Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

"İstəyirəm yeni ildə anam gəlsin"

 

Bakıdakı 2 nömrəli uşaq evinin sakinləri ilə söhbət 

2013-cü ilin son həftəsini yola salmaqdayıq. Bu günlər hər yerdə ən çox gözümüzə dəyən bəzənmiş yolkalardır, bir də sevinən, şənlənən uşaqlar. Uşaqları şənlənə bilən ölkədə yaşamaq özü də bir xoşbəxtlikdir. Bu ərəfədə qohum-qonşudakı uşaqların ovqatı məlumdur: üz-gözlərindən sevinc yağır. Onlar hamısı Yeni il şənliklərinə köklənib.   Bəs uşaq evindəki  yaşından tez böyümüş uşaqlar? Onlar Yeni il ərəfəsində hansı ovqatdadırlar? Bu sualın cavabını onlar özləri deyəcəklər.  Bakıdakı 2 nömrəli uşaq evindəyəm. Kifayət qədər geniş, isti, səliqə-sahmanlı zaldan uşaqların şən səsləri eşidilir. Yeni il tədbirinə hazırlaşırlar. Hərə bayram libasını geyinib öz nömrəsini məşq edir. Kənarda dayanıb bir qədər uşaqlara baxıram. Necə də qayğısız, şəndirlər. Amma ilk baxışda...  Bir azdan uşaqların məşqi başa çatır və tərbiyəçi Aynurə Hüseynova ilə birlikdə beş nəfəri- iki oğlanı, üç qız uşağını özümüzlə götürüb kitabxanaya keçirik. Kitabxana da isti və səliqəlidir. Adını soruşmadığım ortayaşlı kitabxanaçı qadının üz-gözündən nur yağır. Biz içəri daxil olanda orada sakitcə oturub kitab oxuyan uşaqları daxili bir fərəhlə süzürəm. Ürəyimdə sevinirəm ki, bu uşaqlara  heç kim zorla kitab oxutdurmağa çalışmır. Özləri kitaba bağlanıblar. Bir azdan uşaqlar iki-bir, üç-bir kitabxanaçı ilə sağollaşıb "ev"lərinə dönürlər.  Bu gün həmsöhbət olduğum uşaqların heç biri atılmış deyil, taleyinin  gözlənilməz acısını dadanlardı... Bu, onların alın yazısıdırmı? Görəsən, yaradanın dərgahında onların  günahı nə?  Hələ uşaqlarla söhbətə başlamamış niyə bu qədər kövrəlmişəm, bilmirəm. Öz əhvalımı uşaqlara hiss etdirməməyə çalışıram. İlk müsahibim üç gözəl (bu ifadəni sözgəlişi demirəm) qızdan biridir:  

- Adım Pərvanədir. Salamova Pərvanə Elman qızı. Bu il oktyabrın 9-da 10 yaşım oldu.

- Çoxdan buradasan?

- Birinci sinfə burada getmişəm. Deməli, beş ildən çoxdur.

- Bura gəldiyin gün yadında qalıb?

- Əlbəttə. Atamla anam ayrıldılar. Anamın da  imkanı çatmadığı üçün bizi buraya gətirdi.

- Bizi deyərkən...

- Mən özümdən bir yaş kiçik qardaşım Telmanla eyni gündə buraya gətirilmişəm. Biz Bakıda doğulmuşuq. Anam indi də Bakıdadır, hərdən baş çəkir bizə.

- Qardaşınla münasibətin necədir?

- Bizim bir-birimizdən başqa kimimiz var ki? Dərs növbələrimiz ayrı olduğuna görə hər gün bir-birimizdən xəbər tutur, bir-birimizə nəzarət edirik.

Bu yerdə Aynurə xanım söhbətə qarışır:

- Pərvanə ilə qardaşı Telman bilsəniz bir-birinin üstündə necə yarpaq kimi əsir, bir-birini necə çox istəyirlər?! Hər dəqiqə, hər an bir-birini axtarır, xəbərləşirlər. Anaları çox məsuliyyətli valideyndir, ayağını burdan kəsmir, tez-tez gəlib uşaqlarına baş çəkir, kənardan olsa da uşaqlarına nəzarətini azaltmır. O qadın balalarının daha normal şəraitdə, daha təminatlı böyümələrini istədiyi üçün  məcbur olub bura üz tutub.

- Pərvanə, Yeni ildə hansı hədiyyəni arzulayırsan?

- Hədiyyə? Hamının bayramda arzuları, istəyi olur. Mən ana istəyirəm, ana!      Kaş evimiz olaydı, anam da bizi aparaydı yanına... Amma yox, daha  burdan getmək də bizə çətin olar. Dayələrimizə, Sevda anaya elə öyrəşmişik ki...

Pərvanənin gözləri dolur,  qəhər mənim də boğazımda düyünlənir:

- Böyüyəndə kim olmaq istəyirsən?

- İstəmək yox, mənim artıq məqsədim var: mütləq həkim olacam. Özü də uşaq evinin həkimi. İstəyirəm buradakı uşaqlar heç vaxt xəstələnməsinlər.

- Asudə vaxtların olurmu?

- Mən kitabxanamızı çox sevirəm. Bura həm gözəldir, həm də isti. Dərslərimi hazırlayıb qurtaran kimi buraya gəlirəm. Boş vaxtımı ancaq kitab oxumağa sərf edirəm.

- Hansı kitabları xoşlayırsan?

- Ən çox nağıl kitablarını. Neçə il əvvəl ilk oxuduğum da  qoğalın nağılı olub.

- Ən böyük arzun nədir?

- İstəyirəm ki, buradakı bütün uşaqlar çox, lap çox savadlı olsunlar. Ona görə ki, barı böyüyəndə heç nədən çətinlik çəkməsinlər.

- Ata-ana qohumlarından tanıdığın varmı?

- Hardan tanıyacam? Heç vaxt, heç kim bizim yanımıza gəlməyib. Heç bundan belə kimsəni istəmərəm də. Bircə anam gəlsin həmişə, bəsimdir.

- Gələn dəfə gələndə sənə nə gətirməyimi istərsən?

- Elə nağıl kitabı gətirin. Amma o nağıllardakı uşaqların atası da olsun, anası da...

Pərvanəyə daha sual vermək istəmirəm.

Bu dəfə qarşımda oturan qıvrımsaçlı qız digər iki qıza nisbətən bir qədər böyük görünür.

- Qızım, adın, soyadın necədir?

- Məmmədova Leyla Ceyhun qızı.

- Neçə yaşın var?

- 26 sentyabr 2002-ci ildənəm. Mən də birinci sinfə burada getmişəm. İndi 6-cı sinifdə oxuyuram. Bildiyimə görə, Ağdaş rayonunda doğulmuşam. Bacım-qardaşım olmayıb. Tək övladam. Anam hərdən gəlir yanıma, mənə baş çəkməyə. Hər dəfə gələndə bərk-bərk tapşırır ki, özümü yaxşı aparım, dərslərimi yaxşı oxuyum, dayələrin sözündən çıxmayım. Bir də həmişə soruşur ki, burda səninçün nə təhər keçir. Deyirəm ki, lap yaxşı. Burada bizə yaxşı baxırlar, ad günlərimizi qeyd edirlər, həmin gün adımıza neçə dənə tort kəsirlər, bizə hədiyyələr alırlar, bəzən  başqa məktəblərdən bizə dostluq məktubları da yazırlar. Mən heç vaxt anama demərəm ki, məni apar. Çünki mənimçün burda daha yaxşıdır. Mən buraya bağlanmışam. Gülbahar müəllimi, Sevda anamı çox istəyirəm.

- Bayramda hansı hədiyyəni istərdin?

- Kənardan kimsədən hədiyyə gözləmirəm.

- Bəs mən alsam?

- Onda ayağıma geymək üçün diyircəkli rolik alarsan.

Yenə ürəyimin sarı simi titrəyir. Dişlərimi bir-birinə sıxıb toxtaq səslə:  "Alaram, qızım" - deyirəm.

- Leyla, sevdiyin fənn və ya məşğuliyyət hansıdır?

- İdmanı, rəqsi, bir də kitab oxumağı çox sevirəm. Rus və ingilis dili dərslərinə çox fikir verirəm. Qiymətlərim "4" və "5"-dir. Məqsədim  gələcəkdə beynəlxalq jurnalist təhsili almaq, Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.

- Şaxta baba sənə nə gətirsin?

- Anamı...gətirsin...görüm.

Aynurə xanımın əlavəsi:

- Leyla da ailə dağılmasının qurbanıdır. Çox məsuliyyətli anası var. Mütəmadi rayondan gəlib qızına baş çəkir. Sadəcə imkansızlıq ucbatından övladına özü baxa bilmir.

Növbəti həmsöhbətim, kövrəkliyi ilə əvvəlki iki qızdan geri qalmayan ürkək baxışlı Sürəyyadır:

- Mən Rzayeva Sürəyya Əziz qızıyam. 10 oktyabr 2004-cü ildə Bakıda  doğulmuşam. Bir ildi ki, burdayam.

Danışdıqca Sürəyyanın səsi də, üz-gözü də titrəyir. Sanki bir himə bənddi...

- Bəs bir il əvvəl harada qalırdın?

- Biz xoşbəxt bir ailə idik. Atam qəflətən rəhmətə getdi. Ata nənəm anamla məni evdən çıxardı. Anamın adı Esmiradır. Tibb bacısının köməkçisi işləyir. Qalmağa yeri yoxdu. Deyəsən elə iş yerində qalır.

- İndi necə oxuyursan?

- Dərslərimi yaxşı oxuyuram. Ancaq bir az riyaziyyatdan çətinlik çəkirəm.

- Hansı sənət xoşuna gəlir?

- Böyüyüb  institut bitirmək, Azərbaycan dili müəllimi olmaq istəyirəm.

- Sürəyya, Yeni ilə aid şeir bilirsən?

- Bilirəm:

Ömrün nürlu səfəri var,

Hər qönçənin bəhəri var,

Hər günün öz səhəri var,

Təzə ildə, təzə ildə.

Şeiri normal desə də kövrəlib, özünü ağlamaqdan zorla saxlayır.

- Yaxşı, kövrəlmə, mənim gözəl qızım! Yeni ildə Şaxta baba sənə kimi qonaq gətirsin?

- İstəyirəm yeni ildə anam gəlsin, qonağımız olsun.

- Anan səni aparmaq istəsə gedərsən?

- Yox, burdan heç hara getmək istəmərəm. Bura yaxşıdı. Qışda çöldə soyuq olanda o saat anam düşür yadıma. Deyirəm, görəsən anam harda qaldı bu soyuqda? Gecələr yuxudan yarımçıq oyananda görürəm ki, dayələrimiz hələ oyaqdı. Gecə hansımızın üstündən adyalımız sürüşsə, dayələrimiz gəlib üstümüzü örtürlər.

- Buradakı uşaqları gəzməyə hara aparırlar?

- Bulvara, parka. Yayda lap çox gəzdirirlər bizi.

- Sevdiyin yemək hansıdır?

- Burada bişən hər şey dadlıdır. Ancaq... anamın bişirdiyi  yarpaq dolması tez-tez düşür yadıma. Çox xoşlayırdım o xörəyi...

- Yeni ildə  ürəyindən nə keçir? Gələn dəfə mən sənə nə alım gətirim?

- Kitab... Çünki kitabdan bilik alırlar. Bir də qız geyimini xoşlayıram,  yəni, nə bilim paltar, don...

Növbəti müsahibim - boyca uşaqların ən balacası, özünü təqdim edir:

- Bayramov İslam Asif oğlu. 2014-cü il 20 apreldə 10 yaşım tamam olacaq.

- Böyüyəndə kim olmaq istərsən?

- Polis! Kim uşaqlarına baxmasa onları tutub cəzalandıraram. Özüm də dərslərimi "5"-lə oxuyuram.

- Hansı yeməyi daha çox sevirsən?

- Burda bişən hər şeyi xoşlayıram, əsas da mərci supunu. Çox dadlı bişirirlər.

- Müəllimlərindən kimi çox istəyirsən?

- Sevda anamı. O bizə ad günü keçirir, adımıza tort bişirtdirir, hədiyyələr alır.

- Necə kitabları xoşlayırsan?

- Şeir kitablarını.

- Burada dostların çoxdurmu?

- Buradakı uşaqların hamısı ilə dostam. İstəyərəm ki, böyüyəndə Sevda ana kimi mənim də iş yerimdə çoxlu uşaqlarım olsun, ancaq öz evimdə bircə nəfər uşağım olsun.

İslam bizdən ayrılanda Aynurə xanımın əlavəsi məni daha da kövrəldir:

- İslamın kimsəsi, gəlib-gedəni yoxdur. Anası bir il əvvəl İslamı buraya gətirəndə, uşağın atası təzə rəhmətə getmişdi. İslam ailənin tək uşağı olduğundan, anası ona çox bağlı idi. Bu yaxınlarda qəflətən ananın ürəyi  dayandı. Cavanca qadın idi. Qırxı hələ heç çıxmayıb. Bu günlərdə uşaq evinin müdir müavini Məxmər xanım İslamı anasının məzarı üstünə aparmışdı.

- İslam necə qarşıladı bu xəbəri?

- Buradakı uşaqlar sanki öz yaşıdlarına nisbətən tez böyüyürlər, daha təmkinlidirlər. İslam özünü lap böyük adam kimi apardı, anasının xəbərini eşidəndə.

Bu da sonuncu həmsöhbətim:

- Həsənov Nurlan Yusif oğlu. 27 fevral 2002-ci ildə doğulmuşam. 5-ci sinifdə oxuyuram. Dərslərimdən "4", "5" qiymətlər  alıram. Böyüyəndə tanınmış dövlət xadimi olmaq istəyirəm. Hər gün işləyib çoxlu pul qazanım, ailəmin qədrini bilim, hamıya kömək edim (Ay Allah, buradakı uşaqlar nələri fikirləşirlər?!). Biz burada iki qardaşıq. Qardaşım Ramin 8-ci sinifdə oxuyur.  Çarpayılarımız üz-üzədir. Anam  özü Bakıda, Xırdalan tərəfdə yaşayır, hərdənbir gəlir bura. Hər gələndə ikimizə də deyir ki, müəllimlərinizin sözünə baxın, yaxşı oxuyun.

- Nurlan, Yeni il qabağı hansı arzuların var?

- İstəyərəm ki, tez böyüyək. Qardaşımın da, mənim də ayrıca evimiz olsun. Bir-birimizə qonaq gedə bilək.

- Hansı yemək növünü xoşlayırsan?

- Kotleti... hər gün yemək istəyərəm.

- Daha nə?

- Bir də bayramda təzə şalvarım olsaydı... Əynimdəki də təzədir, ancaq yenə də...

Uşaqlarla söhbəti bitirib üzümü Aynurə xanıma tuturam:

- Valideynlər uşaqları ilə  görüşüb qayıdandan sonra uşaqlarda gərginlik, stres kimi hallar olurmu?

- Əlbəttə! Valideyn gəlib uşağına baş çəkib gedir, uşağı ovundurmaq düşür bizim boynumuza. Uşağın fikri qalır ananın yanında. İlk dəqiqələr gah ananın dalınca yüyürür, gah pəncərədən arxasınca boylanır, eləsi də olur ki... Biz xüsusi qayğı ilə onları öz axarına qaytarmağa çalışırıq. Bir müddətdən sonra uşaq sakitləşir, yenə qayıdır öz həyatının axarına və deyir ki, yaxşı ki, burdayam, küçədə deyiləm. Əynim isti, qarnım tox, üstəlik də böyüyümüz yanımızda. "Böyük" deyəndə müdirimiz Sevda xanımı nəzərdə tuturlar.

- Aynurə xanım, buradakı uşaqlar bayram günlərində kimisə gözləyirlərmi?

- Uşaqlar  bayrama yaxın daha çox anaları ilə görüşü  səbirsizliklə  gözləyirlər. Mən özüm də iki övlad anasıyam. Neçə ildir burada çalışıram. Hamımız əlimizdən gələni edirik, amma yenə də bu məsumların həyatındakı boşluğu doldura bilmirik. Uşaq evindəki ən körpə uşağımız iki yaş yarımlıqdır. Mən istəyərdim ki, dünyaya gələn bütün uşaqlar öz ailəsində, öz ocağında böyüsün.

- Amin.  

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
 

P.S.            Ana qayğısından üstün dünyada heç nə yoxdur. Kaş, dünyanın heç bir körpəsi valideyn nəfəsindən məhrum olmasın. Yaxşı ki, dövlətimiz  kimsəsiz uşaqlara sahib çıxır, onların böyüməsinə, təhsil almasına, cəmiyyətdə yararlı bir vətəndaşa çevrilməsinə diqqət və qayğı göstərir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov