Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Təhsil strategiyası - hədəflər

Təhsil sistemində yeni keyfiyyət mərhələsinə keçidin metodoloji əsası

 


Əjdər AĞAYEV,
Qafqaz Universitetinin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor
 

Bəlli olduğu kimi, istər elmi-nəzəri, istərsə də əməli-praktik fəaliyyətin metodoloji əsası düzgün müəyyənləşdirildikdə nəzəriyyə ilə təcrübənin vəhdəti hasil olur və məqsədəçatma müəyyənliyi inkişafın düzgün istiqamətdə getməsini təmin edir. Bu baxımdan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsil sisteminin yeni inkişaf mərhələsində fəaliyyətin metodoloji əsası hesab edilə bilər.

Metodologiya görüləcək işlərin həyata keçirilməsi üçün yalnız metodlar sistemindən ibarət deyildir. Bu, elmi-tədqiqat işlərində aparıcılıq təşkil edə bilər. Geniş anlamda metodologiya fəaliyyətin ideya-siyasi, sosial, iqtisadi, mədəni, mənəvi komponentlərini əhatə edən və bu keyfiyyətləri əldə etmək mövqeyini göstərən yoldur, əsasdır.

Strategiyanın məzmunu və sistem-strukturu yeni keyfiyyət mərhələsində əldə ediləcək nailiyyətlərin hədəflərini, fəaliyyət istiqamətlərini əks etdirir, bu fəaliyyətdə insan amilinin, kadr potensialının, istifadə olunacaq vasitə və vəsaitlərin formalaşdırılması ilə yanaşı, onlardan istifadənin gərəklilik səviyyəsini müəyyənləşdirir.

Strategiyanın metodoloji bazasını strateji istiqamətlər təşkil edir. Bu istiqamətlər öncədən məhz elə buna görə də öz əksini tapır. Fikrimizi daha dəqiq və aydın ifadə etmək üçün həmin istiqamətlərə diqqət yetirək:

Birinci strateji istiqamət təhsilin yeni məzmununun (kurikulumun) bütöv təhsil sistemi üzrə yaradılmasına yönəlmişdir.

İkinci strateji istiqamət təhsil sahəsində çalışanların müasirləşdirilməsini nəzərdə tutur. İnsanların müasirliyi özünü nədə göstərəcəkdir? İnnovativ təlim metodlarını tətbiq etməkdə; səriştəli təhsilverənin formalaşdırılmasında; təhsilverənlərin peşəkarlığının yüksəldilməsində; təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması və ondan məharətlə istifadə etməkdə.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdehliyi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını, bu prosesdə idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında tənzimlənməsini, şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılmasını nəzərdə tutur. Burada təhsilin keyfiyyətinin təminatı başlıca məsələdir.

Dördüncü strateji istiqamət yeni təhsil infrastrukturlarının yaradılmasına yönəlmişdir.

Beşinci strateji istiqamət isə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını təklif edir; təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçid, ödənişli təhsil xidmətlərinin dəstəklənməsi, Təhsilin İnkişaf Fondunun yaradılması beşinci istiqamətin tələblərindəndir.

Təhsil naziri cənab Mikayıl Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayında məruzəsində bütün bu istiqamətlər üzrə görüləcək işlərdə ön planda dayanan insan amilinin əvəzolunmaz missiyası göstərilir. O qeyd etmişdir ki, sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirmək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur.

Göründüyü kimi, sənəd öncə ölkəmizin inkişafına yönəldilmiş gələcəyə fəlsəfi baxışdır. Daha sonra bu baxışların həyata keçirilməsinin zəruriliyini və alınacaq nəticələrin, ümumiyyətlə, qabaqcıl ölkələrin standartlarına uyğun gələn və milli dəyərləri yaya bilən keyfiyyət səviyyəsinə çatdırılmasını göstərən konseptual sənəddir.

Strategiya indiyə qədər qazanılmış nailiyyətlər bazasında irəli sürülən yeni tələblərin və elmi-texniki tərəqqinin, cəmiyyətin müasir inkişaf səviyyəsinin aktuallaşdırdığı düşüncə və həyati bacarıqların mahiyyətini açmaqla yeni dövrün yeni təhsil sisteminin formalaşdırılmasını nəzərdə tutur. Son illərdə təlim prosesində yeni metod və texnologiyalardan istifadə etməklə fəal, təşəbbüskar, müstəqil düşünə bilən insanların yetişdirilməsi cəhdi diqqəti cəlb edir. Strategiya mövcud şəraiti çoxəlaqəlilik və inteqrativ yanaşma ilə mobilləşdirməyi, müasir insanın sadəcə fəal deyil, kreativ düşüncəyə malik olmasını, milli və beynəlxalq səviyyədə rəqabətədavamlılığını, özünütəsdiqin və özünütanıtmanın normal münasibətlər səviyyəsinə çevrilməsini nəzərdə tutur. Bütün bunlar metodoloji yanaşmadan irəli gəlir.

Yeni mərhələyə və yeni keyfiyyət göstəricilərinə necə çatmaq olar? Bu sualın cavabı strategiyada praktik yönümlü işlərin görülməsində öz həllini tapır. Bunlar hansılardır? Yüksək təhsil səviyyəsinə malik, ölkənin intellektual potensialının əsasını təşkil edən peşəkar və səriştəli kadrların hazırlanması; iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gerçək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı.      

İdarəetmə ilə əlaqədar strategiyada irəli sürülən metodoloji və praktik əhəmiyyətli baxışın nəzərdən keçirilməsi tam yeni yanaşmanın təqdimatını üzə çıxarır. Strategiyada oxuyuruq: "Təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir.

İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir".

Elə bilirəm ki, əlavə şərhə ehtiyac yoxdur. Çünki burada konkretlik, aydınlıq, perspektivlilik, hədəfəçatma yönəlişliyi sübutlu-dəlilli göstərilmişdir.

İdarəedənlərin, eləcə də tədris prosesi iştirakçılarının fəaliyyət nəticələrinin dəyərləndirilməsi, həmçinin zay məhsula görə cavabdehliyinin, məsuliyyətinin önə çəkilməsi, heç şübhəsiz, təhsil sistemində keyfiyyətin yüksəldilməsinə təsir göstərəcəkdir. Bununla bağlı strategiyada strateji istiqamət olaraq nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması nəzərdə tutulur.

Sənəddə təhsil sisteminin vahid orqanizm kimi səciyyələndirilməsi, məktəbəqədər təhsildən başlamış diplomdansonrakı təhsil prosesinə qədər bütün parametrlər üzrə yeniləşdirilməsi, yeni infrastrukturların yaradılması təhsildə tamlıq və sistemliliyi ortaya qoyur. 

İntellektuallıq, həyati bacarıqların yüksək səviyyəsi hələ insanın kamilləşməsi demək deyildir. Bunun üçün böyüyən nəsil əxlaqi-etik, fiziki, estetik, ekoloji, iqtisadi, hüquqi, əqli və digər tərbiyəvi keyfiyyətlərə yiyələnməli, dini-mənəvi dəyərləri öyrənməli, ümumiyyətlə, kulturoloji mədəniyyətə sahib olmalıdır.

Təhsil naziri cənab Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında bu cəhətə diqqət yetirərək demişdir: "...biz pedaqoji təlimi təhsilin ikinci əsas funksiyasından - tərbiyədən ayırmamalıyıq, uşaqlarımızı erkən yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Birinci sinifdən şagirdlərdə mərdlik, məsuliyyət, yoldaşlıq, Vətənə məhəbbət, millətə, xalqa bağlılıq kimi keyfiyyətlər aşılanmalıdır. Şagirdlərin mənəvi aləmi bu keyfiyyətlər üzərində qurulduğu zaman müəllim bir tərbiyəçi kimi öz məqsədinə çatmış hesab oluna bilər".

Təhsilin inkişafını müəyyənləşdirən Dövlət Strategiyasının metodoloji mahiyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sırf praktik əhəmiyyət daşıyır.  Bu, ciddi məsələlərdən biridir. Müəyyənləşdirilmiş, görüləsi işlər metodoloji əsasa söykənməzsə, şəffaflıq, işgüzarlıq, peşəkarlıq və səriştəlilik, dövlət-ictimai xarakterin təmin edilməsi, məsuliyyət cavabdehliyinin dönmədən həyata keçirilməsi lazımi tələbkarlıqla yerinə yetirilməzsə, alınacaq nəticələrin müddəti uzana bilər. 

Fikrimcə, sənəddə "Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır", - fikrinin ifadə edilməsi praktik işlərin görülməsi üçün metodoloji əsasdır.

Bu günlərdə strategiya haqqında söhbətlər, müsahibələr, verilişlər diqqəti cəlb edir. Lakin bunlar nə qədər ki, praktik yönümdə tətbiqini tapmır, sadəcə danışıqlardan ibarət olaraq qalır. Konkret fəaliyyət proqramı - işlək mexanizm hazırlanana qədər də sağlam mühit yaratmaq üçün mövcud problemlər sürətlə öz həllini tapmalıdır. Kurikulum sənədlər toplusu qəbul edildikdən sonra "öyrədənləri öyrədənlər" anlayışı meydana çıxdı, təlimlər keçirilməyə başlandı. Bu proses bu gün də davam edir. Bu sahədə keyfiyyətli nəticələrlə yanaşı, pedaqoji prosesə yaxından bələd olmayan, hətta iş təcrübəsi olmayan bəzi gənclərin "öyrədən" rolunda çıxış etməsi yalnız formalizmlə nəticələnir. Bu cür təlimlər sadəcə İKT-dən istifadəni, təlim metodlarına yeni yanaşmaları öyrətməklə kifayətlənməməlidir. Əvvələn, öyrədən peşəkarlıq və səriştəlilik nümayiş etdirməli, təhsildə tarixilik, varislik və müasirlik prinsipini gözləməli, dərsdə pedaqoji-psixoloji, metodiki situasiyaları səciyyələndirməli, öyrətməni şəxsiyyətyönümlü aparmalıdır.

Yekun olaraq qeyd etmək istərdim ki, Dövlət Strategiyasının həyata keçirilməsi mexanizmi və onun reallaşdırılması eyni dərəcədə mühüm əhəmiyyət daşıyır.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov