Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Psixoloq məsləhəti

Əllərin söylədikləri

 

Tədris zamanı müəllimin əl hərəkətlərinə diqqət edənlər dərsi daha yaxşı qavraya bilərlər  

Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu

 

Mühiti incə bir şəkildə qavramaq 

Müəllim əli ilə ya izah etdiyi mövzuya həssaslıq qazandırmağa, ya da mövzu ilə əlaqəli gücünü göstərməyə çalışır. Bəzən beynindəki sualın cavabını tapa bilmədikdə, amma ona çox yaxın olduğunda bu axtarışı, sanki, havanı tutmuş kimi göstərir.

 

Mühiti güclü bir şəkildə qavramaq 

Müəllim güclü qavrama jestini, bir mövzudakı qərarlılığını göstərmək üçün bu əl formasından istifadə edir. Sıxılmış yumruqla dərsin izah edilməsi şagirdin diqqətini cəlb edir və onu həyəcanlandırır.

 

Əllərin qayçı kimi bir şəxsdən kənar tərəfə açılması 

Bu çox şiddətli bir rəddetmə ifadəsidir. Müəllim bu xarakteri ilə ya sinifdəkilərlə arasına düşməncəsinə bir sədd çəkdiyini, ya da təklif edilən şeyləri qətiliklə qəbul etmədiyini  ifadə edir.

 

 

Əlin yumruq olaraq istifadə edilməsi 

Yumruq insanı qoruyan təbii bir silahdır. Yumruq sadəcə üzə və  qarına vurulmaz. Yumruq təhdidedici formada istifadə edilə bilər. Yumruq stola qoyula və yumşaq bir hərəkətlə havada tutula bilər. Yumruğu stola vurmaq kobudluq, duyğulara hakim ola bilməməyin işarəsidir. Əllərlə edilən ən təcavüzkar hərəkət budur. Sıxılmış bir yumruğu havada yellədən adam müdafiə etdiyi fikrə qarşı çıxıldığı vaxt, mübarizənin hansı şəkildə davam edəcəyinə şübhə qalmır.

 

Barmağın havaya qalxması 

Əlin sıxılaraq şəhadət barmağının havaya qalxması və qarşıdakı şəxsi göstərməsi şagirdlərdə müqavimət və narahatçılıq meydana  gətirir - təhdid və güc ifadə edən bir hərəkətdir. Şagirddə bu, narahatçılığa  qarşı çıxmaq, deyilənin əksini etmək istəyi meydana gətirir və müəllimə qarşı qəzəbli olmasına səbəb olur.

Şəhadət barmağımızı uzadıb şagirdi günahlandırarkən, digər üç barmağın bizi göstərdiyini unutmamalıyıq.

Bu görünüş qarşımızdakı insanı günahlandırdığımız mövzuda bizim də öz məsuliyyət dərəcəmizi düşünməyimiz baxımından əhəmiyyət kəsb edir.

 

Ovucun yuxarı baxması 

Bu vəziyyət "Müəllim son dərəcə nəzakətli bir şəkildə şagirddən onun fikri ilə razılaşmasını istəyir" deməkdir.

Müəllimin bir fikri, təklifi, təəssüratı və ya dəvəti açıq əl jesti ilə etməsi onun qarşı fikirlərə və təkliflərə də hazır olduğunu göstərir.

 

Ovucun aşağı baxması 

Bu davranış, artmış olan gərginliyə nəzarət etmək istəyən, soyuqqanlı bir yanaşma formasıdır. Belə bir jest tətbiq edən şəxsə, qarşı tərəfdə müqavimət meydana gətirməyən bir üstünlük verir.

 

İki əlin ovuclarının qarşı tərəfə baxması 

Bu hərəkət, müəllimin qarşı tərəfdən gələn təklif və müzakirələrə qarşı çıxmasıdır. Şagirdlə özü arasında aşılmaz bir divar hörmüşdür. Bu davranışın məqsədi qarşı tərəfi saxlayıb, öz sərhədlərinə daxil olmasının qarşısını almaqdır.

 

İki əlin ovuclarının sinəyə doğru açılması 

Bu jest, qarşıdakı şagirdin fikirlərini qəbul   edərək, onunla razılığa gəlmək arzusunu əks etdirir.

 

Əllərin bir-birinə keçirilməsi 

Ümumi olaraq xoşagəlməz bir şeyin, xəyal qırıqlığının əlamətidir. Əgər dərsi izah edərkən şagirdin maraq sahəsi xaricinə çıxdınızsa və artıq ona müraciət etmirsinizsə, o zaman şagirdin əlləri partanın üstündə bağlanmış və əllərinin getdikcə yuxarı qalxdığını görəcəksiniz.

 

Əllərin öndə və arxada birləşməsi 

Əllərin arxada birləşdirilməsi insanın özünə güvəndiyini və ətrafa meydan oxuduğunu xatırladır. Gizlədəcək və qorxacaq bir şeyin olmadığını qarşı tərəfə göstərirsiniz.  Əlləri bədənin arxasında bükmək gücü təmsil edən polis, müəllimlər və zabitlər arasında bir jestdir.

Ümumiyyətlə, bu, dəhlizdən keçən məktəb müdiri yerişidir. Əksər hallarda bu vəziyyət sinənin önə verilməsi, çiyinlərin qaldırılması və burunun yuxarı qalxması  ilə tamamlanır.

Əllərin öndə birləşməsi isə itaəti və özünə inamsızlığı  göstərir və adətən, boyunun əyilməsi, bədənin bükülməsi və çiyinlərin aşağı düşməsi ilə müşayiət olunur. Qarşıdakı insana "başıma vur, çörəyimi al" mesajını vermiş olur.

 

Məlumatlı vəziyyət 

Bu vəziyyət, daha çox, müəllimə "mən bilirəm" görünüşünü verir. İki əlin barmaqları birləşdirilir, burun azca yuxarı qaldırılır, baxışlarda və üz xətlərində mövzuya tam sahiblik olur.

Bu hərəkəti etdikdə sinfinizdəki şagirdiniz sizin mövzuya tam hakim olduğunuzu və mövzu haqqında çox şey bildiyinizi düşünəcəkdir. Ancaq diqqətli olmaq lazımdır. 45 dəqiqəlik dərs ərzində bu vəziyyəti davam etdirsəniz, tənəffüsdə dəhlizlərdə sizi təqlid edən şagirdlərlə qarşılaşacaqsınız.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov