Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Müasir tərbiyənin əsas məqsədi

 

 Müasir təhsil insanın şəxsiyyətini formalaşdırır. Təlimdəki yenilikləri dərindən mənimsəyən hər bir müəllim tərbiyədə də yeni metodlardan istifadənin vacib olduğunu bilir. Eyni zamanda, insanın bir şəxsiyyət kimi formalaşması ilk olaraq ailədən başlayırsa, valideyn də, müəllim də, necə deyərlər,  külüngü bir yerə vurmalıdırlar!

Təbii ki, hər zamanın da öz tələbi var. Hələ texnologiyanın olmadığı dövrlərdə uşaqlar daha çox eşitdikləri ilə tərbiyələnirdilər. Müasir dövrdə isə onlar yüz dəfə eşitməkdənsə, bir dəfə hər hansı nümunəni, əməli görmək istəyirlər. Lakin müəllimin dedikləriylə göstərdiyi şəxsi nümunə üst-üstə düşməzsə, təbii ki, onun verdiyi tövsiyələrin yeniyetmə tərəfindən qəbul edilməsi də  çətin olacaq.

Uşaqlarla söhbət zamanı onlara diqqətlə qulaq asmaq, mənalı cavablar vermək, dostluq, mehribanlıq, vətənpərvərlik mövzusunda olan filmlərə baxmasına şərait yaratmaq tərbiyə işinə müsbət təsir göstərir.

Müasir tərbiyə metodları sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird, şagirdlərin öz aralarında və məktəblə ailə arasında münasibətlərin düzgün qurulmasına imkan yaradır.

Hər bir keyfiyyət bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğundan insanı da hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır. Vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi. Bu baxımdan müəllim və tərbiyəçi ilk növbədə şagirdin xüsusiyyətlərini aşkara çıxarmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır.

Şagird şəxsiyyətinin təşəkkülündə eyni zamanda düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmaq  lazımdır.

Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Deməli, şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Məhz motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Elə müasir tərbiyənin də əsas məqsədi bu məsələdən keçir.

Məsələn, uşağa "dərsini oxumalısan!" deməkdənsə, dərs oxumağın, bilikli olmağın faydalarını ona izah etmək, müxtəlif faktlarla onda elmə həvəs yaratmaq daha faydalı nəticə verir.

Hər yaşında uşağa şəxsiyyət kimi hörmət və sayğıyla yanaşmaq lazımdır. Xüsusilə, yeniyetməlik dövründə daha diqqətli olmaq məsləhət görülür. Bu hörmət isə təkcə davranışlarda deyil, onun  fikirlərinə hörmətdə özünü daha çox göstərməlidir. 

Əslində, ən yaxşı metod belə, uşaqları sevmədən effektiv ola bilməz. Axı onlar bizim ömrümüzün davamıdır... 

Məqsəd isə yalnız bir uşağın gələcəyini, həm də uğurlu gələcəyini təmin etmək yox, ümumən cəmiyyətin gələcəyini qurmaqdır. Bunun üçün təkcə savadlı mütəxəssis deyil, həmçinin çox dəyərli vətəndaş, əsl insan formalaşdırmalıyıq. Çünki, cəmiyyət də ancaq həqiqi insanların çiyinləri üzərində dayanır! Unutmayaq ki, hər bir xalqın rifahı uşağın düzgün tərbiyə olunmasından çox asılıdır.  

Səba HƏSƏNOVA,
Bakıdakı 124 nömrəli  tam orta məktəbin riyaziyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov