Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Qlobal baxışdan milli hədəflərə

 

Cəsarət VALEHOV,
fəlsəfə doktoru, dosent

[email protected]
 

Müasir universitetlərdə akademik qloballaşma ali təhsilin məzmununu yeni trendlərə uyğun dəyişir: universitetlər təkcə diplomları ilə tanınmır, həm də insanlara sərhədləri aşmağı öyrətməlidir. Yeni gerçəklik isə ali təhsil məkanının qaynaqlarını səfərbər etməyə təşviq edir. Bu baxımdan təhsilin inkişafı üzrə Dövlət Strategiyası ali təhsilin yeni inkişaf üfüqlərini açır. Strategiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, hansı ölkələr  öz təhsilalanlarına  ən çox lazım olan bilik və bacarıqları  verir, həmin ölkələr digərləri ilə rəqabətdə daha öndədir. Obrazlı desək, indi var-dövlət və zənginlik üçün bədənin boğazdan yuxarı hissəsini işlətmək lazımdı. Bu məntiq bütün dünyada diqqəti universitetlərə yönəldir.

Əslində Azərbaycan müəllimlərinin XIV qurultayında təhsil naziri Mikayıl Cabbarovun ali təhsilin qarşısında duran yeni tələblərlə bağlı fikirləri, qlobal baxışdan milli hədəflərə doğru  universitet missiyasının yeni invariantlarının təqdimatı idi. Bu təqdimatın əsas sualı "XXI əsrdə universitetlər hansı missiyanı daşıyır?" idi.

Bu gün universitet anlayışının əsas zəmini kimi istifadə olunan "universe" termini kainat, aləm, dünya qarşılığını ifadə edərək əsrlər boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini, sivilizasiyaların intibah çevrəsini müəyyənləşdirmişdir. Dünyada modern universitet anlayışı yeni biliklərin, innovativ düşüncənin, çevik alqoritmik təfəkkürün toplandığı və istehsal olunduğu yerdir. Çünki universitet inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə düşüncələrini ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, uzlaşdırıcı, digər tərəfdən fərqli və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin perspektiv viziyonunu müəyyənləşdirmək  missiyasına sahibdir. Bu gün dünyanın inkişaf standartlarının Avropadan qaynaqlanması ideyası bu qitənin klassik universitet ənənəsinə sahib olması ilə bağlıdır. Sirr deyil ki, dünyanın intibah modulları vaxtilə Şərqdə, sonradan isə  Avropa universitetlərində cızılmışdır.

 Müasir dünyada  ali təhsilin yeni rolu dövlətin öz gələcəyini hansı trendlərə uyğun qurmaq istəyi ilə dərk olunur. Əməyin, xammalın önəmli faktor kimi təsirinin azaldığı, əksinə bilik və bacarıqların daha üstün yerə gəlməsi ilə paradiqmalar da dəyişir. Bu dəyişikliklər təkcə insan biliyinə fokuslanmır, həm də biliyin istehsal olunduğu təsisatların da yenidən təşkilini tələb edir. Yenidən təsisatlanma həm də millətin gələcəyini necə görmək istəməsi və bunu proqnozlaşdırması amilləri ilə sıx bağlıdır. Ali təhsildə yeni meyarların yaranması və transformasiya prosesi universitetlərin bu öhdəliyi necə yerinə yetirməsi ilə şərtlənir. Bunun üçün də universitetlərin tarixən keçdiyi yola nəzər salaraq gələcəyin viziyonunu müəyyənləşdirmək və sosiomədəni transformasiyanı həyata keçirmək üçün ondan tələb olunanları müzakirə müstəvisinə  gətirmək vacibdir. Bu yanaşmada milli statuslu  universitet  sözün təkcə hərfi mənası ilə deyil, milli inkişafın yeni strateji hədəflərinin müəyyən olunmasında, ölkənin qlobal rəqabətqabiliyyətlilik immunitetinin qorunmasında, insan kapitalının keyfiyyətcə yeni mərhələyə hazırlanmasında və dövlətin yüksək rifah səviyyəsinə malik ölkəyə çevrilməsində nüvə rolunu oynamalıdır.

Müasir dünyada universitetlərin 3 əsas fəaliyyət sahəsi vardır: təlim-tədris, araşdırma-inkişaf və xidmət. Yeni universitet paradiqması ali təhsil müəssisələrinin öz maliyyə və intellektual qaynaqlarını əldə edə bilən, nəşrləri, istinad olunma faizi, beynəlxalq tələbə və müəllim əməkdaşlığı imkanları, məzunların iş tapa bilmə nisbəti və layihələrdə çalışmaq miqyası ilə şərtlənir. Qlobal universitet fəlsəfəsi dünyanı bütöv fəaliyyət sahəsi kimi görür. Universitetin əsas amacı da insanlara sərhədləri aşmağı, təşəbbüskar olmağı öyrətməkdir. Bunun üçün də aşağıda qeyd olunan bir sıra məqamlar nəzərə alınmalıdır:

* Tələbə mobilliyi və beynəlxalq akademik proqramlarda iştirak edə bilən müəllim heyətinin olması, məsafədən təhsilə üstünlük verilməsi;

* Universitet idarəçiliyi şəffaflaşmalı, tələbə təşəbbüslərinə imkan verilməlidir;

* Çoxdilli tədris-tədqiqat mühiti yaradılmalı, multimedia tədris vasitələrinin coğrafiyası genişlənməlidir.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, ölkəmizdə universitetlərin üzərinə düşən missiyanın yenidən dəyərləndirilməsi və təhsil-tədqiqat-innovasiya məkanı olaraq  yeni diskursa cəlb olunması çox vacibdir.

XXI əsrin universiteti insanları öz ixtisaslarını daim təkmilləşdirməyə istiqamət  verməlidir. Bunu doğuran hipotezlərdən başlıcası budur ki, biliklər cəmiyyətində sadəcə olaraq universitet məzunu olmaq yetərli deyildir. Formal, informal təhsilin təşviq edilməsi, problem həll edə bilən, gerçək dünya problemlərinə yanaşmada daha doğru həllər ortaya qoymaq bacarıqları yeni əsrin universitet məzununu transdisiplinar (fənlərarası əməkdaşlığa) zehniyyətə kökləyir.

Azərbaycanda demoqrafik amil  - əhalisinin 66 %-nin  35 yaşınadək gənclərin təşkil etməsi faktı universitetlərin üzərinə ciddi öhdəliklər qoyur. Onu da nəzərə alsaq ki, bu cür demoqrafik üstünlük həmişə davamlı  olmur, o zaman biz yeni universitet viziyonunu daha dərindən müzakirə etməliyik. Bu zaman təhsilin məzmun, idarəetmə  və tədqiqat zəminində dəyişikliklərin olması qaçılmazdır.

Yeni universitet gerçəkliyi 

Qloballaşma və rəqabət mühitində universitetlər dünyaya açılma strategiyalarını zamanın şərtlərinə uyğun qurmağa başlamışlar. Ümumiyyətlə, universitetlər cəmiyyətin inkişafının müxtəlif dövrlərində sosiumun  ideallarının gerçəkləşməsində mühüm rol oynamışlar. Məşhur tədqiqatçı Stiv Fuller "Bu ideal nədir?" sualına belə cavab verirdi: "Cəmiyyətin rifahı naminə biliklərin universallaşması amili".

Məhz ali təhsil sisteminin yenidən qurulması üçün isə bir sıra alt-standartları müasir təhsil viziyonuna uyğun layihələndirmək vacibdir. Bunları aşağıdakı kimi təsnif etmək olar:

* Bütövlükdə təhsildə, xüsusilə də ali təhsildə informasiyanın və biliyin yerinə, ömürboyu sürəkli öyrənmə, təhsilin mərkəzinə fərdi və peşə inkişafını, reflektiv düşünməni və tətbiq etməni gətirmək;

* Universitetlərdə disiplinə əsaslanan fundamental elm sahələri ilə yanaşı, mövzu ağırlıqlı fənlərarası tədrisə üstünlük vermək;

* Bir-birindən fərqli və əlaqəsi olmayan çoxsaylı fakültələri əhatə edən böyük universitet əvəzinə, konkret təyinatlı universitet anlayışına keçid; burada xüsusi yanaşma ondan ibarətdir ki, ayrı-ayrı universitetlərin adlarını deyil, orada daha üstün fakültə, departament örnəklərini seçmək faydalıdır. Azərbaycan miqyasında baxsaq, universitetlərin gələcək viziyonunun müəyyənləşməsində, dünyada ölçmə meyarlarına yanaşmada, reytinq ölçmə modulundan daha çox şəbəkələşmə kriteriyasını dəyərləndirmək;

* Veb texnologiyalarının tətbiqi ilə universitet mühitində şəbəkələşməni genişləndirmək.

XXI əsr universitet anlayışına yeni çalarlar əlavə edib. Elmi biliklərin qazanılmasında sərhəd faktorunun itdiyi bu əsrdə universitet - innovativ ideyaların,  deməli, həm də yeni sivilizasiyanın əsas düşüncə mənbəyi hesab olunur. Sürətlə dəyişən dünyada  həm də forma və məzmun baxımdan yeni nəsil universitetlər yaranır. Bu paradiqmaya əsas dəyər olaraq üstünlük verən ölkələr gələcək şokunu daha rahat qarşılayır və milli özünütəsdiq immuniteti qazanırlar.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov