"Sos
Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası 2000-ci ildə
ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılıb.
Həmin ildə Bakıda Xətai rayon filialı inşa edilərək
istifadəyə verilib. Bu filialda müasir tipdə, hər cür
şəraitə malik 14 ailə evində hazırda kimsəsiz, valideyn
himayəsindən məhrum olan 10 aylığından 16 yaşadək 71
uşaq yaşayır.
SOS Uşaq Kəndinin pedaqoqu Almaz Məmmədova bildirdi
ki, internatdan fərqli olaraq burada uşaqların
bacı-qardaşları, xidməti anası və xalası var. Hər evdə
6-7 uşaq yaşayır, təhsil alır, müxtəlif idman növləri
ilə məşğul olur, xarici dil kurslarına, rəsm, rəqs, xor
dərnəklərinə və kompüter kurslarına cəlb olunurlar.
Onların 56-sı məktəblidir, 27, 191, 257, 269, 271
nömrəli və digər məktəblərdə təhsil alır. Bir uşağımız
Rasim İbrahimov "Əlincə" futbol klubunun üzvüdür. Bu il
8 nəfər texnikuma və kolleclərə daxil olub.
Almaz müəllim daha sonra bildirdi ki, bir ailənin üç
övladına- Günel, Nigar və Səfərə də körpə yaşlarından
Bakı SOS Uşaq Kəndində yaşamaq nəsib olub. Onlar bütün
dərnəklərin fəal üzvünə çevrilərək təşkil olunan
tədbirlərdə həvəslə iştirak edirlər və tez bir zamanda
ingilis dilini öyrəniblər. Günel iki dəfə Moldovada,
Almaniyada "SOS Uşaq Kəndləri - Azərbaycan"
Assosiasiyasını təmsil edib. Bacısı Nigar isə idman
sahəsində uğurlar qazanaraq voleybol və basketbol üzrə
Azərbaycanın II yığma komandasına üzv seçilib və həm
ölkə daxilində, həm də xarici ölkələrdə uğur qazanaraq
diplom və medallara layiq görulüb. Yeganə qardaşları
olan Səfər də bacılarından geri qalmırdı. O da idman
yarışlarının qalibi və dərs əlaçısı olub. VI sinfi
bitirdikdən sonra o, Şirvan Türk liseyinin qəbul
imtahanlarında iştirak edərək yüksək nəticələr əldə
edib və orada oxumaq hüququ qazanıb. Artıq o illər
arxada qalıb. Hazırda Günel Vəliyeva Dağıstan Dövlət
Tibb Akademiyasının tələbəsi, bacısı Nigar və qardaşı
Səfər Milli Aviasiya Akademiyasının tələbələridir.
Qeyd
edək ki, "SOS Uşaq Kəndləri -Azərbaycan" Assosiasiyası
bir neçə layihənin icrasına başlayaraq uğurlu və peşəkar
şəkildə fəaliyyətini davam etdirir.
Müasir dövrdə müxtəlif səbəblərdən bəzi ailələrin
dağılması prosesi baş verir. Erkən nikah, qeyri-rəsmi
nikah və sair problemlərin nəticəsində ən çox əziyyət
çəkənlər də elə uşaqlar olur. Belə hallarda uşaqlar ən
böyük faciə -bioloji ailələrini itirmək riski ilə üz-üzə
dayanırlar. Məhz belə ailələrdən olan uşaqlara dəstək
məqsədilə 2013-cü ilin aprelində Azərbaycanda ilk dəfə
Bakı SOS Uşaq kəndində "Qısa Müddətli Qayğı" layihəsi
adlanan yeni layihə fəaliyyətə başlayıb. Layihənin
yaradılmasında əsas məqsəd müxtəlif problemlərlə
üzləşmiş ailələrə kömək etmək, onların övladlarını
müvəqqəti yaşayış yeri və qayğı ilə təmin etməkdir.
Ailələrin düşdüyü vəziyyətin çətinliyindən asılı olaraq
"QMQL"-da qalma müddəti 1-12 aya qədər müəyyən olunur.
Yaxınları ilə görüşlərin davamlılığı vaxtı uşağın və
ailənin xüsusi ehtiyaclarına görə fərqli ola bilər.
Burada olan müddətdə hər bir uşaq üçün fərdi inkişaf
planı hazırlanır. Psixoloq və pedaqoqlar öz işlərini
fərdi inkişaf planına uyğun qururlar. Qalma müddəti başa
çatdıqdan sonra uşaq ailəsinə qaytarılır. Əgər uşaq öz
ailəsi ilə yenidən birləşə bilmirsə, müvafiq dövlət
təşkilatları tərəfindən mümkün olan qayğı formaları
araşdırılır və müəyyən olunur.
SOS Uşaq Kəndində kimsəsiz və valideyn himayəsindən
məhrum olmuş uşaqlara göstərilən qayğı onların bu
müəssisəyə qəbul olunduğu gündən müstəqil həyata
atılacaqları günədək davam edir. Müəyyən yaş həddinə
çatdıqda isə onlar Gənclər Evinə köçürülürlər.
Azərbaycan Maliyyə İqtisad Kollecində təhsil alan Rahim
Feyziyev Gənclər Evində yaşamaqdan heç bir çətinlik
çəkmədiyini, uşaqları və məsləhətçiləri yaxından
tanıdığı üçün yeni həyata uyğunlaşmağın asan olduğunu
söyləyir. O, Gənclər Evini özü üçün doğma ev hesab edir
və gələcəkdə sərbəst həyata başlanğıc üçün vasitə bilir.
Gənclər Evi SOS Uşaq Kəndinin struktur bölməsidir. Bu
bölmənin yaradılmasında əsas məqsəd uşaqları müstəqil
həyata hazırlamaq, onların sosial və həyat
qabiliyyətlərini inkişaf etdirmək, onlara peşə seçmək
üçün hərtərəfli şərait yaratmaqdır. Gənclər Evinə
köçəcək uşaqlar arasında müstəqil yaşamaq üçün
bacarıqların aşılanması və inkişafı məqsədilə "Bizim ev"
yarışması keçirilib. Bu yarışmada uşaqlar düzgün və
sağlam qidalanma, ilk tibbi yardım göstərmək, evdarlıq,
məntiqi düşüncə, məişət texnikasından düzgün istifadə və
sair sahələrdə bacarıqlarını nümayiş etdiriblər.
SOS Uşaq Kəndində tez-tez müxtəlif məzmunlu tədbirlər
keçirilir. Sülh günü ilə əlaqədar baş tutan tədbirdə
uşaqlar arasında sülh mövzusunda rəsm müsabiqəsi
keçirilib. Uşaqların ifasında səslənən şeirlər,
mahnılar, milli rəqslər qonaqları məmnun edib. "Dost
ölkələrə səyahət, əzizləyər hər el səni öz adətilə" adlı
internat məktəbləri və uşaq evləri arasında keçirilən
festivalda isə SOS Uşaq Kəndinin uşaqları fəxri
fərman və diplomlarla mükafatlandırılıb.
Söhbətimizin sonunda Almaz müəllim qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı
münasibətilə bütün ailələri və onların övladlarını,
kimsəsizləri və valideyn himayəsindən məhrum olanları
təbrik etməyi də unutmadı, bu qəbildən olan uşaqlara
xoşbəxt gələcək, firavan həyat arzuladı. Qeyd etdi ki,
bu uşaqlar daim Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə
olunur. Onlar müstəqil həyata atıldıqdan sonra da
dövlətin qayğısından bəhrələnəcəklər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |