Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Beynəlxalq Təhsil Mərkəzinin ənənəvi mükafatlandırma mərasimi

 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) dekabrın 14-də Qafqaz Universitetində 2012-2013-cü  dərs ilinin yekunları  ilə əlaqədar  təhsildə fərqlənən şagird və tələbələrin  mükafatlandırılmasına həsr olunmuş  "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" devizi altında   ənənəvi tədbir keçirib.  "Təhsilimizin ulduzları" adlı tədbirdə Beynəlxalq Təhsil Mərkəzi  təhsil müəssisələrinin müəllim, şagird və tələbə heyətinin nümayəndələri ilə yanaşı Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki  səfirliyinin  əməkdaşları, bəzi təhsil ocaqlarının direktorları, valideynlər və KİV təmsilçiləri  iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə açılan mərasimdə öncə "Çağ" Öyrətim şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyinə  həsr olunmuş videoçarx nümayiş olunub. Sonra Qafqaz Universitetinin prorektoru, professor Niftalı Qocayev bu ali məktəbin fəaliyyəti, onun tədris bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar barədə məlumat verib. Bildirib ki, bu günlərdə Qafqaz Universitetində bp şirkətinin dəstəyi ilə  1,5 milyon ABŞ dolları dəyərində mexanika mühəndisliyi laboratoriyalar kompleksi işə salınıb. İki il öncə isə  həmin şirkətin yardımı ilə  kimya mühəndisliyi laboratoriyaları yaradılmışdır. Bütün bunların tələbələrin praktik hazırlığında mühüm rol oynadığını qeyd edən propektor məhz belə hazırlığın nəticəsi olaraq tələbələrin beynəlxalq olimpiadalarda, bilik yarışlarında fəal iştirak edib yüksək yerlər tutduqlarını, bugünkü tədbirin də ötən dərs ilində bu baxımdan fərqlənmiş  şagird və tələbələrin  mükafatlandırılmasına həsr olunduğunu söyləyib. Qeyd olunub ki,  2012-2013-cü dərs ili üzrə  ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış 195 tələbə Qafqaz Universitetində təhsil alır. Bu il Prezident təqaüdünə layiq görülmüş 102 gəncin də 19-u Qafqaz Universitetinin tələbəsidir. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseylərinin 82, "Araz" ali məktəbə hazırlıq kurslarının isə 254 məzunu bu il 600-dən çox bal toplayıb.

Daha sonra ABTM  təhsil müəssisələrinin 600-dən çox bal toplamış məzunlarına və beynəlxalq  fənn və layihə olimpiadalarında  qalib olmuş şagird və tələbələrinə pul mükafatları və hədiyyələr təqdim olunub. Mükafatları sahiblərinə təqdim edən ABTM Təhsil Şurasının  sədri Ənvər Özərən, Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşavirləri və b.  onları təbrik edib arzu və diləklərini çatdırıblar. Mərasimdə fərqlənən şagird və tələbələrin təhsil aldıqları  bir sıra orta təhsil müəssisələrinin  direktorlarına da plaketlər təqdim olunub. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov