Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Yetkinlik yaşına çatan uşaqlarla diqqətli davranmaq lazımdır

 

Mən 15 ildən artıqdır ki, Bakı şəhərində yerləşən Zəngilan rayon 33 nömrəli orta məktəbdə psixoloq işləyirəm. Zəngilan rayonu 20 ildir ermənilər tərəfindən işğal olunub. Zəngilanlılar 20 ildir ki, respublikanın müxtəlif bölgələrində, xüsusən Bakı şəhərində kompakt şəkildə məskunlaşıblar. Yataqxanalarda yaşayıb, həmin yataqxanada yerləşən məktəbdə təhsil almağın özü uşaqlarda müəyyən psixoloji təzyiqlər yaradır. Çünki uşaqlara dərs keçən müəllimlərin əksəriyyəti həmin yataqxanada yaşayıb. Baxmayaraq ki, indi təhsil alan uşaqlar Bakıda dünyaya göz açıblar, lakin Zəngilanda doğulub boya-başa çatmış  gənclərin davranışlarında, hərəkətlərində fərqlilik hiss olunmur. 30 ildən artıq pedaqoji stajım imkan verir ki, bunu qiymətləndirim.

Şagird məktəbdə intizam qaydalarına riayət etmirsə, deməli onunla müəllim arasında anlaşılmazlıq var. Heç bir halda şagird şəxsiyyətinin alçaldılmasına yol verilməməlidir. Müəllim şagirdi diqqətlə dinləməli, şagirdin qarşılaşdığı hər hansı bir problemi varsa, onun aradan qaldırılmasına çalışmalıdır və yaxud özünü elə göstərməlidir ki, onun probleminə biganə deyil.

Şəxsiyyətin inkişafının korreksiyası xoşagəlməz halların qarşısının alınması üçün əlverişlidir. Tək psixoloq deyil, bütün şagird və müəllim kollektivi birlikdə işləməlidir.

Ümumiyyətlə, çətin uşaq yoxdur. Uşağın çətin olmasının səbəbi onun əhatə olunduğu mühitdə, valideynlərin övladlarına verdiyi tərbiyədə buraxılan səhvlərdir. Bu səhvlər uşaqlarda ərköyünlük, qarşı tərəfə biganəlik kimi vərdişlər yaradır. Valideyn tərəfindən uşağa təzyiq olunduqda onlarda aqressivlik başqalarına qarşı hörmətsizlik, həqarət yaranır.

Mən məktəbdə bu kimi halların qarşısını almaq üçün valideyn və müəllimlərlə fərdi söhbətlər aparır, uşaqların şəxsiyyət kimi yetişdirilməsi üçün onlarla sıx əməkdaşlıq edirəm. Valideynlərlə, sinif rəhbərləri ilə mütəmadi söhbətlər müsbət nəticəsini göstərir.

Hər bir şagird idrak fəaliyyətinə, emosional sabitliyə, iradəyə, xarakterə görə müxtəlifdir. Psixoloq kimi bu istiqamətdə işi təşkil edir, pedaqoji kollektivin köməyindən yararlanıram. Şagirdlərin yaşları artdıqca, davranışları da müsbətə doğru dəyişir.

Təhsil prosesində şagirdlərdə dünyagörüşü, əxlaqi vərdişlər formalaşdırılır, onların əqli və mənəvi inkişafı xarakterləri təşəkkül tapır. Öz fəaliyyətimdə psixoloji elmlərin nailiyyətlərindən istifadə edirəm. Yeniyetməlik dövründə beyin yetkin səviyyəyə çatır və uşaq konkret düşünmə dövründən daha mücərrəd anlayışların qəbul edildiyi bir dövrə keçir. Ona görə də müəllimlərə tövsiyə edirəm ki, yetkinlik yaşına keçən uşaqlarla daha diqqətli davransınlar, çünki əks halda xoşagəlməz hallarla üzləşə bilərlər. Müəllimlər səbrli, təmkinli, xoşrəftar olmalıdırlar.

Pedaqoji iş yaradıcı olduğundan onun nailiyyəti sosial-psixoloji şərtdir. Valideyn və müəllimlərlə psixoloq kimi əməkdaşlıq daha səmərəli olur. Psixoloq kimi şagirdlərin pis hərəkətlərinə görə dərhal cəzalandırılmasına yol verməməyi tövsiyə edir, daha çox onlarla səbrli davranmağı, hörmətini saxlamaq üçün bütün pedaqoji bacarıqlarını sərf etməyə çağırıram.

Hamıya aydındır ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir, həmişə məcburi köçkünlərə böyük qayğı və diqqət göstərib. Bir neçə aydır ki, Masazır qəsəbəsində zəngilanlılar üçün yaşayış evləri, məktəb tikilərək istifadəyə verilib. Pedaqoji kollektiv bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirir. 

Məlahət NAĞIYEVA,
Bakı şəhərində fəaliyyət göstərən Zəngilan rayon 33 nömrəli orta məktəbin psixoloqu

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov