Azərbaycanda təhsil standartları və strategiyalarının
tətbiq olunduğu bir zamanda Təhsilin Keyfiyyətinin
Qiymətləndirilməsi Sisteminin yaradılması çox vacib
məsələlərdən biridir. Bu baxımdan qarşımızda belə bir
məsələ durur: təhsil müəssisələri üzrə müvafiq
standartlara uyğun olan elə bir tədris nəticələrinin
obyektiv məlumatverici sistemi yaradılmalıdır ki, məhz
onun nəticələri əsasında təhsildə idarəetmə qərarları
qəbul olunsun.
Təhsilin müasir idarəetmə sistemi təhsil müəssisəsi və
tədris prosesi haqqında ənənəvi məlumat toplanma
sistemindən pedaqoji monitorinqə (yəni müvafiq idarəetmə
qərarlarının vaxtında verilməsi üçün təlim və tədris
prosesinin gedişatını, inkişafını və dinamikasını
izləmək məqsədilə xüsusi təşkil olunmuş, məqsədyönlü və
davamlı izləmə-monitorinq sisteminə) keçid almalıdır.
"Monitorinq" anlayışının meydana çıxması informasiya
cəmiyyəti ideyalarının formalaşması və inkişafı ilə
bağlıdır və bu sistemin dərhal yaradılması təhsil
sahəsini mürəkkəb sahə olduğu üçün bir çox çətinliklərlə
üzləşdirdi. Monitorinqin məqsədi təhsil müəssisəsində
gedən bütün dəyişikliklərin vaxtında və sürətli şəkildə
müəyyən edilməsidir. Əldə olunan obyektiv məlumatlar
təhsili idarəedənlər üçün düzgün qərarlar verməyə
əsasdır.
Təhsil prosesinin bütün iştirakçıları monitorinqin
subyektləri sayılır. Təhsildə onların iştirakı
müxtəlifdir, lakin onların hər birinin (müəllim,
şagirdlər, cəmiyyət, valideynlər) məlumat əldə etmək və
o məlumatı təhlil etmək hüququ var. Tədris prosesi və
onun nəticələri, tədris prosesində bütün iştirakçıların
şəxsi xüsusiyyətləri, onların ehtiyacları və təhsil
müəssisəsinə münasibətləri monitorinqin obyektləri
adlandırılır.
Təlim nəticələrinin qiymətləndirilməsi sisteminin əsas
xüsusiyyətləri (alətlərinin inkişafına dair xüsusi
yanaşmalar, görülən işlərin xüsusiyyətləri, nəticələrin
təqdimatı və s.) bu sistemin qarşısına qoyulan məqsəd və
vəzifələrlə müəyyən edilir. Əksər hallarda, təlim
nəticələrinin qiymətləndirilməsi sisteminin qarşısında
əsas məqsəd - obyektiv məlumatın əldə edilməsi qoyulur.
Təlim nəticələrinin qiymətləndirilməsində aşağıda qeyd
olunanları nəzərə almaq lazımdır:
- şagirdlərin fərdi tədris nailiyyətləri (durumu və ya
artım dinamikası), attestasiya (şagirdin müvafiq təhsil
səviyyəsi haqqında təsdiq), şagirdlərin fərdi
nəticələrinin korreksiyası, növbəti təhsil pilləsinə
keçid;
- sinfin tədris nailiyyətlərinin qiymətləndirilməsi,
müəllim və ya məktəbin fəaliyyətini qiymətləndirmək üçün
məktəbin tədris nailiyyətlərinin qiymətləndirilməsi,
təlim və tədris prosesinin təkmilləşdirilməsi;
- təhsilin keyfiyyətini və inkişaf tendensiyalarını
qiymətləndirmək üçün ayrı-ayrı regionlarda və ya
bütövlükdə ölkə miqyasında şagirdlərin nailiyyətlərinin
monitorinqi.
Təhsilin idarə edilməsində təlim nəticələrinin
qiymətləndirilməsi sisteminin təhlil kriteriyaları da
böyük rol oynayır. Beləliklə, təhsilin idarə olunmasında
qiymətləndirmə sisteminin təhlil kriteriyalarını da
nəzərə almaq lazımdır.
- Qiymətləndirmə sisteminin tətbiqindən əvvəl
şagirdlərin hansı səviyyədə və hansı bilik və
bacarıqlara malik olmaları aydın şəkildə müəyyən
edilməlidir;
- Standartlara cavab vermək üçün qiymətləndirmə
sisteminin prioritet məqsədi tədrisin və öyrənmə
prosesinin təkmilləşdirilməsi olmalıdır;
- Şagirdlərin səviyyəsinə qoyulan tələblər,
qiymətləndirmənin alətləri və prosedurları, eləcə də
nəticələrin istifadəsi bütün şagirdlər üçün eyni
olmalıdır (xüsusi ehtiyacları olan şagirdlər istisna
olmaqla);
- Müəllimlər qiymətləndirmə sisteminin hazırlanmasında
və həyata keçirilməsində iştirak etməlidirlər;
- Qiymətləndirmənin proseduru və nəticələri hamı
(şagirdlər, müəllimlər, müdirlər, valideynlər, təhsili
idarəedənlər və digər istifadəçilər) üçün aydın
olmalıdır;
- İstifadə olunan qiymətləndirmə sistemi davamlı şəkildə
təkmilləşdirilməlidir.
Amerika Birləşmiş Ştatlarında bütün ölkə üzrə NAEP
(National Assessment of Educational Progress) adlanan
təhsilin keyfiyyətinin monitorinqini aparan bir sistem
mövcuddur. Onun əsas məqsədi təhsilin nəticələri
haqqında məlumat əldə etmək, nəticələrdə gedən
dəyişiklikləri izləmək, təhsilin güclü və zəif
tərəflərini müəyyən etmək və s.dir. Bu məlumatlar
əsasında təhsili idarəedənlər artıq hansı istiqamətdə iş
görəcəklərini dəqiq planlaşdırırlar və nəticədə təhsilin
idarə edilməsi asanlaşır.
Təhsildə təlim nəticələrinin monitorinq sistemini qurmaq
üçün aşağıdakı suallar xüsusi rol oynayır:
- Yeni qurulacaq sistemin hansı məqsədlə istifadəsi
nəzərdə tutulur? Nə qiymətləndiriləcək?
- Nəticələr nə dərəcədə obyektiv və etibarlı olacaq?
Onların şərhi mümkündürmü?
- Bu nəticələr əsasında hansı qərarlar veriləcək?
- Alətlərin işlənilməsində və qiymətləndirmə zamanı
hansı problemlər yarana bilər?
Təhsilin idarə edilməsində ən vacib köməkçilərdən biri
olan qiymətləndirmə və monitorinq sisteminin təşkili
üçün bir neçə perspektiv yanaşmadan da istifadə etmək
olar:
- tədris nailiyyətlərinin daxili və xarici nəzarət
birləşməsi; şagirdlərin biliklərinin məcburi (minimum)
və yüksək səviyyəsinin bərabər qiymətləndirilməsi;
müəllimlərin təlim nəticələrinin nəzarətinə daha geniş
cəlb olunması; müasir test nəzəriyyəsi çərçivəsində
testlərin yazılma texnologiyasının istifadəsi; testlərin
keyfiyyətini təmin edən mexanizmlərin yaradılması;
təhsilin keyfiyyətinin monitorinqində və şagirdlərin
attestasiyasında istifadə olunan testlərin yazılmasında
ictimai və professional ekspertizanın iştirakı. Bu
problemin həllini biz müasir informasiya
texnologiyalarından geniş istifadədə görürük. Məsələn,
TİMS bu sahədə böyük yardımçı ola bilər.
Bir sıra elementlərin müntəzəm olaraq bir-biri ilə
əlaqəli olması müvafiq vahid bir sistem adlandırılır.
Hamı və yaxud çoxluq tərəfindən qəbul edilmiş bir sistem
olmasa, insan fəaliyyətinin istənilən sahəsində müsbət
dinamikanın əldə edilməsi mümkün deyil. Təhsilin
monitorinq və qiymətləndirmə sisteminin nəzəri modelinin
yaradılması təhsildə keyfiyyətin idarə edilməsi
istiqamətində ilk addım olmalıdır.
Beləliklə, təhsilin düzgün istiqamətdə idarə edilməsi
üçün güclü monitorinq və qiymətləndirmə sistemi
yaradılmalıdır ki, tezliklə gördüyümüz işlərin
nəticələrini görək və qiymətləndirək. Qiymətləndirmə
növbəti fazaya keçid, bu isə inkişaf deməkdir.
İlhamə RƏHİMOVA,
Təhsil Nazirliyi yanında Dünya Bankının (LƏQ)
monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi |