Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Firidun bəy Köçərli - 150

İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi

 

Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər.  

İlham ƏLİYEV 

2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam oldu. F.Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın füsunkar diyarlarından biri olan, bu gün nankor qonşularımız erməni millətçilərinin işğalı altında qalan Şuşa səhərində anadan olmuşdur. F.Köçərlinin həyatı və elmi-pedaqoji fəaliyyətinin əsas dövrü, həm də ən məhsuldar illəri demək olar ki, 1876-cı ildə Gürcüstanın Qori şəhərində əsası qoyulmuş, tarixə Qori Müəllimlər Seminariyası kimi daxil olmuş, Zaqafqaziya Müəllimlər Seminariyası (ZMS) ilə bağlı olmuşdur.  

Məhz buna görədir ki, F.Köçərlinin həyatı və yaradıcılığından söhbət düşəndə təbii olaraq ilk növbədə Qori Müəllimlər Seminariyası göz önündə canlanır. Məlum olduğu kimi, XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda, o cümlədən Azərbaycan kəndlərində təşkil edilən və açılması nəzərdə tutulan dövlət məktəblərinin müəllim kadrlarına, xüsusilə də azərbaycanlı müəllimlərə olan ehtiyacı  azərbaycanlılar üçün ayrıca seminariya və ya şöbənin təşkilini həyati zərurət kimi qarşıya qoydu.

Bu zərurət hökuməti müəllimlər seminariyaları haqqında olan ümumi qanundan kənara çıxmağa, seminariyaların bəzisində nəinki təkcə "provoslavların", həm də xristian olmayan digər millətlərin nümayəndələrinin də oxumasına icazə verməyə məcbur etdi. Bütün bunlar onunla nəticələndi ki, 1879-cu il sentyabrın 23-də Qori şəhərindəki ZMS nəzdində ayrıca bir şöbə - Azərbaycan şöbəsi açıldı. Azərbaycanlılardan müəllim kadrları hazırlamaq kimi tarixi rol həmin şöbənin öhdəsinə düşdü. İlk dəfə seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 24-ü A.O.Çernyayevski (1840-1894) tərəfindən yerlərdə seçilərək dəvət olunmuş, qalanları isə öz arzusu ilə gəlmişdi. Onlardan 19-u şöbənin əsas siniflərinə, 13-ü isə hazırlıq sinfinə qəbul olundu. Seminariyaya ilk qəbul olunanlar içərisində gələcəyin məşhur pedaqoqlarından S.Vəlibəyov, F.Köçərli, R.Əfəndiyev və başqaları var idi. İlk dəfə qəbul olunanlardan üçü Naxçıvan qəza məktəbindən, 13 nəfəri, o cümlədən F.Köçərli isə Şuşa şəhər məktəbindən idi.

Onu da qeyd etmək yerinə düşər ki, ilk dəfə təşkil edilməsinə baxmayaraq, Azərbaycan şöbəsinin tələbələri qəbul imtahanlarında elə ilk ildən fərqlənirdilər. Rəsmi sənədlərdən birində oxuyuruq: "Çernyayevskinin tələbə toplamaq məqsədilə qəsdən ezam edilərək yerlərdə tələbə seçməsi və qismən imtahan etməsi nəticəsində azərbaycanlıların seminariyaya daxil olmaq üçün hazırlaşan xristianlardan ümumiyyətlə yaxşı imtahan vermələri aşkar olundu". Qəbul olunmaq istəyənlərin sayı get-gedə artırdı. Qafqaz Tədris Dairəsinin inspektoru L.N.Modzalevski (1837-1896) 1880-ci ildə Tiflisdə nəşr edilmiş "1802-ci ildən 1880-ci ilə qədər Qafqazda tədris işinin gedişi" adlı əsərində yazır ki, bu şöbənin birinci qəbuluna əsasən, şəhər və qəza məktəblərini bitirənlərdən 60-a qədər gənc azərbaycanlı gəlmişdi. Bunlar rus dilinə o qədər bələd idilər ki, onlardan bir neçəsi hətta birbaşa seminariyanın ikinci sinfinə daxil ola bildi. Bu şöbənin ilk açılışı zamanı gözləniləndən daha çox tələbənin gəlməsi və müvəffəqiyyətlə qəbul imtahanı verməsi gələcəkdə müsəlmanların seminariyaya cəlb edilməsi üçün süni tədbirlərin aradan qaldırılmasına əsas verdi.

Çarizmin ucqarlarda xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar Azərbaycan şöbəsinin Azərbaycandan uzaqda, Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili XIX əsr müəllim kadrları hazırlığında yeni bir mərhələ təşkil edir. Bu şöbə təkcə Azərbaycan deyil, bütöv Cənubi Qafqazdakı Azərbaycan kənd məktəbləri üçün xalq müəllimləri hazırlığında mühüm rol oynadı. Həmin məzunlar Azərbaycanda xalq maarifinin məşhur carçıları, dünyəvi təhsilin ən fəal intişar etdiriciləri oldular. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil almışlar.

Fəaliyyət göstərdiyi təxminən 40 il ərzində 250-dən artıq xalq müəllimi hazırlayan bu tədris ocağı şərəfli bir yol keçmişdir. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqogikasının görkəmli nümayəndələrinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübələrindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif, mədəniyyət və incəsənət carçıları!

Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olmuş, müəllim sənətinin, öz peşəsinin vurğunu olmuş, xalqa bilik verməyi qarşısına məqsəd qoymuş, özlərini xalq yolunda şam kimi əridən neçə-neçə cavanlar! Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib İlyasov, Əhməd Seyidov, Teymur Quliyev və onlarca başqaları. Birincilər seminariyanın otaqlarına ilk qədəm qoyanlar, sonuncular şöbənin sonbeşikləri. Hər biri bir tarixi şəxsiyyət, hər biri bir sənətkar, hər biri bir ustad!

Bütün bunlara görə mübaliğəsiz demək yerinə düşər ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişlərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün həmin xidmətləri göstərmişlər. Onlardan biri də 150 illik yubileyini qeyd etdiyimiz Firidun bəy Köçərlidir.

F.Köçərli ilk təhsilini 1874-cü ildə təşkil edilmiş Şuşa 4 sinifli şəhər məktəbində almışdır. Həmin məktəbin III sinfində oxuyarkən A.O.Çernyayevski tərəfindən Qori Müəllimlər Seminariyasına aparılmış və seminariyanın hazırlıq sinfinə qəbul olunmuşdur. 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına Azərbaycan dili müəllimi vəzifəsinə təyin edilmişdir.

F.Köçərli burada 10 il işləmiş, özünün hərtərəfli və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənmişdir.

F.Köçərli Qafqaz Tədris Dairəsi popeçitelinin 1895-ci il 30 oktyabr tarixli əmrilə Qori Müəllimlər Seminariyasına dəyişdirilmişdir. Burada rus yazıçı və şairlərindən tərcümələr etmiş, dövri mətbuatda çıxış edərək təlim-tərbiyə və təhsil probleminin bir çox cəhətlərinə aid faydalı fikir və mülahizələr söyləmişdir.

F.Köçərlinin ədəbi-estetik görüşləri kimi, pedaqoji və metodiki görüşləri də mütərəqqi rus pedaqoji fikrinin müsbət təsiri altında formalaşmışdır. Ömrünün sonuna qədər müəllimlik edən F.Köçərli 1910-cu ildə həm də seminariyanın Azərbaycan şöbəsinin müdiri təyin edilmişdir. Onun təşəbbüsü ilə həmin şöbə 1918-ci ildə Qazağa köçürülmüş və F.Köçərli, 1920-ci ilə qədər Qazax Müəllimlər Seminariyasının müdiri olmuşdur.

1920-ci ildə Gəncədə öldürülmüşdür.

F.Köçərlinin tələbəsi olmuş, seminariyanın sonbeşiyi adlandırdığımız professor Əhməd Seyidov (1892-1977) deyərdi: 1920-ci ildə F.Köçərlini Gəncədə həbs etmişdilər. Həmin ilin may ayında Azərbaycan İnqilab Komitəsinin sədri kimi Bakıya gələn N.Nərimanov öz müəlliminin həbs edildiyi xəbərini alır və dərhal Gəncə şəhərinə aşağıdakı məzmunda teleqram göndərir: "Firidun bəy Köçərli dərhal azad edilsin!". Bu iş ilə məşğul olan milliyyətcə erməni müstəntiqi teleqramı gizlətmiş və gecə ikən onu Gəncə çayının sahilinə gətirərək orada qətlə yetirmişdir.

Bu işlə bağlı N.Nərimanova isə məlumat verirlər ki, teleqram gec çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında 14 fevral 2013-cü il tarixli sərəncamında deyildiyi kimi, Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.

F.Köçərli mədəniyyət tariximizə ilk öncə Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlərin müəllifi kimi daxil olmuşdur. Onun 1903-cü ildə rus dilində nəşr etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı", həmçinin 1908-ci ildə yazdığı, lakin yalnız 1925-1926-cı illərdə çap edilmiş 2 cild 4 hissədən ibarət olan məşhur "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı dəyərli tədqiqat əsərləri qiymətli mənbə kimi bu gün də öz dəyərini saxlayır.

F.Köçərli eyni zamanda tərcüməçilik fəaliyyəti də göstərmişdir. O, "Təlimati-Sokrat" kitabını (1881), A.S.Puşkin, M.Y.Lermontov, A.B.Koltsov və A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F.Axundzadənin "Aldanmış kəvakib" əsərini isə rus dilinə tərcümə etmişdir.

Azərbaycan uşaq ədəbiyyatının inkişafında da onun mühüm xidmətləri olmuşdur. 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" adlı əsəri bu cəhətdən xarakterikdir.

F.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dili, təlimin ana dilində aparılması ideyası mühüm yer tutur. Özünün sələfləri olan A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi, S.Ə.Şirvani, M.Şahtaxtlı və müəllim A.O.Çernyayevski, müasirləri olan S.Vəlibəyov, R.Əfəndiyev və başqaları kimi F.Köçərli də bütün həyatı boyu ana dilinin qorunub saxlanılması,  ana dilində məktəb ideyasının inkişafı yolunda yorulmadan çalışmış və zəngin irs qoymuşdur.

Azərbaycan xalqı əsrlər boyu ana dilində danışmaq, ana dilində yazmaq və bu dili yaşatmaq, saflığını qorumaq uğrunda mübarizə aparmışdır. Böyük Füzuli deyib ki, mən ərəb dilində ona görə yazıram ki, bu dildə təhsil almışam, fars dilində ona görə yazıram ki, bu dildə yazmaq dəbdədir, Azərbaycan dilində ona görə yazıram ki, bu mənim ana dilimdir.

Bəzi müasirlərindən fərqli olaraq F.Köçərli İrəvan gimnaziyasında müəllimlik etdiyi zaman "Novoe obozrenie" qəzetinin səhifələrində dərc etdirdiyi ilk məqalələrində xalqın təhsil sahəsində geridə qalmasını "Quran" və din ilə deyil, mollaların savadsızlığı ilə izah edirdi. O, "Çağırılmamış qonaq" adlı məqaləsində İrandan gələn başı çalmalı mollaların xalqı cəhalətdə saxlamasının qarşısını almaq üçün düzgün təşkil edilmiş ruhani məktəbləri açılmasını faydalı hesab edirdi. Sonrakı məqalələrində daha irəli gedən F.Köçərli köhnə məktəbin tənqidi, ana dilinin təlimi məsələləri, əlifba, ana dili dərsliyi kimi mühüm məsələlər qaldırırdı.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan dilinin qorunması və yaşaması uğrunda dövrün maarifçi-ziyalıları mübarizə aparır, dilimizi bəlağətli ərəb-fars, osmanlı sözlərilə dolduran mühafizəkarlara qarşı çıxırdılar. Onlar deyirdilər ki, Azərbaycan dili nə meyxanələrdə saqilərə meyxana deyənlərin, nə də mərsiyəxanalarda mərsiyə deyənlərin dili deyil, xalqın dilidir. Xalqın dili də təmiz, aydın, qəliz sözlərsiz, körpə uşağın da ifadə edə biləcəyi qədər aydın və sadə olmalıdır. Millətin maarif işığını yandıran böyük pedaqoq Firidun bəy Köçərli 1913-cü ildə ana dilinə həsr etdiyi məqalələrinin birində yazırdı: "Azərbaycan türklərinin özünəməxsus dili var. Bizim qabil və mahir ədiblərimiz az olubdur. Amma olanlar da, ana dillərini seviblər və yazdıqlarını açıq-aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun "Nəsihətnamə"si, Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy Zakirin məktubatı, Hacı Seyid Əzim Şirvaninin əşar və kəlamları, Həsən bəy Zərdabinin elm və fünuna dair yazdıqları kitablar və siyasi məqalələr - hər cümləsi açıq və aydın şəkildə yazılmışdır..."

Ana dilinin təlim və tərbiyəvi əhəmiyyəti məsələsində K.D.Uşinski, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvaninin tükənməz pedaqoji irsini davam etdirən F.Köçərli Azərbaycan dilini məktəblərdən sıxışdırıb çıxarmaq istəyən bəzi "maarif" çinovniklərinin qənimi kəsilmişdi.

O, ana dilində gözəl əsərlər yaradan A.Bakıxanovun, M.F.Axundovun, H.Zərdabinin, S.Ə.Şirvaninin ana dilini cani-dildən sevmələrini, açıq və aydın yazmalarını nümunə göstərir, ana dilinin saflığı uğrunda mübarizə aparırdı. O, dərsliklərdə "ata", "ana", "yaxşı" kimi çoxişlənən əziz sözlərin "dərman üçün belə axtarılsa tapılmaması"nı "müqəllidlik və rəftar millətə xəyanət" hesab edirdi.

F.Köçərli ana dili məsələsində iki cəbhəyə qarşı mübarizə aparırdı. Bir tərəfdən ruslaşdırma siyasəti yeridən ilminskiləri, miropiyevləri, levitskiləri, digər tərəfdən isə doğma ana dilimizə "pozğunluq salanları" kəskin tənqid atəşinə tuturdu. Əlifba məsələsindəki qüsurları da bunun üstünə gələn Köçərli yazırdı: "İndiyədək mənəvi tərəqqimizə mane olan illət bir isə, indi iki olur. Bir tərəfdən hürufat qüsuru, digər tərəfdən dil qüsuru əlimizi və ayağımızı bağlayıb qoymur ki, irəli gedək". F.Köçərli "dilin dolaşıqlığını fikrin dolaşıqlığı" kimi qiymətləndirir, "ibarəpərdazlıq fikrin boşluğuna və bir dərəcədə yoxluğuna dəlalət eyləyir" - deyirdi. O, millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirdi ki, "dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın".

K.D.Uşinskinin məlum fikirlərinə "bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz" - sözlərilə qol-qanad verən F.Köçərli "Ana dili" adlı məşhur məqaləsində yazırdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayesi mənziləsindəndir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir".

Əvvəlki maarifçilər kimi F.Köçərli də ərəb əlifbasının təlim işində törətdiyi əngəllərə biganə qalmamış, onun qüsurlarını açıb göstərmiş, M.F.Axundovun başladığı işə ürəkdən tərəfdar olmuş və onu davam etdirmişdir.

F.Köçərlinin mühüm xidmətlərindən biri də Azərbaycanın görkəmli şair və yazıçıları ilə bərabər məşhur müəllim və məktəbdarlar haqqında da müfəssəl məlumat verməsidir.

F.Köçərli müəllimliyi özünə peşə seçib, ömrünün sonunadək bu peşəyə sadiq qalanları yüksək qiymətləndirirdi.

F.Köçərli S.M.Qənizadənin dörddə bir əsr xalq maarifi yolunda ləyaqətlə çalışdığını yüksək qiymətləndirir, böyük hünər hesab edirdi. O yazırdı ki, 25 il xalq maarifi yolunda çalışmaq böyük hünərdir. "Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir".

F.Köçərlinin təqdir etdiyi pedaqoq-maarifçilərdən biri məhz öz müəllimi - Azərbaycan xalq müəllimlərinin ilkin dəstəsinin hamisi və tərbiyəçisi, ZMS Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski, digəri isə K.D.Uşinskinin Zaqafqaziyada ardıcıllarından olan məşhur gürcü pedaqoqu və maarifçisi Y.S.Qoqebaşvili idi.

F.Köçərlinin pedaqoji fikirləri içərisində tədris planı, proqram və dərsliklərlə bağlı olan bir çox maraqlı cəhətlər də vardır ki, onlar bu gün də öz aktuallığını saxlayır.

Milli məktəbdarlarımızdan Q.Zakir, Abdullabəy Asi, S.Ə.Şirvani, M.F.Axundov, Kazım ağa Salik, İsmayılbəyov Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi "xoşbəxt şairlər və dəqiq ədiblərin meydana gəldiyini" xüsusi qeyd edirdi. O, bu halı milli məktəblərimizin müvəffəqiyyətli cəhətləri ilə yanaşı, həm də millətimizin mərifət qabiliyyəti, təbii istedad sahibi olması ilə izah edirdi.

F.Köçərli xalqın ehtiyaclarını ödəmək, dərdinə çarə axtarmağın yolunu da göstərməyə səy edir və deyirdi ki, hər şey əql ilə, hünər, qeyrət və birlik ilə, səy və cəhd ilə, elm və mərifət nuru ilə əldə edilir. Bir maarifçi-demokrat kimi F.Köçərlinin göstərdiyi əsas, həlledici çıxış yolu xalqı maarifləndirməkdən, mədəniləşdirməkdən ibarət idi. XX əsrin başqa maarifpərvər-demokratları kimi o da ictimai bəlaların kökünü cəhalətdə, nadanlıqda, elmsizlikdə görür, maarifə, elmə xalqı azadlığa çıxaran bir vasitə kimi baxırdı. O, xalqı qəflət yuxusundan ayıltmağa cəhd edir, S.Ə.Şirvaninin "nadanlıq dərdinin dərmanı elmdir", "hər kimin elmi var, o  insandır" müddəasını təbliğ edirdi.

F.Köçərli millətin naxoşluğunu müalicə edənlərə, xalqı cəhalət qaranlığından işıqlığa çıxaranlara - müəllimlərə ümid edirdi. O yazırdı ki, "müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər".

O haqlı olaraq qeyd edirdi ki, müəllim məktəbin canı və içində olduğu camaatın çırağı məqamındadır. Müəllim öz peşəsini sevsə, öz şagirdlərini övladı kimi istəsə, onların təlim və tərbiyəsinə can yandırsa, əhalinin gözünü açmağa və xeyir yetirici biliklər ilə onları həyata hazırlasa böyük kəramətlər göstərər və xalqın rəğbət və hörmətini qazanar. Köçərli belələrinə misal olaraq İsabəy Abakarov ilə Əhmədağa Mustafayevi göstərirdi.

F.Köçərlinin fikrincə, müəllimlərin öz sevimli peşələrindən uzaqlaşmasının başlıca səbəblərindən biri də onların ehtiyacının ödənilməməsi ilə, həddən ziyadə az məvacib almaları ilə izah olunur.

"Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizə etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi çalışır ki, özgə bir xeyirli işin və mənfəətli kəsbin dalısınca getsin".

F.Köçərli nəinki kənd məktəbləri, həm də gimnaziyalar üçün müəllim hazırlığında nəzərəçarpan ciddi qüsurları tənqid edir, onun fikrincə, "gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb... kamil müəllim yetirən darülmüəllimlərin yoxluğudur, o institutlar və darülmüəllimlər ki, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmamışdır. Onlarda pedaqogika elminə dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogika fənni və elminin babası sayılan Yan Amos Komenskinin və İohan Henrix Pestalotsinin  adlarını eşitmiş olsunlar.

F.Köçərli bu qənaətə gəlir ki, əgər müəllimlərin dərdinə çarə edilər, əmək haqqı artırılarsa, onlar da çalışacaqlar ki, öhdələrinə götürdükləri uşaqların təlimi və tərbiyəsi kimi mühüm vəzifəni və borcu layiqincə icra etsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbət göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar".

F.Köçərli ümidsiz deyildi. O, Azərbaycan xalqının tərəqqisinə böyük inam bəsləyirdi.

F.Köçərlinin adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi daxil olmuşdur.

Bütün bunlarla bərabər, F.Köçərli Qori Müəllimlər Seminariyasının təşkili ilə əlaqədar sövti üsul ilə meydana gələn dərslikləri, ilk növbədə A.O.Çernyayevskinin 1882-ci ildə nəşr olunmuş "Vətən dili"ni (I hissə, Tiflis, 1882) yüksək qiymətləndirmişdir. "Bu dərsliklər o zamana qədər fars dilində mövcud olan çərəkə əsasında, yəni hərfləri höccələmək üsulu ilə dərs keçən Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ gətirdi" - deyən Köçərli tamamilə haqlı idi.

F.Köçərlinin əsərlərində R.Əfəndiyevin "Uşaq bağçası", "Bəsirət-ül-ətfal" kitabları, orfoqrafiya qaydalarının az-çox qaydaya salınmasında N.Nərimanovun "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", A.Y.Talıbzadənin qrammatika dərsliyi yüksək qiymətləndirilir.

Onun özünün "Balalara hədiyyə" (1912) adlı kitabı bir tədris vəsaiti rolunu oynamışdır.

F.Köçərlinin əsər və məqalələrində qadın təhsili, rus dilinin əhəmiyyəti, tərbiyə məsələlərinə aid çoxlu və qiymətli fikirlər vardır.

F.Köçərli pedaqoji fəaliyyəti ilə bərabər ədəbi və publisistik məqalələri ilə dövrünün bir çox vacib elmi-pedaqoji, ədəbi və metodiki problemlərinə aid bu gün də əhəmiyyətini itirməyən fikirlər söyləmişdir.

1885-1895-ci illərdə İrəvan gimnaziyasında Azərbaycan dili müəllimi vəzifəsində işləyən unudulmaz maarifçi Firidun bəy Köçərlinin tərtib etdiyi proqram özünün elmiliyi və əhatə dairəsinin genişliyi ilə daha çox diqqəti cəlb edir.

Bununla bağlı bir cəhəti qeyd edək ki, F.Köçərlinin tədqiqatçıları (akademik B.Nəbiyev, S.A.Əzimova və b.) bu proqramın tam mətnini əldə edə bilməmişlər.

Bəkir Nəbiyev "Görkəmli tədqiqatçı və ədəbiyyatşünas" adlı əsərində (Bakı, 1963, səh. 42) F.Köçərlinin tərtib etdiyi "Azərbaycan dili" proqramı haqda yazır: "Ermənistan SSR Mərkəzi Dövlət Tarix Arxivində rast gəldiyimiz həmin proqramın şərti olaraq giriş hissəsi adlandıracağımız bircə parçası qalmışdır".

Xoşbəxtlikdən keçən əsrin 70-ci illərində İrəvan Mərkəzi Dövlət Tarix Arxivində işləyərkən həmin proqramın tam mətnini əldə etmək bizə nəsib oldu. Həmin proqram hazırda Ermənistan Respublikası MDTA-də, surəti isə bizim şəxsi arxivimizdə saxlanılır.

Qeyd etmək yerinə düşər ki, o zamanlar Azərbaycan dili təkcə Zaqafqaziyada deyil, bütöv Yaxın və Orta Şərq ölkələrində əsas ünsiyyət vasitəsi olduğundan bu dilin tədrisi dövlət məktəblərində oxuyan bütün millətlərdən olanlar, o cümlədən ruslar üçün də məcburi fənn hesab edilirdi. F.Köçərli proqramın giriş hissəsində bu cəhəti ayrıca vurğulayaraq yazır ki, gimnaziyada tatar dilini (Azərbaycan dilini) təkcə tatarlar deyil (onlar üçün bu dili öyrənmək məcburidir), həm də ruslar öyrənirlər. Məsələn, keçən il hazırlıq sinfində tatar dilini öyrənən 12 şagirddən 7-si, bu il isə 13 şagirddən 9-u ruslardır.

Odur ki, tədris fənni kimi tatar dili bir qrup şagirdlər üçün ana dili, digərləri üçün isə xarici dildir. Hazırlıq sinfində işləmək asandır, çünki müsəlman şagirdlər gimnaziyaya daxil olarkən ana dilində yazmağı və oxumağı bacarmırlar. Ona görə də tatar dilinin təlimi bütün siniflə, həm tatarlar, həm də qeyri-tatarlarla birlikdə aparılır. Təlim əlifbadan başlanır.

Azərbaycan dilinin tədrisinə dair proqram tərtib etməyin tarixçəsi belə olmuşdur: Belə ki, 1886-cı ilə qədər Qafqazdakı dövlət məktəblərində öyrədilən yerli dillərin, o cümlədən Azərbaycan dilinin proqramı yox idi. Bu dillərin tədrisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə QTD-nin popeçiteli K.Yanovski 1886-cı il mayın 10-da bütün məktəblər direksiyalarına sərəncam verərək qarşıdakı yay tətili zamanı yerli dil müəllimlərinin proqram tərtib etmələrini, həmin proqramların məktəblərin pedaqoji şuralarında müzakirə və təsdiq edildikdən sonra QTD-nə göndərilməsini tapşırdı. Popeçitelin bu sərəncamı ilə əlaqədar olaraq Bakı, Gəncə, İrəvan,  Tiflis, Quba,  Göyçay,  ZMS-nin  Azərbaycan   bölməsi, Kürdəmir, Salyan və s. kəndlərdəki dövlət məktəblərinin Azərbaycan dili müəllimləri proqram tərtib etdilər. O cümlədən, İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi vəzifəsində işləyən gənc Firidun bəy də həmin proqramı tərtib etmişdir.

Köçərli bu proqramı 1886-cı ilin axırlarında, yəni müstəqil müəllimliyə başladığı ilk dövrlərdə yazmışdır. O zaman nisbətən az təcrübəli olan gənc müəllimin dövrü üçün mütərəqqi üsul sayılan sövti-üsuldan istifadə etdiyi görünməkdədir.

Həmin proqramda Köçərlinin təqdir etdiyi pedaqoji prinsip induktiv olub, təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə qaydasına əsaslanır. Bu isə, öz növbəsində, keçilən materialın şagirdlər tərəfindən mənimsənilməsi üçün ən yaxşı təminat yaradır.

Proqram aşağıdakı hissələrdən ibarətdir: giriş hissəsi, hazırlıq sinfi, yazılı təmrinlər (Çernyayevskinin "Vətən dili" dərsliyi əsasında), birinci sinif, ikinci sinif.

Proqramın giriş hissəsində müəllif Azərbaycan dilinin tədrisi, bu dilin təkcə azərbaycanlılar üçün deyil, həm də digər millətlərdən, o cümlədən ruslar üçün məcburi fənn olmasını qeyd edir. Proqramda müəllifin pedaqoji və metodiki fikirlərini əks etdirən "yazılı təmrinlər" bölməsində deyilir: "Tədris üsulu sövti-üsul olub sintetik yolla aparılır. Əvvəlcə tələffüzü asan, yazılışı sadə olan hərflər haqqında şagirdlərə məlumat verilir. Hər bir hərf şəkilcə nə qədər sadə olsa da, müəllim tərəfindən qəşəng və səliqəli xətlə sinif lövhəsinə yazılır. Onun yanında isə irəliki dərslərdə öyrədilmiş hərflərdən təzə hərfə oxşayan və ona yaxın olan bir hərf yazılır. Şagirdlər bu hərfləri müqayisə edir, onların oxşar və fərqli cəhətlərini göstərir, əvvəlcə lövhədə, sonra isə öz dəftərlərində yazırlar. Bunun ardınca şagirdlərə tərkibində təzəcə öyrəndikləri hərf olan söz verilir, axırda həmin sözlərdən cümlə tərtib olunur".

Dövlət məktəblərində çalışan Azərbaycan dili müəllimlərinin hazırladıqları proqramlar Tiflisdə Mərkəzi Dövlət Arxivində saxlanılır. Biz bu proqramları saf-çürük edərək belə qənaətə gəldik ki, bu proqramlar içərisində daha çox diqqəti cəlb edən F.Köçərli ilə Şamaxı şəhər məktəbinin müəllimi S.Əzimin göndərdiyi proqramdır. Doğrudur, S.Əzimin proqramı cəmi bir səhifədən ibarətdir. Buna baxmayaraq həmin proqram sadədən mürəkkəbə prinsipi ilə tərtib edilmişdir. Səs üsuluna əsasən tərtib edilmiş bu proqram o zamanlar şəhər məktəbinin tələblərinə tam münasib idi.

F.Köçərlinin tədris etdiyi proqram isə özünün elmiliyi ilə fərqlənir, pedaqoji və metodiki baxımdan daha yüksək idi.

F.Köçərli həmin proqramında Azərbaycan dilinin öyrədilməsində A.O.Çernyayevskinin "Vətən dili" dərsliyinin əsas götürülməsini ayrıca vurğulayır və proqramın əsas bölmələrindən birini məhz dərslik kimi A.O.Çernyayevskinin "Vətən dili" adı ilə qeyd etmişdir. O, birinci sinifdə oxu materiallarının ilk öncə "Vətən dili"ndən, sonralar isə Vəzirovun "Müntəxəbat"ından istifadə etməyi lazım bilirdi.

Məşhur rus şairlərinin kiçik şeirlərini isə Həsənəli xan Qaradağlının İ.A.Krılovun təmsillərindən etdiyi tərcümələr əsasında öyrənməyə-əzbərləməyə  üstünlük verirdi.

Beləliklə də ikinci sinfin sonunda şagirdlər müstəqil oxumağı və diqtə əsasında daha ciddi məqalələri rus dilinə tərcümə edərək yazıb-oxumağı bacarmalı idilər.

Ümumiyyətlə, F.Köçərli öz müəllimi A.O.Çernyayevskinin "Vətən dili" dərsliyini yüksək qiymətləndirir, istər azərbaycanlı şagirdlərin, istərsə də rusların bu dili öyrənməsində "Vətən dili"ni əvəzsiz mənbə, nümunəvi dərslik hesab edirdi. O, A.O.Çernyayevskinin vəfatının 20 illiyi ilə əlaqədar 7 dekabr 1914-cü ildə "Kaspi" qəzetində dərc etdirdiyi məşhur məqaləsində yazırdı ki, türk-tatar  sistemli dillərdə danışan xalqlar arasında ilk dəfə sövti-üsulla dərs keçmək təşəbbüsü bilavasitə həmin dərslik və Qori seminariyası ilə bağlı olmuşdur. O, yazmışdır: "Tamam islam aləmində bu təşəbbüs birinci dəfə Azərbaycanda ortaya çıxmışdır. Ana dili təlimində ondan istifadə edilməsi Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Azərbaycan ziyalılarının bütöv bir nəsli bu kitabdan dərs almışdır".

Məhz bunun nəticəsi idi ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanlar, 1981-ci ilin oktyabrında A.O.Çernyayevskinin anadan olmasının 140 illiyinin qeyd edilməsi ilə əlaqədar qəbul edilmiş qərarda "Vətən dili" dərsliyinin dil tədrisində Şərqdə ilk dəfə tətbiq edilən səs metodu əsasında tərtib edilməsi xüsusi qeyd olunmuş, "Vətən dili" dərsliyinin hər iki hissəsinin faksimile və transliterasiya qaydasında suvenir şəklində hazırlanıb çap edilməsi Dövlət nəşrkomu ilə birlikdə Ali və Orta İxtisas Təhsili Nazirliyi və Maarif Nazirliyinə tapşırılmışdır. 2007-ci ildə "Vətən dili" dərsliyinin birinci hissəsinin nəşr edilməsinin 125 ilinin tamam olması ilə əlaqədar bu sətirlərin müəllifi tərəfindən həmin dərslik ərəb əlifbasından müasir əlifbaya çevrilərək çap edilib oxucuların istifadəsinə verildi. Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti N.D.Nikandrov başda olmaqla, akademiyanın böyük bir dəstəsinin də iştirakı ilə Bakıda bu kitabın 125 illiyinə həsr edilmiş beynəlxalq konfrans da bu sahədə uğurlu tədbirlərimiz kimi tarixə daxil olmuşdur.  

Hüseyn ƏHMƏDOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov