Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun
Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22
yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda
iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində
səfərdə olub.
Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi
nazir və ya nazir müavini səviyyəsində təmsil olunub.
Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində
nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil
müəssisələrinin nümayəndələri də tədbirdə iştirak
ediblər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov forum
çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə
ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda
təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı
əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan
azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüş zamanı
tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri
problemlər və məzun olduqdan sonra Azərbaycanın
inkişafına verə biləcəyi töhfələr müzakirə edilib. |