yusif ƏLİYEV, Hicran ƏKBƏROVA, Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov